ata, oğul və müqəddəs Coker naminə

 ata, oğul və müqəddəs Coker naminə

…çəkdiyi filmlə, Todd Filips, anti-tərbiyənin heyranları olan valideynlərin özləriylə bu filmə baxmağa gətirdiyi, komikslərə təbii tələbatı olan balacaların şüurunu “darmadağın etmək” ehtimalına malikdir. Artıq, “Xilaskarın” Betmən deyil, bəlkə elə Coker olduğu fikirləri beyinləri məşğul edəcək. Həm uşaqlar, həm də böyüklər üçün, doğrudan da “xilaskar”, Coker ola bilər.

 

2018-ci ilin layihəsi olan “Mariya Maqdalina”-dan sonra Hoakin Feniks və Hildur Qudnadottirin növbəti sehrkar dueti yaddaşlarda hələ çox qalacaq. Qısa zaman kəsiyində (2018-2019) həm “Xilaskar”, həm də “İblis” olmaq Hoakinin cəsarətli peşə adamı olmağından xəbər verir. Onun, bütün karyerası boyu ekranın “bu tərəfində” oturanlara zillənən laqeyd baxışları Coker filmində həqiqi mətləbini tapdı. Film boyu, Cokerin qəh-qəhələrinə sanki layla çalan Hildur Qudnadottirin violonçelini isə, əslində elə həmin qəh-qəhələrin Qotemə triumfuna səbəblərdən biri də hesab etmək olar.

 

Filmdəki cəmiyyətin yuxarı və aşağı təbəqəyə bölgüsü şüur və təhtəlşüur anlayışını xatırladır. Freydə görə təhtəlşüur, şüura qarşı gələ biləcək qüdrətli bir qüvvədir. Freydin nəzəriyyəsinə inansaq, üçüncü bir qat da mövcuddur. Həmin üçüncü qat, şüurun hüdudlarından kənardadır. Belə çıxır ki, o, şüura tabe deyil. Nə zaman, nə edəcəyi bəlli olmaz. Filmdəki üçüncü qat şəhəri başmış siçovullardır. Onlar, yuxarı təbəqəylə aşağı təbəqə arasındakı nazik, lakin sərt pərdəni yavaş-yavaş gəmirib yoxa çıxardanda, Cokerlər meydana gəldi. Bəli, əslində, filmdə bir deyil, sayı bəlli olmayan, sevdiyi peşəsiz, atasız, döyülüb-söyülmüş… Cokerlər ordusu mövcuddur.

 

Müəlliflər, bu filmi ərsəyə gətirməklə, bir növ, xalq arasında məşhur olan “12 imama ağlayanda, bir yezidə də ağlayarlar” ifadəsini aktuallaşdırdılar. Cokerin qəhq-qəhələrində xeyirlə şərin sərhəddi itir. Onun illyuziyaları bizim reallığa, bizim gerçəkliyimiz onun illüziyalarına çevrilir. Artıq onun beynində hər şey bir-birinə qarışıb. Təhtəlşüurda baş verən çaxnaşmalar şüura sirayət etməyə başlayır. “Dəlilər şəhərində” baş verən xaosa baxmayaraq, ata – Veyn, əsabələriylə kefindən qalmır. “Rahiblərin” gözündən yayınıb, “allahların məclisinə” daxil olan Coker, çöldəki qarma-qarışıqlıqdan tamam fərqli bir aləmə düşür. Lakin burda onun həmişə ehtiyacı olduğu atasıyla təkbətək görüşmək imkanı var. Məhz bu görüşdən sonra indiyə qədər bizə məlum olan Coker doğulur. Bəli, Cokeri müqəddəs Məryəm deyil, məhs Allah doğur. Müqəddəs məryəmin doğduğu Artur Flek idi.

 

Gotemi isə həqiqətən “dəlilər şəhərinə” bənzətsək, yanılmarıq. Onun vecinə də deyil, içində nə baş verir. O, sadəcə baş verənlərə yuxarıdan tamaşa edir. O, nəhəng bir kilsəyə bənzəyir. Divarları arasında hər şey baş verir, zorakılıqdan tutmuş təlxək “din xadimi”  Mürrey Franklinin şousuna kimi.

 

Müəlliflər, əbədi xəyanətkar İudanı da diqqətdən kənarda qoymayıblar. Filmin əvvəlində Artur Flekin “halına acıyan” Rendal ona qorunmaq üçün tapanca verir və sonra… sonrası Arturun etibarını darmadağın edir. Amma, bu səfər “İuda” cəzasını əsil Tarantinosayağı alır. Tod Filipsin Tarantinoya hörmət əlaməti olaraq göstərdiyi “İudanın” ölüm səhnəsi  böyük ürəkli balaca Qarisiz bayağı olardı. Yaxşı ki Artur, qaranlıq Qotemdə işıqlı Qarini tanımışdı. Çünki Qari, cəmiyyətdə fərqli olduğuna görə aldığı “sığallara” baxmayaraq, həmişə Artura qarşı mərhəmətli olmuşdu. Arturun Coker yaddaşında xoş xatirə kimi qala biləcək yeganə “epizod”, bəlkə də yalnız Qari idi. Lakin, Artur da Qariyə borclu qalmadı. Yekəpər Rendalla süpürləşib əldən düşməsinə baxmayaraq, özündə güc tapıb, birtəhər ayağa qalxdı. Və qapını açıb, Qarini layiq oluğu hörmətlə yola saldı.

 

Arturun anasıyla bağlı uydurulmuş gerçəkləri eşitməsi epizodu, bizi əslində müqəddəs Məryəmin hekayəsini bir daha yadımıza salmağa məcbur edir. Atan saydığın birindən, illər boyu səni böyüdən tənha qadın haqqında bu sözləri eşitmək nəinki Arturu, Bryus Veyni də Cokerə çevirə bilərdi.  Artur Fleklə Bryus Veynin görüşü insanı İblisin də Allahın oğlu olduğu düşüncəsinə gətirir. Lakin atayla görüş səhnəsi film boyu yığılmış bütün pazlların yanlış yerə qoyulduğunu göstərdi.  Ata, oğlundan imtina edir, necə ki, nə vaxtsa, yer üzündə İsa Məsihdən imtina etmişdi. Atanın yalanı iki doğma qardaşı bir-birinə əbədi komiks düşmənlərinə çevirdi.

 

Əhsən! Filmin müəllifləri, ata, oğul və müqəddəs Coker hekayəsini danışa bildilər.

[mvc_infobox info_style=”mega_info_box_2″ info_opt=”show_icon” font_icon=”fa fa-user-circle” caption_url=”” info_title=”Müəllif”]Anar Məmmədov

[/mvc_infobox]

Filmin treyleri

Filmin saundtreki

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir