Bir həftə əvvəl Netflix Youtube kanalında “Velvet Buzzsaw” (Bənövşəyi Mişar) filminin treylerini paylaşdı. Bu yazının paylaşılma vaxtı etibarilə artıq 2 milyon yarıma yaxın baxış alıb. Baş rolda Ceyk Yilinhoolun yer aldığı film “Nightcrawler” və “Roman J. Israel, Esq”dən sonra Den Qilroyun üçüncü rejissor kimi özünü sınadığı iş olacaq.
Filmin mövzusu isə çox maraqlı və “estetik”dir. Morf Uandevalt (Ceyk Yilinhool) sənət tənqidçisidir və tez-tez dəvət olunduğu sərgilərdə səsləndirdiyi dəyərli fikirlərlə tanınır. Film Los Anceles sənət cəmiyyətini tənqid etdiyi üçün satirikdir, janrı etibarilə isə triller/qorxu filmidir. Rejissor Den Qilroy “hər bir sənətkarın öz ruhunu əsərlərinə ötürür” inancını rəhbər tutaraq filmdəki sənət əsərlərinə qorxu elementini hopdurmağı bacarıb. Elə treylerin şüarı da budur – “Hər cür incəsənət təhlükəlidir” (All art is dangerous)
Filmin digər qəhrəmanları 70-ci illərdə pank musiqiçisi olmuş, indi isə Los Ancelesin ən böyük müasir incəsənət qalereyasına sahib cazibədar Rodora Heyz (Rene Russo), bir zamanlar dünyanın ən müvəffəqiyyətli incəsənət xadimiykən alkoqolikə çevrilmiş Pyers (Con Malkoviç), qalereyanın kuratoru Qretçen (Toni Kolett) özlüyündə incəsənətdəki bir çox insanın rol modelidir. Rejissor Den Qilroy Vanity Fair jurnalına verdiyi müsahibədə qeyd edir ki, özünü müasir incəsənət həvəskarı sayır: “Müasir incəsənət həqiqətən də provokasiya və meydan oxumaq üçün yaranmış hərəkatdır. Artıq isə tamamilə böyük pulların gəlib-keçdiyi biznesdir. O, öz oxundan çıxmış bir planetdir. O, özü ilə konfliktdə olan bir dünyadır – buna görə də dramatik potensialı var. Çox güman bu dinamika başqa sənət növlərində də var. Musiqi sənəti də ola bilər, film sənəti də… Qoy bunun qərarını başqaları versin. Amma mən düşünürəm ki, incəsənətə həddindən artıq dəyər verilməsi fenomeni var.” Onun sözlərinə görə təkcə 2017-ci ilin birinci yarısında 25 sənətkar dünya incəsənət auksion satışlarının yarısında rol alıb, onlar birlikdə 1.2 milyard dollardan çox qazanıblar. Onun fikrincə bu artıq yeni istedadların üzə çıxmasının qarşısını alır.
Film haqqında isə rejissor bunları deyib: “Ümid edirəm insanlar incəsənətə artıq fərqli bir gözlə baxarlar. Həmişə musiqi dinləyəndə, film və ya heykələ baxanda başa düşürsən ki, sənətkarlar bu işlərə öz yaradıcı ruhlarını qatıblar. Məncə bu ilahi bir şeydir və bunu bir az unutmuşuq. Bu dəyərlərə qayıtmaq istərdim.”
“Velvet Buzzsaw”un premierası 27 yanvarda Sundance film festivalında olacaq. 1 fevraldan isə bəzi kinoteatrlarda və Netflix şəbəkəsində yayımlanacaq.
Cavid Ağa VarYox vebsaytının kontent meneceridir. OCMedia.org, BBC Azərbaycanca və bir sıra vebsaytlarda yazıları daimi olaraq yayımlanır.