71-ci Kann kinofestivalının qırmızı xalçası üzərində Kirill Serebrennikovun əvəzinə onun adı yazılmış plakat gedən zaman mayın əvvəli idi və yay hələ gəlməmişdi. Mənim yayım sonrakı günlərdə, mətbuata əsasən artıq rejissorun ev dustağı edilməsindən sonra montaj edilən və bitən, K.Serebrennikovun “Yay” filminə baxdıqdan sonra gəldi.
Rok, sevgi, Leninqrad
Dostlar arasında mən bu filmi “yaşaya bilmədiyimiz ən yaxşı yay” adlandırıram və Sovetlər ölkəsinin rok-n-roll hərəkatına (ən azından, biz onu təsəvvür etdiyimiz kimi) nostalji səyahəti söz verirəm. Öncədən qeyd edim ki, Kann nominasiyasına baxmayaraq, film öz janrında və ya stilistikasında ən yaxşı əsər adına iddia etmir, lakin bizlər, MDB millenialları üçün “Yay” – nadir, gözlənilən, maraqlı bir delikatesdir.
Kobud desək “Yay” o nəslin kumirlərinə həsr olunmuş romantikləşdirilmiş ithaddan ibarətdir. Gözləntilərdəki məşhur yanlışlığın əksinə, bu ən əsas sovet rokeri Viktor Tsoy haqda bioqrafik film yox, Tsoy (Teo Yu), “Zoopark” qrupunun lideri Mayk Naumenko (Roma Zver) və onun həyat yoldaşı Natalya (İrina Starşenbaum) arasındakı üç istiqamətli romana bükülmüş onun səhnə həyatının qısa, lakin həll edici hissəsinin şərhidir. Filmdəki sevgi mövzusuna daha çox diqqət etsəniz, Natalyanın sözləri ilə desək, roman məktəb dönəminin çərçivələrindən çıxmır, lakonik və şərtidir, buna görə də ekranarxası baxışa uyuşur.
Həqiqi sevgi isə tamaşaçı ilə sadəlöhv Leninqradlı utancaq oğlan obrazı arasında yaranır. Süjet xətti izafi baxımdan yüklənməyib: daha uğurlu ustadla (Maykla) kollaborasiya yeniyetmənin şair qəlbini musiqi dialoqu vasitəsilə rok-n-roll ulduzuna çevirir. Sovet ciddiliyi və sevimli musiqi sədaları altında bu dəyişikliyi izləyən tamaşaçı yəqin ki, ekranda baş verənlərdən çox öz gəncliyinə həmdərdlik edir. Məhz buna görə də, ölçü və zaman qəhrəmanları ilə ilk dəfə rastlaşan qərbli tamaşaçı üçün film, böyük ehtimal, anlaşılmaz qalacaq.
Qavranışın lokallığının əksinə, sovet Leninqradında “La La Lend”-i əsaslandırmağa məqsədlənmiş filmin yaradıcıları Boui, Lu Riddən tutmuş Led Zeppelinə qədər zəngin musiqi dekorasiyası təqdim edir. Filmdə istifadə edilən mahnılardan pleylist toplayıb dinlədikdə artıq yay istisinin bədəninə yayıldığını hiss edirsən – əsl bilicinin mükəmməl siyahısı. Buna baxmayaraq, əyri dünyanın nöqsanları bu sevincin icazəli olduğunu yaddan çıxarmağa imkan vermir. Beləliklə, Leninqrad rok-klubunun mövcudluğu birbaşa ziyarətçilərin dözümlülüyü ilə səslənən musiqinin sovet vətəndaşı üçün xeyirli olub-olmamasının nisbətindən asılıdır. Buna görə də “Səkkizinci sinif şagirdi” cinsi əxlaqsızlığın tənqidi, “Vecsiz” – tüfeyliliyin qınanması, “Mənim dostlarım” isə sərxoşluğun pislənməsi kimi qəbul edilməlidir. Azadlıq musiqisini qeyri-təbii yaşayış mühitinin qandallarından azad etmək cəhdləri uydurulmuş alqışlar və rəqslər dünyası ilə sonlanır. Rokun ram edilməsi – rejissor öz vəziyyətini bundan yaxşı göstərə bilməzdi.
Serebrennikovu “Yay”-ın çəkilişi bitməmiş həbs etdilər və öz yoxluğunu kompensasiya etmək, ideyanın çatdırılmasının bütövlüyünü pozmamaq üçün rejissor filmə animasiya parçaları əlavə edir. Lakin, musiqili kliplərdəki ağ-qara tonları durulaşdıran animasiya filmə o qədər harmonik yaraşdı və ona rəng qatdı ki, onun əlavə olmasını çətin ki, kimsə başa düşə. Bunun rejissorun ustalığının və ya kreativliyə məcbur edən şəraitin məhsulu olduğunu isə yalnız dürüst tamaşaçı deyə bilər.
Film yayımlanmamışdan əvvəl xüsusi ilə tənqidçi auditoriyanı narahat edən başqa amillərdən biri isə baş rolları oynayan aktyorların canlandırılmış qəhrəmanlara oxşamamaları idi. Ssenarinin Natalya Naumenkonun xatirələri üzərində yazıldığını və sənədli film olmadığını yaddan çıxarmış, təsvir edilən hadisələrin həqiqətə uyğun olmadığına etiraz edən musiqiçilərin müasirləri də vardı.
Təmtəraqlı tənqidçiliyə qiymət verən və özünə istehza edən Sereberennikov özünü tarixə qərq olmaqdan sığortalaya bilir. Bütün narazı olanları təcəssüm edən uydurulmuş skeptik obrazı Tsoyun əsl Tsoya bənzəmədiyini göstərir. Tamaşaçılar baş verənlərə öyrəşməyə macal tapmamış skeptik “bunlar olmayıb” cümləsi ilə bütün fantaziyaların üzərindən xətt çəkir. Necə deyərlər, bizlik bir şey yoxdur, artıq hər şey bizdən öncə tənqid edilib.
Digər yöndən baxanda isə, aktyorların ifası onların seçimini doğruldur. “Zoopark” qrupunun liderini Roma Zverin canlandırması məntiqə uyğundur. O, bu rolu olduqca səlis və yetkin oynayır. Yaraşıqlı gitaralı oğlandan prinsiplərə malik olduqca xarizmatik musiqiçi, qısqanclıqdan çox müdrikliyə üstünlük verən əsl kişi formalaşır. Rus dilində danışa bilməyən koreya-alman aktyoru Te Yu rolu da fonetik şəkildə əzbərləyir. Bu Tsoya xas olan obrazda Kim Ki Dukun obrazını görmək çətindir.
İnsanı valeh edən isə İrina Starşenbaumun simasında qadın tərəfidir – hisslərin içində qərq olmayan incə həssas şəxs. Məhz o romantik əhvalatın sütununa çevrilir və xuliqan abu-havasına zəriflik gətirir.
“Yay”-ın qəhrəmanları böyük dünyaları arzulayan qonşu blokun oğlanları tək sadə və dünyəvidirlər. Onların şıltaq gəncliyi, anderqraund musiqiyə həvəsləri, əl-qolu qandallayan qanunlara baxmayaraq özünü ifadə ruhu filmə gənclik abu-havası qatır və hər bir zəmanəyə uyğun edir. Bu uşaqların böyüyüb kim olacaqlarını bildiyimizdən, onların xuliqanlığını təbii bir şey kimi qavrayırıq. Ola bilsin ki, “Yay” movzu ilə bağlı xəyallar baxımından, əla dialoqlara sahib deyil, lakin get-gedə artan ucuz portveyn və kommunal binaların mənzillərində yığıncaqlarla bağlı nostlaji ritmi ilhamlandırır, sonluqda səslənən musiqi isə baxılanla bağlı xoş təəsürat yaradır.
“Yay” – tarixin dözəcəyi və ötəcəyi məhz həmin ibarədir. O bitməyə meyllidir, filmin nümayişi də bitəcək, payız da gəlib öz yerini tutacaq, lakin Serebrennikovun özü üçün yaxın gələcəkdə, güman ki, müsbət bir şey gözlənilmir. Azadlıq əsərinin müəllifinin barmaqlıqlar arxasında olması çox kədərli və simvolikdir, lakin sevindirici hal odur ki, heç nəyə baxmayaraq onun “Kino”-su azadlıqda gəzişir.