Hilal Baydarov (d. 1987) ilk təhsilini Türkiyədə informatika sahəsində alıb. Daha sonra Sarayevo film məktəbində məşhur macar rejissor Bela Tarrdan rejissorluq dərsləri alıb. Daha öncələr “Ad günü” və “Selimpaşada bir gün” sənədli filmlərinin müəllifi olmuş Hilalın bədii filmi “Adsız Yüksəkliklər” 20 Yanvar tarixindən etibarən Park Bulvar, Flame Towers, Metropark və Park Cinema Zaqulba kinoteatrlarında yayımlanacaq.
“Adsız Yüksəkliklər” Hilal Baydarovun ilk filmi olmasa da, rejissorun Azərbaycan kinoteatrlarında nümayiş olunacaq ilk filmidir. Daha öncə bu film Kanadanın Monreal Dünya Film Festivalı və Almaniyanın Kottbus Film Festivalında nümayiş olunub. Filmin Yanvar ayının sonlarında Şarca Film Platformunda və gələn aylarda başqa beynəlxalq film festivallarında iştirak etməsi planlaşdırılır.
Kottbus festivalının vebsaytında filmin sinopsisi belə təqdim olunub:
“Mən qorxudan yaranmışam” – Sirli bir səs özünü bu sözlərlə təqdim edir. Bu səs dağlarda təcrid halında yaşayan kiçik bir insan qrupunun başına gələn qəribə hadisələri müşayiət və idarə edir. Onun tərəfdaşı “səyyah” adlanan, səkkiz ildən sonra doğulduğu yerə qayıdan və evlərini heç vaxt tərk edib getməmiş insanlar arasında müxtəlif qorxular oyandıran gənc bir şəxsdir. Səyyah icmanın zahidlik, adət və ən güclü olanın həyatda qalması kimi xarakterizə olunan sərt və arxaik qaydalarını silkələyir. Şahmat oyunçusu kimi, o, başqalarının reaksiyalarını provokasiya edir və oyun prosesindəki məğlubiyyətləri qəbul edir.
Kamera arxasında dayanan rejissor Hilal Baydarov özünün bu filmində təkəbbürün, birgəyaşayışın və iyerarxiyanın mahiyyətini tədqiq edir. Burada eksiztensialist bir filmin məcazı özünü boğucu, əzablı məhdudiyyətlə hüdudsuz məkanların qarşılıqlı əlaqəsi içində, dağların heyrətamiz gözəl qış mənzərələri vasitəsilə biruzə verir.
Biletləri bu gündən Park Cinema kassalarından və parkcinema.az saytından onlayn əldə edə bilərsiniz.