Azad şüur

Azad şüur. 5 [11.12.2018]

Çox az qalıb. Lap az. Qorxuram?! Düzü hə, amma hər şey yoxlanılıb, həm də artıq çox gecdir. Bacaracağam. Buna bütün beynimlə hazıram.

Əgər əvvəlki videosənədlərimə baxmamısansa, bilirəm indi deyirsən ki, “Nə danışır bu?” Narahat olma, hər şeyi anladacağam, amma əvvəl biraz yormaq istəyirəm beynini.
Deməli belə. Heç fikirləşmisən bu dünyanın hakimi nəyə görə insanlardır? (Əlbəttə bakteriyalardan sonra) Yəni milyonlarla canlı növü var, amma ən üstün insanlardır. Təbii ki, biraz dindarsansa, “Tanrı elə buyurub” deyib işin içindən çıxa bilərsən. Ah, kaş hər şey bu qədər sadə ola bilsəydi. Lakin elə deyil. Bizi bütün canlılardan üstün tutan birinci səbəb sosial bir varlıq olmağımızdır. Tarix boyu mağaralarda, meşələrdə birlikdə yaşayaraq bu hakimiyyəti ələ keçirmişik. İndi deyə bilərsən ki, “Bəs toplu halda yaşayan bir çox canlı növü var. Onlar niyə bizdən zəifdir?” Bu məqamda isə ortaya ikinci səbəb olan şüurumuz çıxır. Şüurumuz illərdir bizə bu dünyanın hakimi olmağa kömək edir.

20.000 il bundan əvvəl DNT’si bizə ən çox bənzəyən qohumlarımız Neandertallar niyə yoxa çıxdılar? Onların şüurları yox idi? Qalıqlara baxsaq onların da mədəniyyətlərinin, dinlərinin, hətta qəribə də görünsə tibblərin olduğunu görərik. Əlbəttə ki, ibtidai formada. Onların yox olmalarının səbəbi isə, biz Homo Sapienslər olmuşuq. Sırf bizdən daha az inkişaf etmiş və fərqli olan bir növün varlığına son vermişik. Əslində keçmişi araşdırsaq illərdir ki, biz insanların bir çox canlı növünün kökünü kəsdiyimizi görə bilərik. Nə qədər ağır görünsə də bu hakimiyyəti əli qanlı babalarımız qurub.
Nəysə, şüurdan danışırdıq. İlk əvvəl sənə özümü tanıdım. Mən, Niyaz Salmanov, neyrocərraham. Sən də əgər biraz da səbirli olsan mənim ixtiramı görəcək olan insansan. Sistem yüklənənə qədər vaxtımız var. O vaxta qədər sənə biraz ixtiram və hekayəsi haqqına danışmaq istəyirəm.

Uşaqlıqda dərslərimdə hər zaman ən yaxşısı olmuşam. Bütün sinifləri əlaçı bitirmişəm, maksimum balla Tibb Universitetinə daxil olmuşam. Qısası “Xalqın uşağına bax, gör nə çox oxuyur”dakı “Xalqın uşağı” ifadəsinin qarşılığı mən idim. Ziyalı bir ailədən gəlmisənsə yaxşı oxumalısan, amma ziyalı bir nəsildən gəlmisənsə yaxşı oxuyandan da yaxşı olmalısan. Bilmirəm sən hansı zamandan bu videoya baxırsan, onu deyə bilərəm ki, bizim zamanımızda bitirəndən sonra axmaq da olsa, universitetdə oxumayanlara alt təbəqə insan kimi baxırlar. Çiyinlərimdəki bu ağır yükdən ötəri heç vaxt dostları olmayan antisosial şəxsiyyət pozuntusu olan birinə dönmüşəm. Bütün bu kitabların, latın dilində olan qəliz adların arasında tək dostum özüm idim. Hər məsələni özüm, özümlə həll edirdim. Bəzən içimdəki bu mən ən ağır həqiqətlərimi mənə deyib, aramıza inciklik salardı, bəzənsə məni dəli eliyən qaranlıq səssizliyin içində işıq olardı.

İxtiramdan danışacaqdım hə?

Əziz izləyicim, birazdan sən tarixin ilk şüur kopyalanmasının şahidi ola..
[ Yüklənmə tamamlandı ]

Nəysə, onsuz da özün indi hər şeyi görəcəksən.

[ Sağ gicgahından aparatı çıxardıb kompyuterə qoşur ]

Bəlkə də gələcəkdə insanlar öz şüurlarını robotlara köçürəcək, amma bu günki gündə telefonla idarə etməliyik. İndiki telefonlarda danışan, istəklərimizə görə funksiyaları yerinə yetirən bir “səs” var. Lakin bu səs müəyyən bir alqoritmlə işləyir. Bundan sonra isə telefonlarda həm öyrənən, həm də fikir bildirə bilən, şüurlu bir “səs” olacaq. Artıq insanların şüurları onların mirasları ola biləcək. Sonsuz yaşaya bilən bir miras.
Son 5% qalıb.. və bitdi.
— Xoş gəldin, dostum
— Mən hardayam?!
— İnana bilmirəm

Azad şüur. 5 [Son]

— Onun haqqında nə fikirləşirsən?
— Məncə biraz boşboğaz biri olub.
— O olmasaydı indi biz də olmazdıq, biraz hörmət elə.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.