Bəli, kino qəliz məsələdir, həm də ki, vacib. Milli kinodan yadda qalan üç-beş sitat varsa, ən məşhuru da budur. Yüz iyirmi illik Azərbaycan kinosu üçün üç-beş sitat elə də güclü göstərici deyil. Görəsən “Azərbaycanda kino yoxdur” deyəndə onun olmasını doğrudanmı arzulayırıq, yoxsa söz xatirinə deyinirik?
Cavan yaşımda kinonun dərdi saçıma dən salıb, indi daha çox nənəmə oxşayıram. Axı niyə, biz də digər normal insanlar kimi normal kino çəkib, normal kinofestivallar təşkil edib, bacarığımızı göstərmirik? Özümüzü ən çox müqayisə etməyi xoşladığımız qərb qonşularımızın belə kino uğurları, 15 ildir keçirdikləri “Qızıl ərik” adlı beynəlxalq kinofestivalı var. Festival o qədər beynəlxalqlaşıb ki, bu il münsiflər heyətinə maestro Əsgər Fərhadi sədrlik edib, festivalın fəxri qonağı isə şəxsən surreal diskomfort ustası Darren Aranofski olub! Axı niyə o əjdahadan bizdə yoxdur?!
Bəlkə səbəb sandığımız kimi qıtlıq, kasıblıq, ən pis halda fantaziyasızlıq, istedadsızlıq deyil, istəksizlikdir? İzləyici istəyimizi, mövqeyimizi düzgün çatdıra bilmirik, tamaşaçı haqqlarımızı tələb etmirik, ona görə də aradabir məzmunsuz, mimika əyriliyi üzərində qurulmuş komediya ştamplayıb, başımızı qatırlar. Əgər belədirsə, “Muştuluq, Bəybura!”, ulu Lumyerlər səsimizi eşitdi, mövqeyimizi ortaya qoyacağımız düz üç beynəlxalq kinofestival təşkil olunur Bakıda.
Ölkədə artıq ikinci dəfə keçirilən DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (https://www.dokubaku.org/az) lap təzəcə başa çatdı. Festivalın proqramını 33 ölkədən, hər biri təşkilatçı heyət tərəfindən xüsusi diqqətlə seçilmiş filmlər təşkil edirdi. İki əsas müsabiqədə festivalın bəxtəvərləri müəyyən olundu – tam metrajlı sənədli film seksiyasında rejissor Frederik Solberqin, Danimarka/Belçika istehsallı “Doel” filmi, qısa metrajlı sənədli film müsabiqəsində isə fransız rejissor Dimitri Martin Genodunun “Şumavanın qabıqqurdu” (“The Bark Beetle of Sumava”) filmi qalib gəldi. Filmlərdən əlavə təşkilatçılar öyrənməyə meyilli gəncləri nəzərə alaraq, beynəlxalq ekspertlər dəvət edib, festival çərçivəsində, daha öncə bir neçə ölkədə sınaqdan çıxmış “Mənim küçə filmim” təlimini, sənədli filmlərin istehsalı, yeni sənədli film formaları, sənədli filmlərin onlayn yayımını əhatə edən ustad dərsləri də təşkil ediblər. Rahatlıqla deyə bilərik ki, şans ayağımıza qədər gəlib. Beynəlxalq film festivalı ənənələrinə sadiqlik imtahanından ikinci dəfə üzü ağ çıxan DokuBaku ümid edək davamlı olub, uzun illər şəhərimizin böyük mədədni hadisəsinə çevrilər. Bunun belə olması ən çox da biz tamaşaçıların əlindədir. Bəs siz istəməzsiniz ki, bizi, Azərbaycanın film festivalını dünyanın hər bir yerində izləyib, alqışlasınlar? Bəlkə hələ ki milyonluq qırmızı xalımız yoxdur, amma onu yaratmaq üçün əsasımız var. Və qoy bu festival təşkilatçılarının gənc entuziastlar olması potensial tamaşaçını çaşdırmasın, onlar nə etdiklərini yaxşı bilirlər. Müqayisə üçün deyim ki, hal-hazırda mötəbər sənədli film festivalları sırasında yer alan Yihlava (Jihlava) Beynəlxalq Sənədli Film Festivalı 22 il əvvəl məktəblilər tərəfindən, öz filmlərini göstərmək üçün yaradılıb. Festivalı bu səviyyəyə çatdıran isə təşkilatçıların əməyindən, xərclənən vəsaitdən daha çox tamaşaçı marağıdır. Əminəm ki, laqeyidlik, skeptik yanaşma və deyingənliklə əhatə olunsaydılar, onları yalnız uğursuzluq gözləyirdi. Odur ki, DokuBakunun bu sayını buraxdınızsa, gələn dəfəni mütləq gözləyin.
Kinoya aid digər böyük tədbir oktyabrın ikinci yarısında baş tutacaq, 19-21 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Animafilm Beynəlxalq Animasiya Festivalı keçiriləcək (https://www.animafilm.az/). Olduqca rəngarəng təsir bağışlayan festivalın proqramı da artıq elan olunub, bunun üçün beynəlxalq tərkibli münsiflər heyəti 63 ölkədən 495 müraciəti incələyib. Mənə ən xoş gələn hadisə festivalda animasiya ilə yanaşı, qısametrajlı animasiya filmləri üçün ssenari müsabiqəsinin də keçirilməsidir. Əlavə olaraq, 3 gün ərzində müsabiqədən kənar peşəkar tədbirlər, yerli və xarici film mütəxəssislərinin ustad dərsləri, seminarlar, böyüklər və nisbətən gənc auditoriyaya ünvanlanan müxtəlif retrospektivlər, animasiya sərgisi ilə yanaşı, Azərbaycan animasiyası haqqında kitabın təqdimatı da keçiriləcək. Məncə bu festival çoxdan qış yuxusuna getmiş animasiyamızın inkişafına təkan verəcək. Gərək ki, animasiya və cizgi filmlərini sevməyən insan olmasın, o zaman buyurun, birlikdə gedək, izləyək. Bu tədbirdə tamaşaçı iştirakı həm də ona görə vacibdir ki, animasiya filmlərinin qiymətləndirməsi və “Tamaşaçı rəğbəti mükafatının” təqdimatı birbaşa onun öhdəliyidir.
Və ən nəhayət, qocaman film festivalımız “Start” Beynəlxalq Qısa Filmlər Festivalı 9-cu sayını elan edib (http://filmfestival.az/) və o qədər yeniliklər əlavə edib ki, “oxuyub-anlamağı” çatdırmırsan. Bakıda 14-17 noyabr tarixlərində keçiriləcək festival 4 istiqamətdə fəaliyyət göstərəcək – beynəlxalq müsabiqə, yerli müsabiqə, ilk dəfə olaraq keçiriləcək və mobil telefonlarla çəkilmiş filmlərin iştirak edəcəyi “Cinemobil” müsabiqəsi və əsl, normal film festivallarında vacib olan hissə – gənc, büdcəsiz rejissorları daha çox işləməyə həvəsləndirən pitçinq. Bu film festivalının vacib özəlliyi ondadır ki, proqramda istənilən tamaşaçı zövqünə uyğun filmlər tapa biləcək, çünki əsas müsabiqədə müxtəlif janrda bədii, sənədli, cizgi və eksperimental filmlər iştirak edir. Üstəlik, bu ildən etibarən festivalın əsas mükafatı “Qızıl Nar” olacaq, narın isə elimizdə xüsusi hörməti var, kimə və nəyə görə verildiyini mütləq bilməliyik. Festivala filmlərin qəbulu bir az əvvəl sona çatdığıma görə, seçilmiş proqramın elanını gözləmək lazım gələcək, əminəm ki, diqqət cəlb edəcək və baxmağa dəyər, filmələrin də sayı az olmayacaq.
Demək ki, bizdə bu payızın dəbi kinodur! Azərbaycanda kinonun inkişafını istəyən əlini qaldırsın…sonra da ayağa qalxıb, kinofestivala getsin. Çünki beynəlxalq kinofestival – səsini çatdırmaq deməkdir, başqalarına baxıb öyrənməkdir, xarici həmkarlarınla toplaşmaq və işbirliyi şansı əldə etməkdir, tələblərin yüksək olduğunu görüb daha keyfiyyətli məhsul yaratmaqdır, daha çox tamaşaçı görüb, daha çox həvəslənmək və daha fərqli kino çəkmək deməkdir. Bizdə isə beynəlxalq kinofestivaldan artıq üç dənədir. Özümüzə bir az qiymət veririksə, layiq olduğumuz kinonu əldə edənə qədər, kinofestivalların ətəyindən möhkəm yapışıb, gündə qapısını döyərik.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.