Crossing Realities Şərəf Nağıyeva və Emin Mathersin kuratorluğu ilə keçirilən fotoqrafiya sərgisidir. Sərginin mövzusu üç müəllifin xarici və daxili reallıqlarının kəsişməsini göstərməkdir. İşləri ilə perspektiv, məkan və qavrayışınızla oynayan fotoqrafiyaları müşahidə edərkən optik illüziyalar yaşamağa dəvətlisiniz.
Emin Mathers
Emin Mathersin fotoqrafiyasını oxumaq üçün çərçivələnmiş kağızı deyil, kadrdakı obyekti səndən müəyyən bir məsafədə real həyatda olduğu kimi seyr etmək lazımdır. O zaman başqa bir ölçü yaranır və artıq yox olmur. Monotip Seriyasında Emin çərçivələri ətrafdakı reallıqla fotoqrafiyada əks olunan gerçəklik arasında bir ayırıcı kimi deyil, yox edilməsi və ya keçilməsi lazım olan bir sərhəd kimi deyil, əksinə, sənət əsərinin ayrılmaz bir hissəsi kimi istifadə edir və bununla iki ölçünü – üçə, düz bir obyekti isə başqa bir gerçəkliyə aparan portala çevirir.
Çiçək Bayramlı və Leyla Musayeva
Fotoqraflar Çiçək Bayramlı və Leyla Musayeva birlikdə çalışmırlar. Ətrafı bənzər bir şəkildə müşahidə edirlər, diqqətləri məkanın oxşar təzahürlərinə fokuslanır. Onların həqiqətləri beləcə kəsişir və yeni bir duet ortaya çıxır ki, bu da çox səmimi və harmonikdir. Bu ekspozisiya yerli eksteryerlərin kənd interyerlərinin estetikasına keçidlərini, onların bir-biri ilə əlaqələrini və təsirlərini göstərir. Başlanğıcda Leyla üçün fotoqrafiya yalnız işi üçün sənədləşmə idi, sonra tanış şeylərə uzun bir baxışa çevrildi. O sevdiyi millətin və mənzərələrin gözəlliyini göstərir. Çiçək üçün bu, şəhərin ağ-qara gerçəkliyindən xilas olmaqdır. Kənd mühiti, onun rəngləri, işığı və abu-havası Çiçəyin fotoqrafiyasına uşaqlıq xatirələri, ilham və yeni nəfəs gətirdi.
Bu ekspozisiyada fotoqraflar köhnə və tanış olan sadə elementlərə yeni nöqtəyi-nəzərdən baxışlarını bölüşürlər və bunda gözəllik tapmağı öyrədirlər.
F3.7 Union yerli və beynəlxalq fotoqrafiya səhnəsində azərbaycanlı fotoqrafların dəstəyi və ekspozisiyasına yönəlmiş fotoqraflar birliyi və qalereyasıdır. F3.7 Union 2020-ci ildə Şərəf Nağıyeva və Emin Mathers tərəfindən yaranmışdır.
Sərginin keçirildiyi NUR Art House qədim nümunələrin qorunmasına və müasir nümunələrin istehsalına həsr olunan, sənətkarlara əsərlərini təqdim etmək üçün şərait yaradan xalça qalereyasıdır. Sərgi 1-16 may tarixlərində davam edəcək.