Bakıda FilmAkt Qısametrajlı Sənədli Film Festivalı keçiriləcək. Bu haqda VarYox-a təşkilatçı Y-Peer Azərbaycan şəbəkəsi məlumat verib. Məlumatda deyilir:
Filmlər, gənclərə film çəkmək bacarıqlarının öyrədilməsi və yaradıcı yolla nümayişi vasitəsi ilə icma quruculuğu, gənclərin içtirakçılığı, sosial aktivizm mövzusunda bacarıqlarının artırılmasını təşkil etmək məqsədi ilə Y-PEER Azərbaycan şəbəkəsinin ekspertləri tərəfindən Bərdə, Balakən və Bakı şəhərlərində sentyabr-noyabr ayları ərzində “FilmAkt-Dəyişiklik üçün çək” başlıqlı silsilə təlimlərin yekunu olaraq ərsəyə gəlmişdir. Altı günlük hərtərəfli təlimlərdə Bərdə, Balakən və Bakıda yaşayan 45 gənc iştirak etmişdir. Təlimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə inkluziv inkişaf və yerli icmaların bacarıqlarının artırılması məqsədi ilə “İcma quruculuğu təşəbbüsləri” proqramı çərçivəsində həyata keçirilmişdir.
FilmAkt proqramı nəticəsində yuxarıda qeyd etdiyimiz gənclər tərəfindən Bərdə, Tərtər Balakən və Bakıda 10 yeni sənədli filmlər ərsəyə gəlib. Bakıda keçirilən və 3-5 fevral tarixlərində davam edəcək festival zamanı həmin 10 film və əlavə 2 sənədli film nümayiş olunacaq. Filmlər əqli və fiziki məhdudiyyətlər, müharibənin gətirdiyi çətinliklər, icmaların spesifik xüsusiyyətləri, gender və zorakılıq mövzularını əhatə edir.
5 fevral festivalın bağlanış mərasimi zamanı qalib filmlər nümayiş olunacaq və mükafatlandırılacaq. Mərasimdə filmi ərsəyə gətirən gənclərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin rəsmi qonaqların iştirakı nəzərdə tutulub. Xüsusi olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəni Əlaqələr Departamentini rəhbəri xanım Haydi Smitin iştirakı da gözlənilir.