Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan az imkanlı və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrin dostu olan Şəhla Qarayevanın (1962-2018) adını daşıyır. Şəhla müəllimə 2018-ci ilin aprel ayında xərçənglə uzun mübarizədən sonra öz həyatını itirdi. Bu proqram vasitəsilə onun tələbələri, yaxınları, eləcə də Şəhla müəlliməni uzaqdan-yaxından tanımış hər bir şəxs onun əziz xatirəsini yad edir və Azərbaycanda güclü qadınların gələcək nəslinin yetişməsinə kömək edir.
Azərbaycanda qızların təhsili ilə bağlı kifayət qədər irəliləmiş hüquqi bazanın olmasına baxmayaraq, qadınların təhsilə çıxışında maneələr mövcuddur. BMT İnkişaf Proqramının (2017) hesabatına əsasən, gender stereotiplərin mövcudluğu, erkən nikahlar eləcə də qadınların liderlik mövqelərində təmsilçiliyinin arzu olunan səviyyədə olmaması bu maneələrdən sadəcə bəziləridir. ŞQTP nəticəsində toplanılan məbləğ ($5000) təhsil xərclərinin qarşılanması məqsədilə açıq müsabiqə yolu ilə seçilmiş altı nəfər qız şagird/abituriyent/tələbəyə (6 x $700, köçürmə və digər əlaqədar xərclər) təltif olunacaq.