Azərbaycanda zorakılıqdan əziyyət çəkən qadın və uşaqlar üçün “sus-ma.com” adlı yeni platforma yaradılıb. Könüllülər tərəfindən yaradılan bu platformanın məqsədi bu baş verən zorakılıq hallarını ifşa etmək və zorakılıqdan zərərçəkmişlərə yardım etməkdir. Layihədən “VarYox”a verilən məlumatda deyilir:
Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Minlərlə zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, zorlanmaya, təhdidlərə, təzyiqlərə məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Yeni yaradılmış “sus-ma.com” saytının məqsədi bu baş verən zorakılıq hallarını ifşa etmək və zorakılıqdan zərərçəkmişlərə yardım etməkdir. Əgər sən də zorakılığa məruz qalmısansa və ya hələ də məruz qalmaqdasansa, anonim olaraq və ya öz adınla hekayəni paylaşıb dərc edə bilərsən. Beləliklə başına keçmişdə və ya hal hazırda gələn hadisələri ifşa etmiş, digər zərərçəkmişlərə zorakılıqdan qurtulmaq üçün yol göstərmiş və özün yardım almaq üçün müraciət etmiş olacaqsan. “sus-ma.com” vasitəsi ilə sən zorakılığın nə olduğu barədə, onun formaları barədə də öyrənə bilərsən. Saytın “Nə etməli?” bölməsində zorakılıq baş verdiyi zaman təhlükəsizliyin üçün görülməsi gərəkən tədbirlər, müraciət edilməsi gərəkən qurumlar və onların sənə göstərməli olduğu xidmətlər barədə ətraflı məlumat ala bilərsən.
Heç bir QHT, hərəkat, partiya, təşkilat və ya qurumun tərkib hissəsi olmayıb fərdi təşəbbüs məhsuludur. Fəaliyyət prinsipi gəlir güdməyən könüllülük üzərinə qurulub. Anonimlik tamamilə qorunur. Susma! Hekayəni danış!