“Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və İmkanlar”
Beynəlxalq çıxışa malik Bakı təməlli müstəqil incəsənət təşəbbüsü Ta(r)dino 6 İncəsənət Platforması (TAP) və İsveçin Lund şəhərində yerləşən Avropa müstəqil mədəniyyət müəssisələrinin şəbəkəsi TEH tərəfindən təşkil olunan Mədəniyyətə Təkan layihəsi qeyri-rəsmi açıq hava tədbiri ilə başa çatdı. İyulun 14-də Bakının Landmark Hotel Rooftop Rotunda terasında baş tutan “Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və Fürsətlər” adlı tədbir onlarla proqram iştirakçılarını və tərəfdarlarını bir araya gətirdi.
Tədbirə əsas spiker kimi dəvət olunmuş İsveç səfiri Kristian Kamill TEH və Ta(r)dino 6-nın nəinki Azərbaycandan olan mədəniyyət işçilərinə, həmçinin bir çox başqa ölkələr üçün faydalı olan müstəqil potensialın artırılması proqramının hazırlanmasında proaktiv rolunu vurğuladı. Spikerin sözlərinə görə, 2021-ci ilin yazında onlayn keçən, 24 ölkədən və 4 qitədən 33 spikeri birləşdirən layihə beynəlxalq proqramlar hazırlamaq, onu həyata keçirmək, bununla bərabər proqramda iştirak etmək arzusunda olan və maraqlanan hər kəsə onu ödənişsiz təklif etmək məqsədilə İsveç İnstitutuna müraciət edilməsi və qrantın qazanılması müstəqil mədəniyyət sektorunun potensialının uğurlu nümunəsidir. Səfir proqramda Mədəniyyət Nazirliyi və əlaqədar qurumların əməkdaşlarının intensiv iştirakını da qeyd etdi və “Mədəniyyətə Təkan”ın həm hökumət, həm də müstəqil mədəniyyət sektorunun incəsənət işçiləri arasında təhlükəsiz dialoq qurmağa davam edəcəyinə ümid etdiyini bildirdi.
Ta(r)dino 6-nın təsisçisi Əsli Səmədova sağlam incəsənət ekosisteminin əsas prinsipləri olan əməkdaşlığın, qarşılıqlı dəstəyin və hörmətin, açıq dialoq və üfüqi münasibətlərin əhəmiyyətini vurğuladı. Ta(r)dino 6-nın özünütəşkil etmiş müstəqil köçəri platformadan Azərbaycanda qeydiyyatdan keçmiş qeyri-kommersiya və qeyri-hökumət təşkilatına doğru baş tutan təkamülünü təsvir etdi. Fəaliyyətə başladığı vaxtdan platforma bir neçə dəfə beynəlxalq diqqəti cəlb etməyə nail olub: 2019-cu ildə Turandokht. Radio Tapmacalar səs installyasiyasını (Nizami Gəncəvi irsinə nəzirə) Venesiyada təqdim etmiş və “Contemporary Istanbul Art Fair”də iştirak edib, 2020-ci ildə dünya şöhrətli alman fotoqraf Volfqanq Tillmansın təşəbbüsü ilə 2020Solidarity layihəsinin MDB ölkələrindən yeganə iştirakçısı olub. “Mədəniyyətə Təkan” Ta(r)dino 6-ya beynəlxalq və yerli mədəniyyət mütəxəssisləri və görkəmli incəsənət işçiləri ilə əməkdaşlıq etməyə, bununla bərarbər geniş oxucu kütləsinə çatmağa kömək edən platformanın bu günə qədərki ən iddialı layihəsidir.
Tədbir dəvət olunmuş mədəniyyət işçilərinə auditoriya qarşısında öz layihələri, xəbərləri və ideyalarını paylaşmaq üçün şərait yaradan “Açıq Mikrofon” bölməsi ilə davam etdi. Bölmənin spikerləri arasında yeni media artist Şəlalə Salamzadə, fotoqraf Emin Mathers, qalerist Rüstəm Məmmədzadə, incəsənət müəllimi Hayat Nəsirova və çağdaş rəqs peşəkarı Lenay Seyidəlizadə var idi. Format auditoriya ilə qarşılıqlı əlaqə qurmağa, yerində fikir və rəy verməyə imkan verdi və iştirakçılar hətta öz layihələrinin reallaşması üçün mümkün tərəfdaşlar və sponsorlar tapmağa nail oldular.
Tədbirin sonuna yaxın Berlində fəaliyyət göstərən rəssam Tora Ağabəyova gürcü rəssam Quram Tsibaxaşvilinin Ta(r)dino 6 İncəsənət Platformasına həmrəyliyini və dəstəyini göstərmək üçün platformanın incəsənət kolleksiyasına bağışladığı kiçik sənət əsəri hədiyyəsini təqdim etdi.
Tədbir xoş ziyafətlə davam etdi və hazırda İçərişəhər Kiçik Qala 58 ünvanında Divarda İncəsənət ictimai incəsənət layihəsi çərçivəsində “Nəsli kəsilməkdə olan Yerli Biomüxtəliflik” adlı əsəri nümayiş olunan rəssam Nəzrin Məmmədovanın musiqi nümayişi ilə başa çatdı.
Birillik “Mədəniyyətə Təkan” layihəsi “Mədəniyyətə Təkan – Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və Fürsətlər” adlı rəqəmsal nəşrlə yekunlaşacaq. 2021-ci ilin payızında tamamlanacaq nəşr Azərbaycan və İngilis dillərində təqdim olunacaq. Elektron nəşr TEH vebsaytında yerləşdiriləcə. Layihə təşkilatçıları steykholderlərə müstəqil mədəniyyət sektorunun real vəziyyətini göstərmək, inkişaf strategiyasını və həlli yollarını təklif etmək üçün Mədəniyyətə Təkan komandasına kömək olacaq rəy və təkliflər toplamaq məqsədilə onlayn sorğu hazırlayıblar.
Layihə Avropa müstəqil mədəniyyət qurumları şəbəkəsi TEH ilə ortaq təşkil olunub və İsveç İnstitutu (SI) tərəfindən dəstəklənir.