Bu il görkəmli caz pianoçusu və bəstəkarı, Azərbaycan caz musiqisinin banilərindən biri olan Vaqif Mustafazadənin anadan olmasının 80 illik yubileyidir. Caz-muğam üslubunun banisi, orijinal ifaçılıq tərzi ilə seçilən Mustafazadə Azərbaycan muğamlarını ənənəvi Amerikan caz musiqisi ilə birləşdirərək ilk dəfə muğam və cazın sintezini edib. Vaqif Mustafazadə bir çox beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub. Onun əsərləri və ifası Willis Conover və B.B. King (Riley B. King) kimi beynəlxalq miqyasda tanınan aparıcı musiqiçilər tərəfindən də tanınır və bəyənilirdi. B.B. King Mustafazadə ilə eyni səhnəni bölüşəndə, onun blues piano çaldığını eşidir və heç kimin onun kimi ifa edə bilməyəcəyini söyləyir. Vaqif isə cavabında “İnsanlar məni blues kralı adlandırırlar, amma mən sənin kimi piano çala bilsəydim, özümü Tanrı adlandırardım” deyir.
Mustafazadənin yubileyi üçün bu il bir çox maraqlı tədbirlər və konsertlər planlaşdırılırdı. Təəssüf ki, müəyyən səbəblərdən bu planlar bir müddət təxirə salındı. Lakin layihələrin bir hissəsinin həyata keçirilməsinə Vaqif Mustafazadənin Ev Muzeyinin direktoru, Vaqif Mustafazadə Fondunun direktoru, sözügedən layihənin rəhbəri Afaq Əliyevanın dəstəyi ilə nail olmaq mümkün oldu. Azərbaycan və Amerika arasında Dostlar Mədəniyyət Fondunun prezidenti Cəmilə Cavadova-Spitzberg’in sayəsində işıq üzü görən JAZZ HOUR albomuna Willis Conover və Vaqif Mustafazadənin birgə ifa etdiyi əsərlər daxildir.