VarYox-un WHIST təcrübəsi

 VarYox-un WHIST təcrübəsi

1-6 may tarixləri arasında Goethe-Zentrum Bakı Azərbaycanda fiziki teatrı, interaktiv virtual reallığı (VR) və artırılmış reallığı (AR) özündə birləşdirən “WHIST” unikal tamaşasını təqdim etdi.

 

Ziqmund Freydin psixoanaliz sahəsindəki yaradıcılığından ilhamlanan “WHIST”da 76 mümkün ssenaridən birinin prizmasından baxaraq bir ailənin tarixçəsini izləməyə imkan tapdıq. Hekayələr individual, şüuraltı seçimlər əsasında inkişaf edirdi.

 

Komanda ilə birgə mayın 1-i Kapelhausa gedərkən məni qəribə həyəcan hissi bürümüşdü. “Virtual Reallıq” deyəndə ağlıma filmlərdən gördüyümüz, daha qorxulu səhnələr gəlirdi – geyindiyin xüsusi kamera başını həbs edir, kabellər beynindəki sinapslara toxunaraq səni ekstaz halına salır, özünü hər şeyin sürreal olduğu bir məkanda tapırsan.

 

Kapelhausa daxil olanda ilk gördüyüm şəxs rejissor Rüfət Həsənov oldu. Məndən əvvəl bu təcrübəni yaşamışdı və qəribə eyforiya içindəydi. Əlindəki kağızda nə yazıldığını soruşdum, “gəl bu təcrübənin zövqünü səninçün  korlamayım” dedi.

 

Komanda olaraq diqqət etdiyimiz ilk şey, əlbəttə ki, incəsənət instalyasiyaları oldu. Fərqli fiqurlar və həndəsi formalardan ibarət bu əsərlərdən ilk baxışda heç bir şey anlamadım. Daha sonra kameralarımızı geyindik və kalibrasiya etdik. Əslində sadə kask və telefon ekranından ibarət qurğuda hərəkətə qarşı həssas olan 360 dərəcəlik bir video izlədik.

 

Hər video sanki doğrudan onun içində yaşayırmışıq kimi keçirdi, növbəti videolar isə əvvəlki videoda baxdığımız nöqtələrə və insanlara görə dəyişirdi. Ona görə də bu yazıda komanda adına yox, öz adıma keçirdiyim hisslər haqda danışacağam.

 

Videoları tam olaraq xatırlamasam da, bir qadın və bir kişi personajın arasında keçdiyini deyə bilərəm. Ya da ən azından mən o personajlara yönəldim. Bir video bitəndən sonra biz ekranda çıxan incəsənət instalyasiyasına yönəlməli və müəyyən bir bucaqdan baxmalı idik. Hətta baxdığımız bucağın belə bizim görəcəyimiz videolara təsiri var idi. Sonda ekranda rəqəmlər göründü və onun nə mənaya gəldiyini anlamaq üçün link yazılan bir kağız verildi. Yəqin ki, Rüfətin əlindəki kağız da bu idi.

Kağızdakı linkə baxdıqdan sonra gördüyüm nəticə isə məni çox heyrətləndirdi. 243 səhifəlik bir siyahıda hər ədədin mənası və bizim psixoalanitik portretimiz yer alırdı. Heyrət və təəccübümün səbəbi isə nə bukletin 243 səhifə olması, nə də təcrübənin gözlədiyim qədər qorxulu olmaması idi. Səbəb portretimin gözlədiyimdən daha sadə çıxması oldu.

 

Komandanın üzvləri təcrübədən sonra öz nəticələrini və gördükləri şeyləri bölüşdülər. Bəziləri oxşar, bəziləri tam unikal mənzərələr görmüşdü. Mən də öz gördüyüm səhnələrə əsasən daha pis nəticə gözləyirdim. Amma WHIST mənə tam fərqli nəticə verdi:

Virtual reallıq seansı zamanı sizin diqqətinizi cəlb edən elementlər sakit xoşbəxtliyə və tam
ölçüdə xoşbəxtlikdən həzz almağa can atmağa yönəldir. Siz digər insanların xoşbəxtliyindən
xoşbəxt olur və bir çoxlarından fərqli olaraq onlar üçün sevinirsiniz.

Bəli, bu qədər sadə! Görünür Ziqmund Freyd mənimlə eyni fikirdə deyilmiş. WHIST-i ərsəyə gətirən AΦE rəqs komandası bu tamaşanı hazırlayarkən Minotavr əfsanəsindən və Freydin fikirlərindən bəhrələnib.

Riçard Vestall – Tezey və Ariadna labirintin girişində

Freyd üçün Minotavr bizim arxetipik şüurumuzun qəbul etməyəcəyi şeydən qorxmaq hissinin simvoludur. Biz ölümdən və bilinməyəndən qorxduğumuz kimi, şüurüstü şeylərdən də qorxuruq – labirintimizdə tək qalırıq və Minotavrla üzləşirik. Uşaqların qaranlıqdan qorxması və yad adamlara yovuşmaması bu səbəbdəndir. Yetkinlərdəki narahatlıq hissi, valideynlərin övladlarının həyatına daim müdaxilə etmək, onu bilinməyəndən qorumağa çalışmaq hissi də bu səbəbdən yaranır. Nəhayət, ölüm qorxusu da bizim minotavrımızdır – heçlik qorxusu. Yuxuda öldükdən sonra yuxudan oyanmağımızın səbəbi beynimizin ölümdən sonra nə olacağını bilməməsindən irəli gəlir (bu mənim hipotezimdir).

 

Minotavr həm də bizim əsas təbiətimizi simvolizə edir – heyvani, insani və ilahi hisslər. WHIST tamaşasında gördüyüm ilk video insani hisslərdən və sevgidən bəhs edirdi. Sonrakı səhnə ətli və qanlı bir səhnə idi – heyvani hisslərin qoxusu hiss olunurdu. Son səhnə isə hər şeydən uzaqlaşmaq, kosmosda tənha qalmaq idi – ilahilik. Minotavr da mifologiyada məhz insan və heyvanın törəməsidir.

 

Minotavrla qarşılaşan insan əslində özünün digər təbiətləri ilə qarşılaşır. Mifologiyaya əsasən yunan qəhrəman Tezey kral Minos tərəfindən labirintə salınır. Minosun qızı Ariadna Tezeyə aşiq olur və ona gizlində qırmızı yumaq və bir qılınc verir. Tezey qılıncla Minotavrı öldürür, yumaqla isə gəldiyi yerə qayıdaraq labirintdən çıxır.

 

İnsanın özü ilə üzləşməsi və özünü məğlub etməsi buna görə də “Ariadnanın yolu”ndan keçir. İnsan bu labirintdə ancaq öz Minotavrını məğlub edəndən və öz həyatına qayıdandan sonra sağlam həyat yaşaya bilər.

 

Görünür, mənim Minotavrım elə də qorxunc deyilmiş – nə deyim, xoşbəxt olun ki, məni də sevindirəsiniz!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir