Fəridə Cəbrayılzadə 1991-ci ildə Masallı şəhərində anadan olub. 2008-ci ildə məktəbi Masallıda bitirib, daha sonra İctimai-siyasi universitetin Beynəlxalq Münasibətlər (Şərq ölkələri) fakültəsində təhsil alıb.
İşlədiyi sahələr və könüllülük sferaları çox müxtəlifdir – İçərişəhərdə bələdçilik də edib, Ramanada “Ruh və əsəb xəstəlikləri” internat evində uşaqlarla da işləyib. Fəridə həmçinin Y-PEER Azərbaycan Şəbəkəsinin təşkil etdiyi seminarlara qoşularaq, “Fiziki məhdudiyyətli insanlarla davranış qaydaları”, daunlu-autizmli uşaqlar, onların cəmiyyətə inteqrasiyası, inklüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan insanlarla etik davranışlar kimi bir çox məsələlər üzrə təlimlər alıb.
2016-cı ildə isə Azərbaycan Xəzər universitetində və MİL Şəbəkəsində eyni mövzularda layihə hazırlamış və təlimçi kimi çıxış edib. Eyni zamanda, 2016-cı ilin aprel ayında “Sağlam Ailə İctimai Birliyi”nin keçirdiyi “Aprel – Autizm ayı” layihəsi müddətində könüllü kimi iştirak edərək, insanların autizmlə bağlı maariflənməsində yardımçı olub. Dünyasını dəyişməzdən əvvəl, 2017-ci ildə isə Afrikaya səyahət etmiş və səyahəti boyu fotolar çəkmişdi. Həmin fotoları təqdim edirik.
Fəridə Cəbrayılın fotoları sadəcə həvəskar, səyahətçi fotoları deyil. Bu təsvirlərin ümumi kontekstinə baxanda hamısının içindən sarı sim kimi keçən ümumi xətti sezə bilərik: insan və təbiət. Bu işıqlı (fotolarının, demək olar ki, hamısı günəşli məkanlarda çəkilib), rəngarəng təsvirlər, həmçinin, onun həyata baxışını əks etdirir. Çəkdiyi portret və küçə fotolarına baxanda da Fəridənin insanlarla yaxından ünsiyyət qura bildiyi aşkar sezilir. Bu asketik gözəlliyi duya bilən fotoqraf gündəlik həyatda çox vaxt görüb keçdiyimiz, ancaq əhəmiyyətli olan detalları (məsələn, divardan asılan çörəklər, qarajda yatan adamın ayaqları və s.) qabardaraq bütöv bir hekayəni çatdırmaq qabiliyyətinə sahib idi. Fotolarının kompozisiyası nə qədər həvəskar işi kimi görünsə də, ilk baxışdan izləyicinin diqqətini cəlb edə bilir. Müəllifin işlərini bizə təqdim edən dostu Şahin Yaqubzadə bildirir ki, Fəridənin ən böyük arzusu çəkdiyi fotolardan ibarət sərgisinin keçirilməsi idi.
VarYox 15 Mart tarixində Şahinlə əməkdaşlıq edərək Fəridənin anım tədbirini keçirmiş və onun fotolarının satışını təşkil etmişdi. Qeyd edək ki, həmin fotoları bizə müraciət edərək cəmi 10 manata satın ala, öz dostlarınıza Novruz hədiyyəsi kimi təqdim edə bilərsiniz. Bütün gəlirlər “Mədəni Niyyət” layihəsinin xeyriyyə işlərinə sərf olunacaq!