Levan Xerxeulidze – Küləklər şəhəri

 Levan Xerxeulidze – Küləklər şəhəri

Həmişə ilk baxışdan kimisə sevməyin mümkün olduğuna inanmışam. Sonra başa düşdüm ki, bu hiss məkanlar üçün də keçərlidir.

Bakıya ilk dəfə təsadüfən 2009-cu ilin yazında orada biznes qurmaq üçün köməyə ehtiyacı olan bir dostumla gəlmişdim.

Dostum və məni qatar stansiyasından götürmək üçün bir qohumumla danışmışdım . O, bizi öz maşını ilə bütün gün gəzdirdi, amma dostumun biznes məsələləri uğursuz idi. Gün xaos dolu keçirdi və işlərimiz alınmadıqca daha çox məyus olurduq. Günün sonunda həmin gecə Tiflisə qayıtmağı qərarlaşdırdıq.

Biletləri almaq üçün getmişdim, geri qayıdanda çay içmək üçün bir məkanda oturdum. Otaq boş idi. Çay və paxlava sifariş etdim, bir az keçəndən sonra süfrəçi mənim sifarişlərimi və yanında ağ gilas mürəbbəsi gətirdi.

Oradakı bir neçə dəqiqə ərzində nələrin baş verdiyini detalları ilə təsvir edə bilməyəcəm, amma hər şey – otağın atmosferi, mixəkli çay, ətirli mürəbbə, xırtıldayan paxlava məni öz evimdə hiss etdirdi. Bəli, evimdə. Qısa desəm, sanki mən Tiflisin hansısa heç vaxt olmadığım qəsəbəsində idim, amma hər şey çox oxşar idi. Bakıya vurulmuşdum və bu sevgi indiyə kimi davam edir.

Mən gördüyüm qədərilə Bakı Tiflisə həm bənzəyir, həm də yox. Oxşarlığı mənə çox doğma olan rahatlığıdır. Fərqliliyi isə müasirliyi və qəribəliyindədir. Hansı ki, məni özünə çəkən və təəccübləndirən də bu qəribəlik idi.

Xüsusilə, Bakının Tiflisdəki Sololaki, Vera və Ortaçala kimi köhnə məhəllələrinə bənzəyən bölgələri məni heyran edir: isti və ensiz qənbər döşənmiş səkilər; həyat dolu, çatlamış və solğun fasadlar; nərd oynayan və söhbət edən qonşulara kölgə salan asma balkonlar; gün batımı, mülayim işıqlar, vızıltılar və açıq pəncərələrdən gələn xoş səslər; və bir də səssizlik. Bir şəhərdə azmaq və gündəlik xaosdan qaçmaq üçün boşluqlara ehtiyacım var.

O vaxtdan bəri Bakıda dəfələrlə olmuşam və istədim ki, ora olan sevgimi ifadə edim. Ona görə də bu şəhər haqda düşüncələrimi bir kitaba topladım. Məqsədim buranın mənim üçün önəmli və ruhuma yaxın tərəflərini göstərmək, həm də onun kövrəkliyini vurğulamaqdır.

Bir səfərimdən digərinə qədərki müddətdə Bakıda baş verən çox böyük dəyişiklikləri görmək və mənim üçün bu qədər dəyərli yerlərin yoxa çıxmasının şahidi olmaq məni kədərləndirir. Bakı sürətlə dəyişir. Yaxın zamanda və təəssüf ki, yeni inkişaflar şəhərin yerli dadını dəyişəcək – vaxt və axın heç kəsi gözləmir.

Fotoqraf haqqında

Özümü fotoqrafiyaya asılı olan biri hesab edirəm və bu dəyərləndirmə şişirtmə deyil. Çünki bu, sadəcə həyatımın bir hissəsi deyil, həm də həyatımın mənalarından biridir. Həyatın hər hansısa mənası olduğunu düşünmürəm. Düşünürəm ki, hər insan öz həyatında xüsusi məqsədlərinə, arzularına və seçimlərinə görə məna yaradır. Mənim üçün bu seçimlərdən biri fotoqrafiyadır, daha qısa desəm, fotoqraf olmaqdır. Fotoqraf olmaq daha çox müşahidəçi olmaqdır. Maraqlı, diqqətli, ehtiraslı və empatiya quran.
Xatırladığım qədər, həmişə müşahidəçi olmuşam. Ona görə də bu doğuşdan gələn keyfiyyət fotoqrafiya ilə daha da inkişaf etdi və öz rolunu fərqli istiqamətə dəyişdi.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir