Joan Cornella Vazquez narahatedici, sürreal və qara yumor komiksləri ilə yanaşı, incəsənət əsərləri ilə də tanınan ispan karikaturaçı və illüstratordur.
Joan Cornella Vazquez 11 yanvar 1981-ci ildə İspaniyanın Barselona şəhərində anadan olub. Təsviri sənət fakültəsini bitirdikdən sonra La Cultura del Duodeno, El Periódico və Ara kimi bir çox jurnallarla əməkdaşlıq etmiş, həmçinin New York Times qəzeti üçün illüstrasiyalar hazırlamışdır.
O, 2009-cu ildə Abulio adlı albomuyla 3-cü Josep Coll mükafatına layiq görülmüşdür. Həmin albom növbəti ildə Glenat jurnalında dərc edildi. Cornella 2010-cu ildən bəri həm də İspaniyanın El Jueves jurnalı üçün illüstrasiyalar hazırlayır.
Onun ağ-qara illüstrasiyalardan ibarət Fracasa Mejor adlı kolleksiyası 2012-ci ildə nəşr olundu. El Jueves və digər müxtəlif məşhur jurnallarda təqdim edilən materialları əhatə etməsinə baxmayaraq, illüstrasiyaların əksəriyyəti 2012-ci ilə qədər nəşr edilməmişdi.
2013-cü ildə onun Mox Nox adlı üçüncü albomu Bang Ediciones vasitəsilə nəşr olunmuşdur.
Cornella həmçinin 2016-cı ildə Wilco-nun Schmilco adlı onuncu studiya albomunun üz qabığının hazırlanmasında illüstrator kimi vizual dizayner Stefania Lusini ilə əməkdaşlıq etmişdir.