Azərbaycan Kinosunda Kişilər və Qadınların Oynadığı Ənənəvi Gender Rolları
Müasir Cənub-Şərqi Avropa jurnalı, 2020
Qadınlar obyekt kimi
Azərbaycanın nikah kontekstində qoruyub saxladığı və dəyər verdiyi başqa bir ənənəvi və linqvistik miras gəlin üçün ödənilən “məbləğ”dir. “Arvad almaq” kişinin qadınla evləndiyini bildirmək üçün istifadə olunan ifadədir. Evlilik kontekstində geniş istifadə olunan “arvad almaq” və ya “mən səni alıram” ifadələri qadınları obyekt kimi xarakterizə edir və onların üzərinə qiymət etiketi qoyur. Obyektivləşdirmə hal-hazırda feminizm nəzəriyyəsinin mərkəzində dayanan məşhur anlayışdır. Mülkiyyət bir insana başqasına aid olan (alına və ya satıla bilən) bir şey kimi davranmaqdır və insana bir obyekt kimi yanaşmaq fikrini özündə ehtiva edir ki, bu da Azərbaycan ənənələrində ciddi formada qorunub saxlanılmışdır. Bununla yanaşı, bir qadın “təmiz” (bakirə) deyilsə, o, zədələnmiş bir mal hesab olunur və nəticədə, onun cəmiyyətdəki həyatı və nüfuzuna yüksək “qiymət” qoyulmur. Ona “alıcı” ailənin gözündə açıq şəkildə nümayiş olunan kommersiya obyekti kimi yanaşılır və insanın partnyor seçiminə qarşı təzyiqlərə və etirazlara haqq qazandırmaq üçün istifadə olunur.
Yuxarıda təsvir olunan vəziyyət çox ciddidir və sosial mühitdə daha aydın olur. Məsələn, Azərbaycanda digər patriarxal cəmiyyətlərdə (Ketrin Makkinona görə) olduğu kimi yuxarıda təsvir olunan mentalitetə tabe olaraq, qadının təbiətini müəyyənləşdirmək birmənalı deyil və qeyri-sabitdir. Makkinona görə, bənzər cəmiyyətlər qadınların itaətkar və obyektə bənzər olduğuna inanır (kişilər qadınları obyektə çevirir). Bu o deməkdir ki, kimsə qadınları onların təbiətcə itaətkar və obyektə bənzər olduqlarına inandıra bilər. Qeyd etmək lazımdır ki, Makkinona görə, cinslərin “kişi” və “qadın” kateqoriyasına bölünməsi bioloji yox, sosial mənada müəyyən olunur. Bununla yanaşı, qadınların təbiətcə itaətkar və obyektə bənzər olması fikri yanlışdır, çünki qadınlar belə yaradılmayıb, belə təsvir olunub.
Ən məşhur və ən çox izlənilən Azərbaycan filmlərindən biri olan Arşın mal alan 1913-cü ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bəstələdiyi komik, romantik operettaya əsaslanır. Film cəmiyyətin qoyduğu köhnəlmiş ənənələri və limitləri açıq şəkildə əks etdirir və onları lağa qoyur. Belə ki, Əsgər adlı gənc oğlan öz işində uğurlu olan tacirdir və sevdiyi qadınla evlənmək istəyir, lakin bu adət-ənənə ona özünə həyat yoldaşı seçməyə icazə vermir. “Aradüzəldən”lər adətən evlilikləri təşkil edirlər, qadınlar evlərinə qapadıldığından və onlara çölə örtüksüz çıxmağa icazə verilmədiyindən cavanların bir-birini görməsi mümkün olmur. Buna görə də, Əsgər sevəcəyi və evlənə biləcəyi biri ilə tanış olmaq üçün parça satan kasıb bir satıcı kimi davranaraq evdən-evə gəzir. Satıcılara qadınlar parçaları seçərkən onları çarşabsız görməyə icazə verilirdi. Nəhayət, Əsgər yoxsul bir tacir olan Sultan bəyin gözəl qızı Gülçöhrə ilə tanış olur. Əsgər ona aşiq olur və onunla evlənməyə qərar verir. Əsgər Sultan bəyə lütf edərək ona dul olan xalası ilə evlənməyi təklif edir; bunun müqabilində Gülçöhrə ilə evlənməsinə razılıq istəyir. Sultan bəy bunu hörmətsizlik qəbul edərək onu qovur və arxasınca bu evliliyə heç vaxt razı olmayacağını deyir.
Gülçöhrə Əsgərə aşiq olur, ancaq onu tacir kimi yox, satıcı kimi tanıyır və atasının onun bir parça satanla evlənməsinə icazə verməyəcəyini bilir. Atası Gülçöhrəni “aradüzəldən”nin məsləhət bildiyi başqa bir adamla evləndiriləcəyini deyəndə Gülçöhrə çox məyus olur. Atasına onu bu evliliyə məcbur etməməsi üçün yalvarır, amma Sultan bəy fikrindən dönmür. Gülçöhrə bu evlilikdən canını qurtarmaq üçün intihar etmək qərarına gəlir, lakin Əsgər son anda özünü çatdırır və “aradüzəldən” dostunun köməyi ilə Gülçöhrənin atasını bu evliliyə razı salmaq planını ona danışır. Əsgərin əslində varlı bir adam olduğunu və hörmət etdiyi “aradüzəldən”in bu evliliyi məsləhət bildiyini öyrənən ata razılaşır və sonda cütlük evlənir.
Operetta zamanı qabaqlayırdı. Müəllif köhnəlmiş və münasibətləri zədələyən qaydalara, gözləntilərə əsaslanan ailə dramını təsvir etmək istəyirdi. Filmdə kişilərin pulu və peşəsinin əhəmiyyətini vurğulayan dialoqlar və musiqi, həmçinin kişilərin verdiyi qərarlara qarşı çıxa və dəyişdirə bilməyən qadınların ikinci dərəcəli rolunu göstərən səhnələr yer alır. Gülçöhrə obrazı ölkədə vasitəçiliklə evlənməyə məcbur edilən minlərlə gənc qadın, kişi, oğlan və qızın nümunəsidir.
Daha bir qadının faciəvi taleyi 2017-ci ildə rejissor İlqar Nəcəfin Nar Bağı dramında təsvir edilmişdir. Nar Bağı nəvəsi və gəlini ilə birlikdə böyük nar bağında köhnəlmiş bir evdə yaşayan yaşlı insanın hekayəsindən bəhs edir. Ailəni tərk edib Rusiyaya gedən oğul yenidən evə qayıdır və gəlişi ilə unudulmuş acı xatirələri yenidən gətirərək köhnə yaraları açır. Buna baxmayaraq, ailəsi onu qəbul edir və münasibəti yenidən bərpa etməyə çalışır. Sonda oğul Rusiyada başqa bir ailəsi olduğu üçün evi satıb buranı yenidən tərk edir və borclarına görə öz qızını oğurlayır. Film həyat yoldaşları pul qazanmaq üçün Rusiyaya gedən, orada yenidən ailə quran və bəzən geri qayıtmayan, kəndlərdə və ucqar ərazilərdə yaşayan qadınların faciəvi hekayələrini və həyatlarını əks etdirir. Bu o deməkdir ki, qadın uşaqları və ailənin yaşlı üzvləri ilə birlikdə tərk edilir. Qadınların üzərindəki bu yük həm də onların qanuni olaraq tanınmayan dini toy mərasiminə inanmaq məcburiyyətində qalması ilə əlaqədardır. Bunu səbəbi imamın olub-olmamasından asılı olamayaraq, Quranın olduğu dini mərasimlərin çox böyük əhəmiyyət daşıdığı ilə bağlı yerli inanacdır. Mərasimdə Quranın istifadə olunması rəsmi olaraq qəbul olunmasa da, toya simvolik dəyər verir və onu qanuniləşdirir. Nəticə etibarilə, bu ənənə Nar Bağı filmindəki yüklənmiş obraz Sara kimi heç bir gəlir mənbəyi olmayan uşaqlı qadınlar üçün ağır nəticələrə gətirib çıxarır.
Müasir günümüzün başqa bir təsviri rejissor Lalə Əliyevanın “Pıçıldaşırlar, bəzən isə fəryad edirlər” filmində ekranlaşdırılıb. Rejissor mifologiyaya əsaslanan ideyanın üzərində işləyir. Mifə görə, göl qadınlıq simvolu, özünü dəyərləndirmə və vəhy şansı kimi qəbul edilir. Göl Urva kəndindən olan qadınların toxuduğu parçalarla bəzədilmiş üç ağacla əhatə olunmuşdur. Qadınlar bu gölə su götürməyə gəlir və təbiətin əhatəsində olmaqla iztirablarını özlərindən uzaqlaşdırır. Bu, yaşadıqları çətinliklərdən sonra dinclik və mənəvi rahatlıq tapmaq ümidi ilə dərdlərini bölüşmək, dua etmək və qorxularını danışmaq üçün gölə gələn kənddəki bəzi qadınların həyatlarını göstərir. Bu çətinliklər əksər hallarda o qadınların kimləsə bölüşmədikləri və bildirmədikləri zorakılıq və istismarlardır. Onlar bu narahatlıqlarını suya danışar və suyun təhlükəsizlik təmin etməklə onları gizli saxlayacağına və nə vaxtsa ağrılarını aparacağına ümid edərlər. Nəticədə, filmin yanaşmasından bu qənaətə gəlmək olar ki, qadınlar ikinci dərəcəli və ya passiv rol deyillər və onlara imkan verilməlidir ki, səsləri və problemləri eşidilsin. Azərbaycanda gender problemlərini əks etdirmək üçün satirik obrazlar və ssenarilərdən daha çox faciəvi obrazlar və sujetlərdən istifadə edən müasir rejissorların yanaşmalarını vurğulamaq və bu gender stereotiplərinin, normaların əsasını sarsıtmaq çox vacibdir.
Kinoda ana və ata obrazları
Azərbaycan kontekstində dini, millətçi və populyar müzakirələrdə əks olunan ən güclü simvollardan biri də analıqdır. Azərbaycan kinosu və televiziyası təmizlik, dekorativ rollar və məcburi heteroseksuallıq fikrinə əlavə olaraq, genderi ana obrazlarının simvolizə etdiyi müqəddəsliklə və ata obrazlarının rəmzi sayılan sərtliklə təqdim edir. Atalar filmlərdə adətən əsəbi, ciddi və çətinliklə razılığa gələn rasional fiqurlar kimi təqdim olunur. Onlar “ailənin başçısı” olmalı və onu təmin etməlidir. Ana isə fədakar, emosional olmalı və hər kəsin qayğısına qalmalıdır. Azərbaycan ailələrində valideynlərin gender əsaslı bölgüsünü təhlil edərkən qadınların ev quran və sülh yaradan, kişilərin təminatçı və qərar qəbul edən rolunda olduğu açıq nəzərə çarpır.
Bu ənənəvi ailələrdə kişilərin uşaq tərbiyəsi xaricində bütün digər qərar qəbul etmə proseslərinə daha çox təsiri var, çünki “təbii” olaraq uşağın qayğısına qalmaq ananın işi hesab edilir. Cəmiyyət tərəfindən çox da dəyərləndirilməyən atalıqla müqayisədə, analıq qadının ən müqəddəs rolu və ən üstün funksiyası sayılır. Bu hal-hazırda cəmiyyətin bütün üzvləri üçün çox ciddi nəticələrə gətirib çıxarır və mentaliteti öz güclərini və insanların həyat və azadlıqlarına nəzarəti göstərmək üçün bəhanə edən köhnə düşüncəli insanlara fayda verir və onların eqolarını böyüdür. Beynəlxalq Qadınlar Günü də Azərbaycanda “qadınlığı” qeyd etmək üçün başqa bir tarixi gün kimi qeyd olunur. Bununla qadının reproduktiv funksiyasını, cəmiyyət və hökumət qarşısında vəzifəsini vurğulayaraq sonsuz qadın və kişilərə, sağlamlıq problemi olanlara, geylərə, lezbiyanlara, transseksuallara və menopauzalı qadınlara ciddi şəkildə məhəl qoymur.
Bu ayrıseçkiliyin növbəti nəticələrindən biri də valideyn məzuniyyətidir. Azərbaycanda kişilər yalnız on dörd gün ödənişsiz atalıq məzuniyyəti aldığı halda, qadınların üç illik analıq məzuniyyəti götürmək haqqı var. Bunu bir imtiyaz və kişilərə qarşı müsbət ayrıseçkilik kimi təqdim edən hökumət, ölkənin inkişafını ləngidən və seçim azadlığına müdaxilə edən zərərli ənənələri və gender əsaslı rolları davam etdirir. Bu gender əsaslı siyasət qadınları və kişiləri çıxılmaz vəziyyətdə qoyur, əksər hallarda qadınlar iş imkanları və karyera yüksəlişindən məhrum olur, onlara hamiləliyə görə müavinət verilmir, kişilər isə erkən atalıq təcrübəsi yaşamır və məsuliyyət götürmürlər.
Patriarxal cəmiyyətdə hər iki cins müxtəlif təzyiq növləri ilə qarşılaşdıqları üçün bunu ailə daxilində fərqli güc formasında nümayiş etdirirlər. Azərbaycanın patriarxal və ailə kontekstində qadınlar münasibətlərdəki rollarına və oğul anası olduqlarına görə güc sahibi olur. Azərbaycan qadınlarına həyat yoldaşı kimi yox, ana kimi daha çox hörmət edilir və səlahiyyət verilir. Həyat yoldaşı statusunda onlara itaətkar və qulluqçu kimi yanaşılır. Geniş istifadə olunan “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” ifadəsi də aliləşdirilən kişi nüfuzu və qadın itaəti ilə əlaqəli, selektiv abortlar da daxil olmaqla, çoxsaylı gender əsaslı zorakılıq formaları ilə sıx bağlı olan sosial normalara bir nümunədir. Bu barədə ən son BMT-nin Əhali Fondu tərəfindən hazırlanmış Azərbaycanda Gender Bərabərliyi və Cinsi Münasibətlər: Mövcud tendensiyalar və imkanlar adlı hesabat selektiv abort etdirməyi seçən kişi və qadın respondentlərin izahatlarından ibarət sorğunun nəticələrini göstərir. Respondentlərə görə, “qız ailəsi üçün ağır bir yükdür” və “qız öz ayaqları üzərində sərbəst dayana bilməz; o, müstəqil deyil.” Onlar həmçinin “hər kişi ilk uşağın oğlan olmasını istəyir” və “bəzi hallarda qızlar böyüyəndə əxlaqsız olur” kimi fikirlər də bildiriblər. Nəticə olaraq həm dövlət, həm də BMT-nin Əhali Fondunun hesabatları 2014–2017-ci illərdə cinsi nisbətin hər doğulan 100 qız üçün 116–114 oğlan olduğunu göstərir. Oğlan doğum faizinin yüksək olması qız doğumlarına qarşı qərəzli cinsiyyət seçiminin göstəricisidir. Daha bir geniş istifadə edilən “cənnət anaların ayaqları altındadır” ifadəsi insanların ana roluna etdikləri hörməti göstərir və qadınlara bunu yalnız ana olaraq qazana biləcəkləri və layiq olacaqlarını xatırlatmaq üçün istifadə olunan bir növ təzyiqdir. Qadınlar fədakar və qayğıkeş ana kimi təsvir olunur. Bu təfsirlər təsdiqləyir ki, Azərbaycan kinosu qadınları fədakar təsvir etsə də, uşaqlarını, xüsusən də oğullarını qorumağa gələndə, onları “yıxılmaz” kimi göstərir. 1963-cü ildə çəkilmiş Əhməd haradadır? filmində Əhmədin (oğulun) anasının öz həyat yoldaşına qarşı çıxdığı və ona “Əhmədin anası ölməyib ki, onu vurasan!” deyərək qışqırdığı bir səhnə var. Bu, yaşadığı müddətdə anasının oğlunu qorumaq üçün yanında olduğu və heç kimin onu incitməsinə icazə verməməsi anlamına gəlir. Filmin maraqlı süjet xətti var; Əhməd və Leyla köhnə adət və ənənələrə meydan oxumağa çalışan və valideynlərinin vasitəçiliyi ilə planlanan evlilikdən yayınmaq üçün evlərindən qaçan cütlükdür. Onlar yol boyu bir-birini tanıyır və aşiq olurlar. Məlum olur ki, valideynləri bu cütlüyün evliliyini əvvəlcədən planlaşdırırmış. Film ər-arvad arasındakı güc fərqini və gənclərin ailə və cəmiyyətin təzyiqinə və nəzarətinə etirazını əks etdirir.
Azərbaycan mediasında qadınlar kişilərin üstünlük təşkil etdiyi dünyada həm itaətkar, həm də güclü və ilahi ana fiqurları kimi təsvir olunur. Qadının bu cür paradoksal mövqeyi Azərbaycan qadınlığı ətrafında ikitərəflilik və ziddiyyətlər üçün mənbə yaradır. Bir neçə məşhur Azərbaycan filmi bu qarışıq münasibəti təsvir edir.
Genderə millətçilik motivləri ilə əlaqəli verilən şərhlər də oxşar digər filmlərdə özünü göstərir. Bu hekayəçilərə görə gender mədəni fərqlilik üçün önəmli istinad mənbəyidir. Xəcalət, səbr, sadiqlik və hətta ehtiram Azərbaycan qadınının “azərbaycançılığının” işarəsi kimi təqdim olunur. Bu fərq ilk növbədə cinsəlliyi nəzarəti və təmiz/bakirə bir qadın konstruksiyası ilə qeyd edilir. Kommersial Azərbaycan kinosu da maskulin məkana çevrilib və istər-istəməz qadınların mövzu deyil, obyekt kimi təsvir olunmasına zəmin yaradır. Başqa sözlə desək, qadınlara, əsasən kişinin ehtirasını, fantaziyasını və işini təmin edən obyekt funksiyası daşıdığına görə “dekorativ personajlar” kimi baxılırdı.
Xülasə
Azərbaycan mediası gender bölgüsü və rollarının kommunikativ olaraq necə qurulduğunu araşdırmaq üçün həlledici məkandır. Araşdırma edərkən milli kinodakı qadın rollarını və problemlərini təsvir edən yalnız iki məqalə ilə qarşılaşdım: Aliyə Dadaşovanın “Fahişədən ögey anaya qədər” və Sevda Süleymanovanın “Azərbaycan kinosundakı qadın obrazları”. Bu həm də ictimaiyyətin qadın obrazlarına, rollarına və problemlərinə marağının çox aşağı olduğunu göstərir.
Bu məqalədə müasir cəmiyyətdə illərdir əks-səda doğuran, qadınların analıq və bakirəlik, kişilərin isə qəyyumluq və ailənin başçısı diskurslarında yer aldığı məşhur filmləri araşdırdım. Azərbaycan qadınlığı və kişiliyinin ana-qadın, seksuallıq və ideal-kişi ilə əlaqəli nümayişi və təsvirlərinə xas olan bəzi mübahisə və ziddiyyətləri ortya qoymağa çalışdım. Cəmiyyətdəki kino, gender və medianın araşdırılması ilə məşğul olmağım həm Azərbaycan mediasının sabit olaraq izləmədiyimə , həm də onların cəmiyyətimizdə subyektivliyin formalaşmasında mərkəzi rolunun şüurlu, əks olunan şəkildə tanınmasına münasibətdə özünü göstərir.
Başlıqdan da göründüyü kimi, bu məqalədə qadın və kişinin necə təfsir edildiyi araşdırılır və mən onların rollarını müəyyənləşdirirəm və bu çərçivədən geniş yayılmış cinsiyyətçilik və himayəçiliyin, eləcə də ciddi formada hiper-maskulinliyin çatdırılması üçün istifadə edilir.
Filmlərin nümayişi və gender bərabərsizliyinin sosial və siyasi aspektləri və bu mövzularda kütləvi tədbirlərin təşkili vacib sualları gündəmə gətirməlidir. Ancaq bu filmlərin və görüntülərin insanları qızlara və qadınlara barbarca davranmaqdan çəkindirəcəyinə ümid etmək qanunlar və bunların icrası olmadan effektiv deyil. Azərbaycan Respublikasının Konstitusiyası (12 Noyabr 1995) cinsi ayrı-seçkiliyi qadağan edir və “ər və arvadın hüquqları bərabərdir” deyərək qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanı (CEDAW) imzaladıqdan sonra, 2006-cı ildə Qadın və Kişilər üçün Bərabər Hüquqların Dövlət Zəmanətləri haqqında Qanun qəbul etdi. Bu fəaliyyət gender bərabərliyinin hüquqi təməlini qoydu. 2010-cu ildə Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edildi. Qanuni səviyyədə aparılan bəzi siyasət və səylərə baxmayaraq, qanunların icrası zəif olub, mexanizmlər və xidmətlər yaxşı inkişaf etdirilməyib və effektli nəticə göstərməyib. Buna baxmayaraq, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Alman Beynəlxalq Əməkdaşlıq Korporasiyası, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı kimi digər təşkilatlar arasında beynəlxalq təşkilatların fəal iştirakı və dəstəyi ilə Azərbaycanda yavaş-yavaş müsbət dəyişikliklərə doğru addımlar atılır.
Zümrüd Cəlilova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə bakalavr və Bristol Universitetində Gender və Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili almışdır. Riga Ali Hüquq Məktəbinin Avropa Hüququ və İqtisadiyyatı üzrə mütərəqqi proqramın məzunudur. O, həmçinin Bakı Dövlət Universitetində Gender Araşdırmaları fənnini üç dildə tədris edib. Zümrüd Cəlilova gender haqda çoxsaylı məqalələrin müəllifidir və gender mövzusunu daha geniş araşdırmağa davam edir.