Beynəlxalq Alzheimer Günü
Alzheimer yaddaş və davranış problemlərinə səbəb olan ən geniş yayılmış demensiya növüdür. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il dünyada təxminən 7,7 milyon insana demensiya diaqnozu qoyulur və bu say artmağa davam edir. Cəmiyyətimizdə insanların belə problemi olan şəxslərlə empatiya qurması və onlara qayğı ilə yanaşmanın aşılanması üçün məlumatlandırma kampaniyalarının keçirilməsinə ehtiyac var. Alzheimer haqda çəkilmiş məşhur sənədli və bədii filmlər siyahısı sizə həm bu mövzu barədə daha çox məlumatlı olmağa, həm də onları emosional olaraq daha yaxşı anlamağa kömək edə bilər!
Still Alice
Kolumbiyada yaşayan 50 yaşlı dilçilik üzrə professor Alice Howland-ın həyatı ona qoyulan erkən Alzheimer diaqnozundan sonra dəyişməyə başlayır. Real hekayəyə əsaslanan həm təsirli və səmimi, həm də güclüdür. Alice obrazını canlandıran məşhur aktrisa Julianne Moore ən yaxşı aktrisa nominasiyasında Oskar, BAFTA və Qızıl Kürə mükafatlarının qalibidir.
The Savages
2007-ci il istehsalı olan bu faciəvi komediyada Laura Linney və Philip Seymour Hoffman demensiyalı bir valideynə qulluq edən bacı və qardaşı canlandırır. Qeyd edək ki, Laura Linney ən yaxşı aktrisa nominasiyasında, Tamara Jenkins isə ən yaxşı orijinal ssenari nominasiyasında Oscar mükafatına namizəd göstərilmişdir.
Live twice, love once
Netflixdə yayımlanan Live twice, Love once Alzheimer diaqnozu qoyulan Emilio-nun (Oscar Martinez) ailəsi ilə birlikdə öz uşaqlıq sevgisini axtararkən yaşadığı macəralardan bəhs edən ispan komediya filmidir.
Iris: A Memoir of Iris Murdoch
John Baileyin Iris üçün Elegy romanı əsasında çəkilən bu film Alzheimer diaqnozu qoyulan ingilis yazıçı Iris Murdoch və 40 illik həyat yoldaşı Bailey-in təmənnasız sevgisindən bəhs edən real hekayədir.
Genius of Marian
Genius of Marian sənədli filmi bir ailənin Alzheimer ilə apardığı mübarizəsindən bəhs edən vizual olaraq zəngin, emosional cəhətdən mürəkkəb hekayədir. Pam White-a 61 yaşında erkən başlayan Alzheimer diaqnozu qoyulduqdan sonra onun və ətrafındakı hər kəsin həyatında yavaş-yavaş, lakin geri dönüşü olmayan dəyişikliklər başlayır. Pam-ın övladları analarının bu halına kədərlənsələr də, ona sevgilərini və dəstəklərini göstərməyin yolunu tapırlar. Böyük oğlu Banker, Pam-ın uşaqlıq xatirələrini və Alzheimer xəstəliyindən əziyyət çəkən anası – məşhur rəssam Marian Williams Steele haqda söhbətlərini video lentə alır.
Alive Inside
Alive inside sənədli filmi musiqinin demensiya və digər yaddaş problemləri olan insanlara necə təsir etdiyini, duyğularına necə toxunduğunu və onların mənlik hissini bərpa etdiyini araşdırır. Nevroloq və yazıçı Oliver Sachs və musiqiçi Bobby McFerrin-in birlikdə iştirak etdiyi film tamaşaçıları Amerika Birləşmiş Ştatlarının 16000 qocalar evi və qayğı mərkəzlərinə musiqi gətirmək üçün çalışan sosial işçi Dan Cohen-in axtarışlarına cəlb edir.
I Remember Better When I Paint
Olivia de Havilland-ın nəql etdiyi I Remember Better When I Paint incəsənətin və digər yaradıcılıq terapiyalarının Alzheimer pasientlərinə müsbət təsiri və bu yanaşmaların problemə münasibətimizi necə dəyişdirə biləcəyindən bəhs edən ilk beynəlxalq sənədli filmdir. Film heyətində məşhur həkimlər, Alzheimer Disease International prezidenti Yasmin Aga Khan, həmçinin Alzheimer səbəbindən vəfat edən məşhur aktrisa Rita Hayworth-ün qızı da yer alır.
The Alzheimer’s project – HBO
Dörd hissədən ibarət olan bu sənədli serial proqressiv yaddaş pozuntularının səbəbləri, simptomları, mümkün müalicələrini və bu problemin həm xəstələrə, həm də yaxınlarına təsirlərini yaxından araşdırır. İnsanlar arasında bu problemə yeni yanaşmanı ortaya qoymağı hədəfləyən serial 15 əlavə qısa film, bir veb sayt və milli maarifləndirmə kampaniyasını əhatə edən böyük layihənin bir hissəsidir.