Məni unutma! #qadıncinayətlərinəsusma

 Məni unutma! #qadıncinayətlərinəsusma

Vüsal Rəhim qadınlara həsr etdiyi “Məni unutma!” adlı yeni sosial incəsənət layihəsini təqdim edib. O, 8 mart ərəfəsində 7 gün boyunca öz media hesablarında ölümü sosial şəbəkələrdə çox sıx müzakirə olunan 7 qadının portretini paylaşıb.

Rəssam əvvəlki layihələrində Azərbaycan cəmiyyətində qadın azadlıqları ilə bağlı sosial mövzulara toxunub. Bu dəfə isə problemi incəsənət vasitəsilə dilə gətirməyə qərar verib. Bu yolla qadınların intihara sürükləməsini, hətta onların “şərəf və ləyaqət” əsas gətirilərək belə soyuqqanlı şəkildə öldürülməsini dayandırmağa ehtiyac var. Rəssam, eyni zamanda cəmiyyətin kişiyə – cinayətkara bəraət qazandırmaq üçün bəhanə tapmağa çalışmasından da narahatdır.
Həyat yoldaşı və oğlu tərəfindən amansızlıqla öldürülüb və evin içində basdırılan, cəsədləri isə illər sonra tapılan ana və 4 qızı. Səhər tezdən iki qızı yetim qoyulan süpürgəçi. Anasının məzarı üzərində başsız cəsədi tapılan, qardaşı tərəfindən amansızlıqla qətlə yetirilən bacı. Məqalədə bu və qətiyyən unuda bilməyəcəyiniz bir neçə başqa hekayələri qurbanların öz dilindən oxuyacaqsınız.

Vüsal Rəhim: Son illər demək olar ki, tez-tez sosial media hesablarımızda və xəbər portallarında qarşımıza çıxan qadın cinayətlərinə bir rəssam kimi öz münasibətimi bildirmək istərdim. Yüksək səslə deyirəm: #qadıncinayətlərinəsusma! Yüksək səslə qışqırıram: #qadincinayətlərinəsusma! Cəmiyyətimizdə son illər adiləşən və getdikcə daha da hədsizləşən bu vəhşiliyin səbəblərini müzakirə etməyə və gələcəkdə bu kimi ağır nəticələrin olmaması üçün hərkəsi dialoqa səsləyirəm. Kim necə bacarırsa, kim nəcə dayandıra bilirsə, artıq nəsə edilsin! Həyəcan zənglərinin çalınma vaxtıdır. Problem mentalitetimizmidir, cəmiyyətimizmidir, fərdin iqtisadı azadlığıdırmı, təhsildirmi, dindirmi, siyasi ideologiyadırmı, yanlış nədirsə artıq müzakirə edək. Artıq həll yollarını düşünək…

Məni Unutma! Banu

Mənim adım Banudur. 29 yanvar 2021-ci il tarixində bütün ölkə mediasında mənim adımı və öldürülüb hissə-hissə zibilliyə atıldığım barədə oxudunuz. Amma o tarixə qədər mən də sonumu bilmədən öz dərdlərimlə savaşaraq nə vaxtsa çəkdiyim ağrının bitəcəyinə əminliklə, sabaha ümidlə yaşayırdım. Lakin iki övladımla qaynatamın və qaynanamın yanında məni yalnız qoyan ərimi gözləyərkən, ümidlərim boşa çıxdı. Hissələrimin hərəsini bir selofanda zibillikdə tapıb morq masasına yığdılar. Nə olduğunu anlamadan, ruhum uşaqlarımı qucaqlayarkən soyuq, dəmir morq masasının üstündə bədənimin fotoları çəkildi. O istəyirdi mən tanınmayam, istəyirdi mən tapılmayam. Bunun üçün hətta üzümün dərisinin bir hissəsini soymuşdu, məni yox etmək istəyirdi. Ancaq tapıldım, və artıq hamının müzakirəsinə buraxılmış, ağıldan-ağıla çeynənilməyə hazır hekayə və sonluğam. Heç zaman özümü və haqqımı müdafiə edə bilməyəcək bir xəbər başlığıyam.

Qeyd: 27 yanvar gecə saatlarında Nəsimi rayonu ərazisində zibil qutularından naməlum qadının doğranmış meyiti aşkarlanıb. Daha sonra məlum olub ki, həmin şəxs 32 yaşlı Banu Məhərrəmovadır. Onu 75 yaşlı qaynatası İdris Məhərrəmovun öldürdüyü məlum olub. Hadisə isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İdris Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, selofan və kisələrdə Nəsimi rayonuna apararaq zibil qablarına atıb.

Hadisədən sonra İdris Məhərrəmov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

#Banuüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Məni Unutma! Elina

Pəncərədə dayanıb ayaqlarımın altındakı boşluğa baxarkən qulağımda mənə gülən uşaqların və üzünü xatırlamadığım kölgələrin səsi beynimdə yamsılanırdı.
Sonra kimsə çox aydın və yüksək səslə dedi: Elina atlan!!!
Nə isə oldu, heçnə hiss etmirdim, yalnız ürək döyüntüm elə bil ağzımın içində idi.
Sonra bir qadının sifəti yadıma gəlir. Mənə hey deyirdi: sən özün yıxıldın, hə? Can ay bala, can, eybi olmaz.
Sonra daha bir qadının üzünü gördüm.
Ağrın var? – deyə soruşdu.
Sonra həmin qadın qışqırdı ki, çıxın çölə “duxunuz var” harasa zəng edin.
– Az, sənlə döyüləm? Çıx çölə!
– Hə, qızım, sən özün, ayağın sürüşdü, yıxıldın, hə?
– Telefona bax, möhkəm de!
Qadın məni videoya çəkirdi. Ağrıları hiss edirdim yavaş-yavaş. Sonra məni harasa apardılar. Üzərimdə ağ geyimli və qara geyimli insanlar didişirdilər. Sonra hər şey bitdi!
Mən intahar etmişdim. Təhsil aldığım məktəbin rəhbərliyi məni iki saat öz otağında saxlayaraq video çəkdilər. Onlar mənim canımın yox, kreslolarının qayğısına qaldılar. İki saatdan sonra gələn tibbi yardım məni xəstəxanaya aparsa da, xilas edə bilməmişdilər.

Qeyd: Bakının Səbail rayonu 162 saylı orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Elina Hacıyeva 06.aprel.2019 tarixində səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilib.

Qeyd 2: Məktəb müdürü S.Abbasova aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qeyd 3: Məhkəmə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması qərar verdi. O elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.

#Elinaüçünsusma

Akvarel, kağız 31 x 20 sm
Akvarel, kağız 31 x 20 sm

Məni Unutma! Aytən

Qardaşımla görüşəcəkdim, qaynanam dedi ki, tək getmə. Fikir vermədim, axı mən doğma, canı bir, qanı bir qardaşımla görüşəcəkdim.
Qardaşım mənə kömək edə bilərdi, aramızda nə olubsa, olub, mən onun bacısıyam. İndi o da bilir ki, yoldaşımdan ayrılmışam, tək uşağımla kirayələrdəyəm. Dəstəyinə ehtiyacım var.
Buz kimi mərmərin üzərində günəşin doğmasını, dərimə və açıq olan gözlərimə dolan istiliklə hiss etdim. Saçlarım anamın mərmər qəbri üstünə yayılmışdı, sanki onu qucaqlayırdı. Ona sığınmışdım. Oğlumdan, evimdən uzaqda, saçlarım öz qanımın içində idi.
Sonra məni morq masasına, məndən ayrı düşmüş bədənimə tikmək üçün qoydular. Gözlərim yenə açıq idi, tavandakı işığa zillənmişdi. Polislər mənim məlumatlarımı həkimə nəql edirdi.
Mərhumə 23 yaşlı Aytən Fərzəliyeva 24.11.2019-cu tarixində anasının məzarı üzərində başı kəsilərək öldürülüb. Tək anadır, 9 aylıq bir oğlu var.
– Oğlum! O, indi haradadır, görən?
Qaynanam… Son vaxtlar atamdan da, qardaşımdan da ən yaxın dayağım o idi. Hətta mənə görə oğlundan üz döndərib mənim yanımda oldu. Ana əvəzi oldu mənə. Öz anam və bacım 2014-cü ildə atamın təzyiqlərinə dözməyib intihar etdilər, sonra özüm də zorakılıq gördüm, atam həbs olundu. Nəhayət, uşaq sığınacağına qəbul edildim. Sonra evləndim. Amma uzun çəkmədi.
Əslində, qardaşımla anamdan qalan ev üçün görüşəcəkdim. Onu son bir ildə yalnız üç dəfə görmüşdüm. hər zaman deyirdi ki, haradasa başqa ölkədədir. Amma mən nələrinsə dəyişəcəyinə ümidli idim, düşünürdüm ki, məni anlayar, mənə kömək edər.
– Oğlum! O, indi, görən, haradadır?
Polis getdi. Deyəsən, həkim də işini bitirir.
– Oğlum! Yəqin ona deyəcəklər ki, əxlaqsızlığa görə dayın ananın başını kəsdi.
– Oğlum!
Həkim işini bitirdi, əli ilə gözlərimə sığal çəkdi. Hər şey indi qaraldı və bitdi!

Qeyd: İttihama görə, 1996-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb.

#Aytənüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Məni Unutma! Nərmin

Günəş gözlərimi yandırarkən mən isə ona düz baxmağa çalışıram, hərdən onunla qaçdı-tutdu da oynayıram. Günəş və mən – biz dostuq. Bizim kəndin hər yanından onu görmək olur. Bizim kənddə kölgə yoxdur, qaranlıq yoxdur. O, məni hər yerdə izləyir və mənə gülümsəyir. Açıq səma altında mən oynayıram, o isə mənə baxır. Bizim kəndə kölgə yoxdur.
Kölgə!
Sus! Amma o varmış, mən sadəcə bilmirmişəm, bəlkə də yaşım azdır ona görə. Həmin kölgə məni günəşin önündən, gündüz o görə-görə oğurladı, yaşadığım Tovuz rayonunun Dondar Quşçu kəndinin dərinliyində uddu. Bilirsən, kölgə 40 gün əli ilə mənim ağzımdan tutub dostum günəşdən ayırdı. Dostum bəlkə də mənim olduğum yeri axtarırdı. Hərdən onun şüaları olduğum yerə düşürdü. Amma mən onu səsləyə bilmirdim. O, pis nəfəsi ilə, çirkli əli ilə ağzımı tuturdu. On yaşlı bədənim qaranlıqda idi.
Sonra mən Günəşə daha gülə bilmədim. Məni axtardı, amma kül olaraq oynadığım, küçələrin birində, günlər sonra tapıldım. Ahım səmaya, küllərim isə qara torpağa qarışdı. Amma mən dostuma daha gülümsəyə bilmədim.
Hər yerdə məndən yazırlar, kəndimizdə çoxlu adamlar var. Hamı kölgəni axtarır. Kölgə isə onların arasındadır. Heç kim, əsl canini tapa bilmir. Bəlkə də cani bir nəfər deyil, bəlkə də, o, ən yaxın olanlardan biridir. Amma mən bunu indi deməyəcəm.
Qeyd: Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar araşdırma başladı.
Qeyd 2: Uşağın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd 3: İlkin Süleymanovun bacısı İlhamə Süleymanova “BBC News Azərbaycanca” xəbər portalına açıqlamasında iddia edib ki, qardaşı cinayəti “işgəncə altında” etiraf edib.

#Nərminüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Məni Unutma! Aytac

Bizim yaşadığımız tarixi torpaqlarda var olan və dünyada tanınan bir çox əfsanələr, dastanlar var. Amma mənim hekayəm nə Nizaminin “Xosrov və Şirin”idir”, nə Füzulinin “Leyli və Məcnun”udur, nə də ki, “Əsli və Kərəm” dastanıdır. Mənim sevgim uğrunda nə qayaları yaran, nə özünü səhraya vuran, nə də ki, sevgisi uğrunda yanan oldu. İndi müasir dünyanın “sevgisi” var. Bu sevgi “yox” sözünü qəbul etmir, qadına seçim hüququ vermir. Hər bir qaydanı qarşı tərəf qoyur və sən iplərini onun əlinə şərtsiz verməlisən. Sevgi budurmu? Mən məktəbdə, ədəbiyyat dərsində oxuduğum sevgilər yaşadırdı, canlandırırdı.
O, məni sevirdi? 17 yaşlı bədənim dərmə-deşik küçənin ortasında yerə sərildi.
Bütün rənglər, qoxular, səslər, arzular bir anda mənimlə birlikdə yerə, insanların ayaqları altına çırpılıb çilikləndi. Qırıntılarım son dəfə solğun buludları əks etdirib qaraldı.
Qeyd: İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim
Qeyd 2: Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir.

#Aytacüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Məni Unutma! Cəmilə

Hər gün evimin dəmir qapısını örtüb, səhər 5 radələrində işə gedirəm. Sonra Ninza paltarımı geyinib oluram yapon qılınc ustası. Az sonra qılıncımın gücü ilə günəş doğur. Qılıncım tozu dumana qatan süpürgə olmasına baxmayaraq, hərdən doğrudan da onun qılınc olduğuna inanıram. Görəsən, qılınc olsaydı, mən ərimlə savaşıb ona qalib gələ bilərdim? Ya da məni oxumağa qoymayan atamla? O cındır rəisi də bu qılıncla dərmə-deşik edə bilərəm.
Evdə iki qızım var. Bayaq, görəsən, qapını möhkəm örtmədim ki? Zalım, elə bil traktordu, bütün evi sirkələyir. Qızlar oyandı görən? Onlar oxumalıdır. Anamın üzü gülməlidir, hələ Bakıda öz evim də olmalıdır. Kirayəni çatdırmıram. Ərim, ona ər demək olarsa. Heç bilmirəm harada sülənir. Yoxdur, elə bil iki qızı tək orataya çıxartmışam.
Gərək bayaq yığıdığım selofanları rəisdən gizlədəm. Cındır ona da tamah salır. Arada yığıb satıram. Balacaya krujevalı ağ corab görmüşəm, Sədaqətdən alacam.
Cəmilə!!!
Magistral yolun kənarında il ərzində ölən onlarla yaşlı, gənc qadından biriyəm artıq. Qılınc havaya qalxdı və yerə düşüb quru ot parçalarına ayrıldı. Qanım doğulduğum kəndin çayı kimi qıvrılaraq magistral yol boyu axdı.
Adım Cəmilədir, iki qız uşağı olan tənha ana idim.
Qeyd: Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qızı Zümrüd və Jalə yetim qaldı.

#Cəmiləüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Məni Unutma! Mehparə

Bacım məni bir müddətdir axtarır. O, artıq efirlərdə mənim və dörd qızımın fotalarıyla harada olduğumuzu soruşur. Cavablar çoxdur, biri deyir mən və qızlarım Türkiyəyə getmişik, digəri isə mənim və qızlarımın Bakıda olduğunu deyir. Hər kəs bir şey danışır.
Əslində, aylardır qızlarımla birgə Salyanda öz evimin yataq otağının altında səssiz-sədasız dərinliyə qərq olmuşuq.
Ərim və oğlum bizi orada qoyub Bakıya getdilər. Biz öz evimizdəyik. Bir vaxtlar divarlarına çırpılan başımız, içərisində səssiz qışqırıqlarla ər, ata təpiyini, yumruğunu yediyimiz o dörd divarlı evimizdəyik. Həqiqətin işığını gözləyirdik, mən və 4 qızım bir-birimizə sığınıb, soyuq qışı, sonra yazı, yayı, payızı və daha üç ili keçirdik. Bu müddətdə biz çürüdük, dağıldıq, ətlərimiz sümklərimizdən ayrıldı. Səssiz fəryadlarımız öz evimizin boş divarlarında əks-səda verdi. Mənim oxumalı olan, gəlin olub ağ geyimdə ata evindən köçməli olan qızlarım mənimlə birgə bu soyuq torpaqda ataları tərəfindən döyülərək, başları kəsilərək dərinliyə atıldılar.
Qeyd 1: Fakta görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd 2: Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
Qeyd 3: Salyan şəhərində 2014-cü ildə baş vermiş və üstü 3 il sonra açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Beləki, Mehparə Əliyevanın 1961-ci il, qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidəni 1991-ci amansızlıqla öldürüldüyü, qətliamı törədən şəxs – ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

#Mehparəüçünsusma

Akvarel, kağız. 31 x 20 sm
Akvarel, kağız. 31 x 20 sm

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir