Yəqin ki, Treysi Emin haqda eşitmisiniz. Çoxu onun adını “Mənim çarpayım” instalyasiyası ilə xatırlayır. Belə ki, əsər 1999-cu ildə mediada elə təqdim olunmuşdu ki, nümayiş olunduğu Tate Qalereyasının ziyarətçi sayı bütün dövrlərin rekordunu qırmışdı. Elə bu işi ilə həm də “Turner” mükafatına namizəd olub, üstəlik Venesiya Bienalında da nümayiş edilib. O, 2011-ci ildən Kral İncəsənət Akademiyasında professorudur və oranın ilk qadın müəllimidir.
Treysi 1963-cü ildə anadan olub. Uşaqlığı və gəncliyini Marqite əyalətində keçirib. Çətin keçən uşaqlıq dövrünü 13 yaşında həyatında olduqca ağır hadisə baş verib – zorlanıb. Onun əsərlərində də bu psixoloji travmanın izlərini görmək olur. İlk əsərləri praktiki olaraq bugünümüzə gəlib çatmayıb, çünki Emin 90-cı illərdə onları özü məhv edib. Hətta iki dəfə ağır abort prosesi keçirib. Bu müddəti özünün “emosional intihar” dövrü adlandırdı. Əsərlərinə özəl, bəzən də açıq, səmimi hisslərini yansıdır.
İlk yüksək səviyyəli layihələrindən birini o, 1995-ci ildə Londonda qrup sərgisində təqdim edib. “Nəvaxtsa yatdığım hər kəs”adlı instalyasiyası içi müxtəlif adlarla örtülmüş geniş mavi çadırdan ibarət idi. Provokativ adı olmağına baxmayaraq, Treysi burada sadəcə cinsi deyil, həm də ümumiyyətlə insanların yaxın münasibətlərini göstərir. Siyahıya öz sevgililəri ilə yanaşı, uşaq vaxtı eyni çarpayıda birgə yatdığı qohumlarının və iki doğulmamış uşağının da adını yazmışdı.
Onun digər işi 1999-cu ildə Londonda “Tate Modern” Qalereyasında təqdim etdiyi “Mənim çarpayım” instalyasiyasıdır. Yataq elə də cəlbedici görünmür. Mələfələrin üzərində sarı ləkələr, çarpayının üstündə və ətrafında boş siqaret qutuları, istifadə olunmuş prezervativlər və bezlər var. İnstalyasiyanın arxasındakı ideya isə şoka salacaq dərəcədə sadədir. O, sadəcə özünün yatdığı çarpayını yerləşdirib. Hansı ki, intihardan öncəki vəziyyətində bir neçə gününü bu çarpayıda keçirmişdi. 2014-cü ildə “Mənim çarpayım” instalyasiyası “Christie`s” hərracında 2.5 milyon avroya satıldı.