Tanımalı olduğunuz 10 qrup və musiqi

80-ci illər bütün dünyada inkaredilməz bir iz qoyub getdi. İstər dünyadakı siyasi yeniliklər – Soyuq müharibə, İran İslam inqilabı, Əfqanıstan müharibəsi, İraq, Qvatemala və Qafqazdakı münaqişələr – istərsə də texnoloji inkişaf incəsənətə yön verməyə bilməzdi. Hollivudun şən romantik-komediya filmlərinin fonunda gedən qətliam və müharibələr musiqiyə də sirayət etdi.

Əslində çox ümumiləşdirmə etsək ölkələrin rifah şəraitinə və yerləşdikləri regiona görə lirikanın mövzusunun dəyişdiyini də görürük. Məsələn, İspaniyada diktator Frankonun ölümündən sonra musiqi səhnəsi də rəsmən çiçəkləndi – Marisol beynəlxalq dərəcədə məşhur musiqiçi olmuşdu. Eləcə də Frankonun tərəfdarlarından olan Xulio İqlesiasın uşaqları və nəvələri də dünya musiqisinə damğa vurdular. ABŞ-dan fərqli olaraq Avropada pop, rok və elektronik musiqi dövrü idi. Bu yazıda sizlərə tanımalı və dinləməli olduğunuz, [ən azından ölkəmizdə] az bilinən əsas qrup və mahnılarla tanış edəcəyəm.

New Order məşhur Joy Division qrupunun solisti İen Kyörtis (Ian Curtis) vəfat edəndən sonra yaradılmışdı. Joy Division-un keçmiş üzvlərindən ibarət olan qrup 1985-ci ildə Low Life albomunda Elegy adlı darkveyv janrında, instrumental bir parça yayımlayırlar. Əvvəlcə 4 dəqiqə 54 saniyəlik olan bu musiqi 2002-ci ildə qrup tərəfindən tam versiyada yayımlanır – 17 dəqiqə 30 saniyə! Həqiqətən də elegiya kimi hiss etdirən musiqi daha sonra film, oyun və serial saundtreki kimi istifadə olunub.

New Order daha sonra Britaniyanın nyuveyv, sintveyv və dens janrının inkişafına da öz töhfəsini verdi. New Order-i tanıyırsınızsa artıq “Blue Monday”-i bilirsiniz, “Elegy” də mütləq tanınmalıdır.

İndi isə “Fearless Iranians from Hell” pank rok qrupuna baxaq. Amerikanın Texas ştatında məskunlaşmış bu qrupun əsas üzvü Əmir Mamuri idi. Cənubi azərbaycanlı Əmir bu qrupun bu trekində Azərbaycan dilində oxuyur. Qrupun mahnılarının sözləri əsasən sarkazm idi və dünyanı bir islamçının gözündən görürdü. Bunda Amerika əhalisinin, xüsusilə texaslıların İslam ölkələrindən gələn miqrantlara potensial terrorist gözüylə baxması da rol oynayır.

Qrup daha sonra treş metal janrına keçdi və dağıldı. Ötən yay fəsli onlardan şəxsən müsahibə almağa çalışsam da məsələni uzatdılar. Bəlkə də unutdular.

İtaliyada 80-ci illərin sonunda yaranmış MonumentuM qrupu ilk öncələr qotik metal janrında ifa etsə də 90-cı illərin ortalarında artıq darkveyv janrına keçidə başladı. Bu “sirli”, “hipnoza məruz qoyan” musiqi qrupun yaradıcısı Roberto Mammarellanın da dediyi kimi əsasən Aralıq dənizi ab-havasından təsirlənmişdi. Mərakeşdən Türkiyəyəcən uzanan bu coğrafiyadan bəhrələnən Monumentum folk musiqini “qaranlıq” sözlərlə qarışdır, səhnəni daha mistik edirdi. Melanxoliyadan bəhs edərkən Norveçli metal musiqiçilərinin soyuq meşələrdən ilhamlanmasına gülən Roberto isti coğrafiyanın da özünə görə melanxoliyasının olduğundan danışır. Ona qalsa, hər şey sənin qanındadır. Hətta melanxoliya da qandan gəlir.

MonumentuM səhnəyə çıxdığı dövrdə, Milandan (Robertonun məskunlaşdığı yer) 217 kilometr uzaqda, Boloniyada başqa bir italyan qrup Disciplinatha da öz mahnılarını yazmağa başlamışdı. Daha provokativ olmağa çalışan Disciplinatha öz musiqisinə faşist elementləri qatır amma həm də faşizmə qarşı olduqlarını, pank musiqi ifa etdiklərini vurğulayan müsahibələr verirdilər. “Addis Ababa” adlı mahnılarında Mussolininin sözlərinə yer verən qrup daha sonra papa II İohann Paveli belə ələ salmışdı. Tezliklə unudulan qrup artıq adını Dish-Is-Nein olaraq dəyişib yeni albom yayımlayıb.

Kamyunun “Yad” əsərindən ilhamlanmış “The Outsiders” qrupu dağılanda keçmiş üzvlərdən bəziləri 1979-cu ildə “The Sound” qrupunu yaradırlar. Beləliklə Britaniya musiqisində böyük bir dəyişiklik baş verir və yeni bir kult yaranır. Joy Division kimi post-pank janrında olan The Sound tezliklə kult səviyyəsinə qalxır. Lakin bundan o tərəfə keçə bilmir. Heç vaxt müasirləri kimi kommersiyada uğurlu ola bilmirlər. Qrupun dağılmasını “Big Takeover” jurnalı bir xəstənin uzun çəkən xəstəliyə uduzmasına bənzətmişdi. 1988-ci ildən sonra hərə ayrı bir məsafəyə gedir – bir üzvü QİÇS-dən, biri intihardan vəfat edir.

Elektronik musiqi qrupu olan The Aloof öz müasirləri kimi alternativ rok və post-pankdan keçid etməyib. Sırf dens muqisi üçün qurulmuş qrup 1995 və 2000-ci illər arasında cəmi 5 il fəaliyyətdə oldu. Lakin tezliklə az satışa görə öz gəlirlərini itirdi və dağılmağa məcbur oldu.

Bununla belə “All I want is you” mütləq dinlənilməlidir.

Agalloch qrupu 1995-ci ildə Con Hom (John Haughm) və Şeyn Breyer (Shane Breyer) tərəfindən ABŞ-ın Oreqon ştatında qurulub. Blek metal kimi fəaliyyətə başlayan qrup daha sonra neofolkdan neoklassikəcən hər cür janrla eksperiment etsə də metal ruhunu qoruyub saxlayıb. Daha sonra internet sayəsində birdən-anidən məşhurlaşan Agalloch dünyaca tanınan bir qrupa çevrilib. 20 illik faəliyyət və 5 albomdan sonra isə birdən-birə dağılma qərarı alıb.

Agalloch-un səsinin unikallığını bir xatirə ilə izah edəcəm: Ötən yay Diana Hacıyeva ilə VarYox-un ilk ofisində işləyərkən səhvən qulaqcığını noutbukuna taxmağı unutduğu üçün cəmi 1 saniyədən və 1 akkorddan sonra pauza düyməsinə tıklamışdı. Mən artıq Agalloch qrupunun mahnısını dinlədiyini anlamışdım. Təbii ki, Diana təəccüblənmişdi.

Swans (hərfi mənada Qu Quşları) qrupu 1982-ci ildə, ilk dəfə Nyu Yorkda qurulanda heç kim sonda nə olacağını bilmirdi. Qrup dayanmadan janrlar dəyişir, üzvlər gəlib-gedirdi. Yüksək səsli ifaları ilə seçilən qrup birdən-birə Maykl Qiranın qərarı ilə, gözlənilməz olan Joy Division qrupunun məşhur “Love will tear us apart” (Sevgi bizi ayıracaq) trekini ifa etdi. Qira daha sonra bu ifasından peşman olduğunu desə də məşhur ifa oldu, bəlkə də onlar indiki məşhurluqlarını bu ifaya borcludurlar.

Sondan ikinci məsləhət isə “Galakthorrö” leyblından çıxan ifaçılar haqqında olacaq. Almaniya mənsubiyyətli November Növeletin musiqiləri isə yuxarıda adını çəkdiyimiz bütün janrların qarışığı hesab oluna bilər. Həm elektronikanı, həm də qotik elementləri musiqiyə qatan November Növember bundan əlavə “Missiz Arafna” kimi də tanınır. Həyat yoldaşı isə “Haus Arafna” adı ilə eyni leybldə fəaliyyət göstərir. Hətta bir az dərininə getsək, bu leyblin sahibidirlər.

Elektronik musiqinin birmənalı “texno” adı ilə anlaşıldığı ölkəmizdə belə janrlar haqda bilgi sahibi olmağın da xeyri var.

Yazının sonunda isə Lantlôs qrupunu nəzərə almasam olmazdı. Markus Siegenhortun bu layihəsinin adı almanca “Vətənsiz” mənasına gəlir. Müasir blekqeyz və post-rokun gəldiyi ən uc nöqtələrdən birinin nümayəndələrindən olan Lantlos 4 ildir səssiz qalsa da, qrupun 2010-cu ildə yayımlanmış “Pulse/Surreal” trekini dinləmədən keçmək olmaz. “.neon” albomundan olan bu trekin vokalisti Neige təxəllüslü Fransız vokalistdir (bu haqda daha sonra VarYoxda). Sənayeləşmiş dünyada insanların bir-birindən qopuşunun fonunda gənclərin ekzistensial axtarışını təsvir edən trek də pleylistinizdə olmalıdır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir