Etibar Əsədli azərbaycanlı pianoçu, bəstəkar və prodüserdir. Onu asanlıqla milli musiqi və cazın sintezi olan caz-muğamın “yağlı tikəsi” adlandırmaq olar. İlk musiqi təhsilini Bülbül adına məktəbdə alan Etibar daha sonra Bakı Musiqi Akademiyasında bəstəkarlıq sinifini bitirmişdir. Hal-hazırda isə o, Fransanın Centre Des Musiques Didier Lockwood (CDML) caz akademiyasında magistr dərəcəsi üzrə təhsil alır. Onun muğam və caz musiqisinə yaxından bələd olması həm ölkəmizdə, həm də Avropada xoş qarşılanan əsərlər yaratmağına imkan verir.
Etibar Əsədli “Projects” adlı albomun və “Second Sex” sinqlının müəllifidir. O, həmçinin, Azərbaycanın bir çox muğam və pop ifaçıları ilə birgə layihələrə imza atmışdır. Musiqiçi İngiltərə, İtaliya, Türkiyə, Rusiya, Koreya, Avstriya kimi ölkələrdə bir çox dünya miqyaslı musiqi festivallarında iştirak edib. Eyni zamanda istedadlı aranjmançı olan Eldar Əsədli yaratdığı işlərə şəxsən özü prodüserlik edir.
2017-ci ildə işıq üzü görən “Projects” albomunda ilk notlardan fransız əhvalının təsiri hiss olunur. Fransanın oynaq ab-havasına bürünmüş albomda onun Sahib Əsədov və fransız musiqiçi Elza Pedro ilə birgə layihəsi olan “L’amour” treki də yer alıb. Etibar harmonikanın möcüzəli melodiyası və milli musiqi çalarları ilə yanaşı “qara” ahənglərdən (R&B/Soul) də istifadə edir. Zəngin pedlər, şən və romantik fortepiano ifası, milli ritmlər, yeni səslər, aparıcı ifalar – bunların hamısı “Bakının dəbli əhvalını” yaradır.
“Bakı əhvalı”, milli musiqi, pop və cazın sintezi haqda danışarkən, öz dönəmində populyarlıq qazanmış “Rast” qrupunu yada salmamaq mümkün deyil. Bu iki layihə arasında paralel aparmalı olsaq, Etibar Əsədlinin musiqisini əminliklə “Bakı” yolunun davamı adlandırmaq olar.
Ənənəvi musiqiyə yenilikçi və gənc baxış
iTunes / fb / instagram / soundcloud