Machinedrum – Vapor City (2013)

Machinedrum amerikalı prodüser Trevis Stüartın səhnə təxəllüslərindən biridir. Trevis lap uşaq vaxtından “qəribə” musiqiçilərin əhatəsində olduğu üçün, artıq gənclik dönəmində müxtəlif musiqi janrları ilə tanış idi. O, həmçinin, marş və yürüşlərdə məktəb qrupunun tərkibində barabanda və afrikan musiqi ansamblında djembe-də (Afrikanın yerli musiqi aləti, baraban) ifa etməyə imkan tapmışdı. Machinedrum-ın yaranma tarixi Trevisin məktəbi bitirdiyi 1998-ci ilə təsadüf edir. Musiqi sektorunda olduğu illər ərzində o, Azealia Banks, Jesse Boykins kimi musiqiçilərlə işləmək imkanı əldə edir. Machinedrum-ın musiqi dünyasında ən çox səs gətirən əməkdaşlığı isə Sepalcure layihəsi olur. Belə ki, Trevisin 2011-ci ildə Pravin Şarma ilə yazdığı LP adlı albom, elə həmin il Pitchfork-da ən dinlənilən 50 albom siyahısında yer alır.

Mən isə onun ən uğurlu albomu hesab etdiyim Vapor City (2013) haqqında bəhs etmək istərdim; nümunələndirilmiş pərdəli vokal, cəngəllik elementləri, albomun fundamenti olan geniş ətli bas xətti, 90-ci illəri xatırladan yarımazaldılmış akkordlar, bizi həmin illərə aparan “dreamy” pedlər, musiqiyə əlavə rəng qataraq canlandıran çarpaz ritmik klavişlər, qlitç (cızıq) adlandırdığımız elementlər də öz yerində… Düşünürəm ki, bu albomu haqlı olaraq bas musiqi nümunəsi kimi qəbul etmək olar. Praktiki olaraq, bütün treklərdə bas, zərblə dubl edilib ki, bu da canlı drayv effekti yaradıb.

Ahənglilik baxımından albom tutqun alınıb, lakin müəllif “xəyallara qərq olmaq” üçün pəncərə açan körpülərdə xoş akkordları uğurla istifadə edib. Bu, demək olar ki, hər zaman işləyən klassik gedişdir. Baxmayaraq ki, Trevis amerikalıdır, onun tərzi daha çox ingilis andeqraunduna bənzəyir. Romantik reyvlə qarışıq qlamur treşlə dolu çirkli, yetkin və yorğun şəhərin səsi…

Albom müsbət nigarançılıq yaradaraq hərəkətə təşviq edir. Ona görə də düşünürəm ki, albomu dinləyərək gəzmək, mübahisəli olacağı gözlənilən görüşə getməzdən əvvəl güc yığmaq olar. Əmin ol ki, sən bu mübahisədən qalib ayrılacaqsan!

Buradan endirin

Sosial mediada izləyin: facebook / instagram / soundcloud

Pleylistimizi də dinləyin:

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir