Bu gün (15 Fevral) Yunanıstanın əfsanəvi metal qrupu Rotting Christ öz Youtube kanalında yepyeni albomları olan “Heretics”i pulsuz paylaşdı. Əgər qrupla çoxdan tanış idinizsə bu albom haqda artıq dinləməmiş bir fikriniz formalaşıb – ekstrim, yağlı riffləri olan üsyankar bir mifoloji şahəsər daha.
Amma tanımayanlar üçün qısaca bir təqdimat verim – Rotting Christ (Çürüyən Məsih) 1987-ci ildə Afinanın andeqraund səhnələrində yaranmış bir metal qrupudur. Komanda daim dəyişsə də Sakis Tolis (gitara və vokallar) və Temis Tolis (zərb alətləri) qardaşları qrupun dəyişməz simaları olaraq qalıb. Qrindkor janrında ifalar və kiçik split albomlardan sonra blek metala keçid edən qrup andeqraundluqdan yavaş-yavaş çıxmağa başladı.
Norveç blek metalı ilə paralel inkişaf edən yunan blek metalının ulduzuna çevrilən qrupa tezliklə Norveçdən təklif gəldi – Mayhem qrupunun məşhur gitaristi Evronimus 1993-cü ildə Rotting Christ qrupuna öz “Deathlike Silence Productions” leyblnda yer təklif etdi. Lakin Evronimusun həmin il Burzum qrupunun gitaristi Varq Vikernes tərəfindən sui qəsdə uğraması bu ehtimalı aradan götürdü. 3 il sonra “Century Media” leybli, daha sonra isə “Season of Mist”lə razılaşan qrup artıq Avropada və dünyada məşhurlaşmağa başladı. Amerikadan Rusiyayacan onlarla ölkədə konsert verən, tura çıxan və azarkeş kütləsi yığan Rotting Christ ötən il də qonşularımız Gürcüstan və Ermənistana gəlmişdi. Bütün yazılarımda olduğu kimi bir daha vurğulamaq istərdim ki, belə qlobal musiqiyə və hətta bütöv janra yön verən qrupları Azərbaycana gətirmək və konsertlərini təşkil etmək lazımdır. Gürcüstandan, Ermənistandan əskiyimiz yox hətta artığımız var. Gələcəkdə təşkilatçılar və sponsorların, hətta Mədəniyyət Nazirliyinin bu barədə birgə işini görmək istərdik.
Qayıdaq yeni alboma – bu 43 dəqiqəlik sənət əsəri mövzu və ab-hava olaraq 2010-cu ildən bəri yayımlanan albomların və təyin olunmuş musiqi xəttinin üstündən gedir – mifologiya, insanın özünüdərki, yaxşı və pisin əbədi mübarizəsi… Sakis Tolisin dediyinə görə albom əsasən Rituals (2015) bazasında qurulub və sözlər yazılarkən Fridrix Nitsşe, Edqar Alan Po, Mark Tven, Nikos Kazancakis, Volter və Tomas Peyn kimi müəlliflərdən təsirlənib. Musiqidə orta əsrlər və katolik elementlərini yansıtmaq üçün xorlardan istifadə edən Sakisin dediyinə görə albomun hazırlanmasında azı 5 fərqli musiqiçi və yazarla birlikdə işləyib. “The Metal Tris” kanalında verdiyi müsahibəyə görə Heretics özü metal albom olsa da, əsas diqqət sözlərə yönəlib.
Albomun “Digital Deluxe” versiyasında 2 bonus trek də var: “The Sons of Hell, Pt. 1” və “The Sons Of Hell, Pt. 2”
Albomu Youtube və Spotify kanallarında onlayn dinləyə, leyblin saytından isə albomu (hətta kaset formasında) sifariş edə bilərsiniz. Bilmək olmaz, bəlkə elə VarYox olaraq bu qrupu Azərbaycana ilk dəfə biz gətirdik?
Cavid Ağa VarYox vebsaytının kontent meneceridir. OCMedia.org, BBC Azərbaycanca və bir sıra vebsaytlarda yazıları daimi olaraq yayımlanır.