Bu gün indiyəcən VarYoxda heç vaxt toxunmadığımız bir mövzuya toxunuruq – etnik roka və bu janrın az bilinən nümayəndələrindən Ulytau qrupu haqqında yazırıq.

Ulytau 2001-ci ildə qurulub və əsas hədəfi qazax etnik musiqisini yeni üsullarla tanıtmaqdır. Qrupun əsası isə hələ 1998-ci ildə qoyulub. Öz bəstələdikləri musiqidənsə məşhur bəstələrin yenidən ifasını seçən qrup cəmi bir albom yayımlaya bilib.

Two Warriors (İki Döyüşçü) albomu Almaniyada 2009-cu ildə, Qazaxıstanda isə 2006-cı ildə “Jımır Kılış” (Kəskin Qılınc) adı ilə yayımlanıb. Qrupdakı 5 üzv Qazaxıstanda, 1 üzv Qırğızıstanda doğulub.

Əsl bozqır ruhunu duymaq istəyirsinizsə bu albom sizlik olacaq. Klassik bəstəkarlardan Bax, Motsart və Vivaldi, yerli qazax müəlliflərdən isə Məhəmbət Ütəmisoğlu və Kurmanqazı Saqırbayulı xalq musiqiçilərdən bəhrələnən qrupun bütün mahnılarını Maksim Kiçiqin aranjman edib.

Cəmi 10 mahnıdan ibarət bu albomu dinləyərkən tam izah edə bilməyəcəyiniz hisslər yaranacaq. Xüsusilə qərb stilini gitara (Maksim Kiçiqin) və etnik alətlərdən olan dombranın (Erçan Alimbetov) ahəngi insanı məst edir. Gözləmədiyimiz ünsür isə Aysel İsayeva və skripkasıdır.

Söz yox ki, Azərbaycanda da etnik elementlərin və rokun ahəngini görmək xoş olardı.

Gözlərinizi çox yormadan, xoş dinləmələr!

Twitter / Facebook / Website

Müəllif

Cavid Ağa

1993-cü ildə doğulub. 2008-ci ildən bəri çeşidli saytlarda, o cümlədə BBC Azərbaycancada köşə yazarı olub. VarYox saytının redaktorudur.