Müdirimin mənə etdiyi yeganə yaxşılıq ad günümdə kəfkirli saat hədiyyə etməsi idi. Asmışdım iş otağımda; hər görəndə “onu xatırlayım”. Müdir də lap qəribə adamdır ee. Ad günündə insana niyə geriyə qalan günlərini sayan bir şey hədiyyə edəsən ki?! Yaşadığımız ömürdən hər bir saniyə geridə qaldıqca fikir məni aparır, qələmi də saniyənin ritmi ilə fırladırdım əlimdə. Fasilə vermədən.
Birdən, elə bil naməlum bir varlıq beynimə nəsə məlumat ötürdü. Qələm fırlamağı saxladım. O məlumatı düşünməyə başladım: görəsən, evdən çıxanda qapını kilidləmişdim? Əslində hər dəfə özümə inamsızlıqdan qapını kilidləyib liftə yaxınlaşanda (lənət olsun ki, bütün həyatımız liftlərdə, metro qatarlarında keçir), geri qayıdıb, yaxşı bağlayıb-bağlamadığımı yoxlayırdım. Və belə bu inamsızlıq qalırdı qapının ağzında. Amma bu gün işə gəlmişdi, deyəsən. Hər nə isə, bir xeyli düşündüm. Açıq olsa, lap belə oğru girsə, nə götürə bilər ee evdən? Götürmək bir yana, çıxarıb pul kisəsindən bir-iki manat pul da atar…
Redaksiyada işləyirəm. Jurnalistikanı bitirmişəm. Bəli, bitirmişəm. Amma redaksiyada işləyirəm. İş yoldaşlarımla aram yaxşı deyil. İşdən çıxa bilərəm. Elə bu dəqiqə. Amma nələrsə bağlayır məni bura. Bəlkə də köhnələr. Az qalsın unudurdum: divardakı şəkil. İşdə çox zaman o şəkilə baxıb nələrsə düşünürəm. Hətta bəzən də öz-özümə pıçıldayıram. İş yoldaşlarım da, gözləri “bu, yəqin, dəlidir” deyirmişlər kimi mənə baxırlar.
Kafka, Metamorfoza. Görəsən, bir gün mənim də başıma gələ bilər? “Əşi yazını yaz” deyib gülümsündüm. Gözlər yenə üstümdə idi.
24 saatın ən yaxşı 2 vaxtından biri gəlmişdi – işdən çıxma vaxtı (ikincisi içkili şəkildə özümü yatağa atdığım vaxtdır). Hər gün şirin konfet alıb evə qayıdan atanın üzərinə qaçan körpə kimi qaçırdım qapıya ki, açım, çıxım işdən. Bir də gördüm evdəyəm. Elə bil, zamanda səyahət etdim. Yolda vərəqlər üçün xammal istehsal etdiyimə görə, işdən evə qədər yolun necə gəlib keçdiyini xatırlamıram (nəyi xatırlayıram ki?). İçkili də deyiləm. Hardasa 1 həftə idi içmirəm. Daxil oldum otağa. Köhnə iş yoldaşlarımdan biri məni çox istədiyindən kiçik, xudmani bir güzgü hədiyyə etmişdi, necə yaxşı biri olduğumu onun vasitəsilə görüm deyə (mən də ona söz vermişdim ki, ömrümün sonuna kimi qoruyacam güzgünü). Yaxşı biri ee, a kişi. Lap gülməlidir. Həyatım doludur da qəribə hədiyyələrlə.
Otağımdan çıxıb, mətbəxdən külqabını götürüb, yenidən geri qayıtdım. Qarasından fərqli olaraq, ağciyərimi sevirəm. Hərdən çəkirəm siqareti. Siqaretdən bir qullam alıb tüstünü ciyərlərimdən çölə buraxdım. Tüstü dağıldıqca otaqda elə bir şey baş verdi ki, Kafka’nın “Çevrilmə”si bunun yanında heç nə oldu; otaqda, düz qarşımda… Yad deyilmiş kimi… Mənzilin neçə illik sakini kimi oturmuşdu qarşımda (yəqin, qapını açıq qoymuşmuşam)…
Maraqlı saçları var idi. Maraqlı, bir az da tanış. Baxan kimi hiss olunurdu ki, saçları daraq üzünə həsrətdir. Alnı açıq idi. Saçları qaşlarının üstündən yana tökülmüşdü. Birçəklərinin üstündə burulmuşdu saçları. Saçlarının səliqəsizliyi haqqında çox söz deyə bilərəm. Amma dayan. Gözləri. Baxmırdı, elə bil, sadəcə yerində dayanmışdı. Çuxur boş görsənməsin deyə. Gözləyirdi. Yəqin ki, qadını. İnanmasa da, gözləyirdi. Gözlər dilə gəlib “icazə ver, artıq gözləməyim, başqa görəcəyim şeylər var, məsələn həqiqətlər” deyirdi sanki. İnsanların alnına, üzünə qırış düşər. Tam fərqli. Köhnəlmişdi sanki. Biologiya dərsindən şəhadət barmağını tanıyırdım; barmağına düşmüşdü qırış. Yazmaqdan. Təsvir etməkdən. Başa salmaqdan. Axırıncı dəfə universitetdə ikinci kursun ikinci semestrində bu vəziyyətdə idim – cansız, ölüvay, çox arıq idim. Universitet illərini xatırladırdı mənə. Məndə səbəb içki idi. 1 manatlıq “NZS“ pivəsi. Səbəblərimiz də oxşar idi. Yəqin, çox içirdi. Bir dəri idi, bir sümük. Bəlkə də xoş günlərinini onun qayıdışına saxlayırdı…
Çox eqoist idim. Özümə oxşayan birini görəndə əsəbləşirdim. Əsəbləşmək bir yana, yad biri mənim otağımda neyləyir axı?! Onu burdan rədd etmək lazımdır. Kül qabını götürüb var gücümlə ona tərəf tulladım. Bir hərəkətimlə yoxa çıxdı.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.
1 Comment
Möhtəşəm