Ramal Kazım Bakı və Belçikada fəaliyyət göstərən konseptual rəssam və heykəltəraşdır. Əslən Gəncədən olan Ramal Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında incəsənət üzrə təhsil alıb və karyerasının erkən dövründən Yarat Müasir İncəsənət Məkanının diqqətini cəlb edib. Əsasən əl işlərini kətan üzərində yaratmasına baxmayaraq, rəsmlərində istifadə etdiyi mövzuları əks etdirən 3-ölçülü heykəllər də yaradır. Onun işləri bir sıra qrup sərgiləri çərçivəsində Azərbaycanda və Avropada, həmçinin müxtəlif şəxsi kolleksiyalarda nümayiş etdirilib. 2012-ci ildə Ramal Yay Qalereyasında öz əl işlərinin fərdi sərgisini təqdim edir, 2014-2015-ci illərdə isə Milano GAP adlı dünya miqyaslı incəsənət proqramının rezidenti olub. 2017-ci ildə rəssam Antverpen şəhərində yerləşən Kral İncəsənət Akademiyasında təhsilini davam etdirmək üçün Belçikaya gedir və hal-hazırda fəaliyyətini orada davam etdirir.
Öz yaradıcılığında Ramal çoxlu sayda hissləri araşdırır. Təsvirlərində insan bədənini böyüdülmüş formada və miqyasda yaratdığı, həmçinin çəkdiyi subyektlərin emosional mənzərəsini vurğuladığı üçün, onun üslubu Eqon Şileni və Frensis Bekonu xatırladır. Rəssam kompozisiyalarını genişmiqyaslı kətanda yaratmaqla təsvir etdiyi fiqurların görünüşünü deformasiya etmək üçün geniş imkan əldə edir. Fiqurların dramatik üz ifadələri onların daxili həyatının əks-sədasını təsvir edir; rəssamın tez-tez kətana həkk etdiyi kövrək və gücsüz lüt bədənlər emosional dayanıqsızlığın təcəssümü kimi çıxış edir. Bu yaxınlarda Ramal yeni subyektlərlə – çiçəklərlə, xalçalarla və tərəvəzlərlə təcrübə aparmağa başlayaraq öz üslubunda natürmortlar yaradır. Al-əlvan rənglərlə zənginləşdirilmiş çiçəklər onun əl işlərini bəzəyərək rəssamın fiqurativ yaradıcılığında həmin ümumi emosional sentimentləri təcəssüm edir. Xalça rəsmlərində vizual manipulyasiya sayəsində ənənəvi Azərbaycan xalçasının miqyası və ölçüsü ilə oynamaqla Ramal öz texniki bacarıqlarını sərgiləyir. Rəsmlərindəki subyektlərin iztirablı və ehtiraslı görünməsinə baxmayaraq, rəssamın niyyəti işində həyatın mürəkkəb reallıqlarına qarşı durmaq və onların hardan gəldiyini anlamağa başlamaqdır. Bununla belə, onun bütün işləri melanxolik deyil – rəssam öz fiqurlarını, onların bədənlərinin və ifadələrinin müxtəlif situasiya və yerlərdən asılı olaraq kontekstləşdirməklə, həmçinin mürəkkəb həyat barəsində şərhlərlə, yumor əks etdirmək üçün istifadə edir.
Belçikaya köçməsi ilə Ramalın təcrübəsi yetkinləşməyə davam edir; mühitin dəyişməsi onun insan emosiyalarını araşdırmasına yeni perspektivlər əlavə edib. Məşhur flamand rəssam Piter Pol Rubensin vətəni olan Antverpen şəhəri Ramal Kazımın, xaricdə keçirdiyi vaxt ərzində inkişaf edən fiqurativ yaradıcılığını ilhamlandırıb. Bu yeni təsirlərə baxmayaraq rəssam hələ də Azərbaycan rəngləri və naxışları ilə təcrübə edir. Bunu Ramalın, ənənəvi incəsənətin simmetriyasını deformasiya edən Azərbaycan xalçaları ilə qrafik manipulyasiya edən, inamlı yeni seriyasında görmək olar. 2018-ci ilin dekabr ayında Ramal Kazım Antverpenin Martin Van Blerk qalereyasında yeni əl işlərinin fərdi sərgisini təşkil edəcək. Burada Ramal inkişaf edən rəssam təcrübəsini vətəninin simvolikası və nümunələri ilə birləşdirəcək.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.