Azərbaycan qadınları arasında depressiya bir orijinallıq böhranı kimi
və ya
Müstəqillik bahasına depressiya
Salam! Mənim adım Fidan Məmmədovadır, psixiatr-həkim, psixoterapevt və psixiki sağlamlıq sahəsində araşdırmaçıyam.
Həm stasionar, həm də xəstəxana işi ilə bağlı 17 illik praktiki təcrübəyə malik bir mütəxəssis kimi mənim üçün gün ərzində pasientlərimdə müəyyən etdiyim depressiya diaqnozu bir qurtuluş, ümid, pasientə kömək üçün bir imkan və sağlam həyata, ailəsinə, uşaqlarına, işinə, dostlarına, həvəslərinə və gündəlik işlərinə qayıtmaqla bağlı təminat kimi səslənir. Lakin müsbət şəkildə refleksləndirmək imkanı ilə paralel olaraq, öz peşəmdə depressiya diaqnozunun köməyi ilə bu xəstəliyin doğulduğum və boya-başa çatdığım şəhərin, ölkənin epidemiyasına çevrildiyini anlamağa başladım.
Bu məndə elmi maraq oyatdı və ölkəmizdə depressiya problemlərini araşdırmağı qərara aldım.
Ən təəccüblüsü isə məsələnin bu vaxtadək heç kimi maraqlandırmadığını öyrənmək oldu. Bundan əlavə, dünyada qüsurlu bir praktika mövcuddur – hansısa ölkədə müəyyən bir məsələ ilə bağlı məlumat olmadıqda, alimlər yaxında yerləşən bölgədəki ölkənin təcrübəsini istifadə edirlər. Şübhəsiz ki, bu, mövcud olan problemi əks etdirmir və təbii olaraq, digər ölkənin mədəni aspektlərini nəzərə almır.
Məsələn: biz Gürcüstanın təcrübəsindən istifadə edə bilərdik, çünki oradakı məlumatlar dünyada yayılmış rəqəmləri göstərir. Ya da, bizim dünyəvi, mülayim müsəlman dövlətimizdən fərqli olaraq, bağlı müsəlman cəmiyyətini təşkil edən İran təcrübəsini istifadə edə bilərdik.
Beləliklə, mənim elmi işimin mövzusu Epidemiologiya, yəni Azərbaycanın qadın əhalisində depressiyanın mövcudluğu; Azərbaycandakı depressiyanın mədəni aspektləri; Azərbaycan və rus dillərində danışan qadınlar fenomeninin araşdırılması və bu fenomenin Azərbaycan qadını genotipində depressiyanın yayılmasına təsiri oldu.
Bu araşdırmanın hazırlıq və aparılma prosesinə toxunmuram. Sadəcə deyə bilərəm ki, 80 qramlıq 50 dənə A formatlı kağızdan istifadə edilib və bu da 25 000 vərəq edir. Sual verilən 2150 respondentdən 1500-ü araşdırmaya daxil edilmişdir; bu araşdırmanın elmi supervayzerləri olmağa razılaşan Humboldt universiteti (dünyaya, 10-u tibb sahəsində olmaqla, 50 Nobel laureatı bəxş edib) ilə əməkdaşlıq qurulmuşdur. Həmçinin ölkədə ilk dəfə özünüqiymətləndirmə şkalalarının praktiki tətbiqi ilə bağlı qaydalar kitabçası nəşr olunub, sanballı elmi jurnallar kimi qəbul edilən Azərbaycan və Avropa jurnallarında bir sıra məqalələr dərc olunub.
Fikrimcə bu araşdırmanın ən əsas nailiyyəti həm psixiki sağlamlıq sahəsində mütəxəssis olan, həm də fəal vətəndaş mövqeyinə malik bir sıra gənclərin ölkəmizdə qadın rifahı məsələsinin işıqlandırılmasına dair elmi maraq və yaradıcı yanaşma sərgiləməsi oldu: məsələn, mənim kreativ həmkarım Sitarə İbrahimova bölgələrdə qadınların psixi sağlamlıq vəziyyətini üzə çıxarıb, onun modelləri – özləri, həyatları, gözləntiləri və çoxdan xatirələrdən silinmiş arzuları haqqında bəhs edirlər, şəxsi xoşbəxtliklərini və həyat perspektivlərini isə ailə üzvləri ilə bağlayırlar.
Azərbaycanda qadın obrazının tarixi inkişafının qısa icmalı ölkəmizdə qadının mövqeyini daha yaxşı anlamağa kömək edəcək.
Ümumiyyətlə, Azərbaycanda son yüzillik hər bir vətəndaşın həyatına toxunan, möhtəşəm hadisələrlə yadda qalıb. İki dəfə müstəqilliyə nail olan Azərbaycan sovet dönəmini, yenidənqurmanı keçmiş, şəhərin xarici görünüşünü dəyişməklə bərabər, ölkə həyatının bütün sahələrinə toxunan iki neft bumunu yaşamışdır.
Bu dövrdə yadda qalan əsas hadisələrdən biri Azərbaycanda qadının müstəqil elan edilməsi oldu. Və 100 il keçdikdən sonra, Azərbaycan qadının indi kim olması maraq doğurur. O hansı maneələri aşmışdır? Azərbaycan qadını nəyə nail olmuşdur?
Bir psixiatr-həkim, araşdırmaçı və qadın olaraq, mən bütün bu suallara peşəkar mövqedən cavab verməyi qərara aldım. Və Bakı şəhərinin qadın əhalisinin ixtiyari araşdırması nəticəsində aydın oldu ki, şəhərdə yaşayan 18-65 yaş arasında olan qadınların 22%-i ailə və dini statuslarından, məşğulluqlarından və iş qabiliyyətlərindən asılı olmayaraq, özlərində hansısa depressiya əlamətlərini hiss edirlər. Adətən araşdırmalar suallara cavab vermək üçün aparılır, lakin burada yox. Məlumatların təhlili zamanı depressiyanın inkişaf etməsi riskinin amilləri tamam fərqli nəticə göstərdi. Qadınların 35,4% ali təhsilə malikdirlər; 12% – tələbədir; 37% – ən azı iki dildə danışır; 30,7% – dindardır; 22,5% – iş yeri kimi ev xanımı mövqeyini qeyd edir, hansı ki, bu da qadın üçün bir nailiyyət sayılır. Bütün bu faktlar müsbətdir və depressiyanın inkişafına işarə etmir. Bəs yaxşı, bizim qadınlarımızı depressiya keçirməyə nə vadar edir?
Sonrakı təhlillər Azərbaycan qadının Qərb ölkələri ilə müqayisədə fərqli mədəni aspektlərə, ifadəyə və təəssürata malik olmasına işarə edirdi. Depressiyanın müəyyənləşdirilməsi üçün istifadə edilən anketin tərkibində iştirakçı qadınların doldurmaq istəmədiyi şəxsi xarakterli suallar var idi. 33%-lik imtina nisbəti! Bu nədir – mədəni qapanma, qadağa, yoxsa inamsızlıq?
Və belə çıxır ki, yaxşı təhsil almış, işlə təmin olunan, bir-neçə dil bilən, inkişaf etmiş ictimai statusa malik müstəqil azərbaycanlı qadınların evli olduğu halda 23% yoldaşının valideynləri ilə yaşamaqda davam edir, evli olmadığı halda isə 34,2% ata evində qalmağa üstünlük verir.
Emansipasiya edilmiş müstəqil azərbaycanlı qadın 100 ildə bunlara nail olub:
- Təhsilə imkan
- Kişi sənətlərinə imkan
- İdarəçi vəzifələrə imkan
- İdmanda iştiraka imkan
- Və incəsənətdə uğurlara…
Elə təəssürat yarana bilər ki, qadın üçün hər şey əladır, lakin…o bədbəxtdir, depressivdir, həyatın mənasını axtarmaqdadır və özünü yaratmaqla məşğuldur.
Görünən odur ki…
Müstəqilliyimiz depressiya bahasına başa gəlir!
- Müstəqillik ictimai prioritetlərin (karyera, ictimai xidmət, ailə, uşaq) dəyişməsinə gətirib çıxarır. Nəticədə insan həyatda əsas ictimai təyinatını müəyyən edə bilmir, bu da öz növbəsində özünədəyər hissinin azalması ilə nəticələnir (insan nə üçün yaşadığını müəyyən edə bilmədiyi təqdirdə depressiyaya uğrayır). Məsələn: sürətləndirilmiş urbanizasiya – son onilliklərdə Azərbaycanda da müşahidə etdiyimiz dünya trendidir. Nəticədə nə əldə edirik? Öz doğma ailəsindən qopan, öz evinə bağlılıqdan azad edilmiş insan daha həssas və özünə yönəlmiş olur.
- İnsan müstəqil olduğu qədər tənhadır. Depressiya tənhalıq xəstəliyidir. İnsan dostlarının və doğmalarının arasında belə tənha ola bilər. Bu ekzistensial tənhalıqdır.
Bu belədirmi? Mən bu gün bu həyatı əhəmiyyətli suala cavab verməyə çalışacağam!
Müstəqilliyimiz depressiya bahasına başa gəlir.
Bunun üçün biz psixologiyanın dərinliklərinə qərq olacağıq. Adətən, konkret vəziyyəti izah etmək üçün onu yalnız daxildən araşdırmamaq lazımdır. Tamamilə aydındır ki, cəmiyyət özünəməxsusluq krizisi yaşayır: sovet rejimindən müstəqilliyə keçid.
Şəxsi fikrin qadağan olunduğu, kütlənin arxasında gizlənməyin mümkün olduğu, hərəkətdən məhrum bir vaxtda kollektivin sənin yerinə qərar verdiyi, sovet materializminin şəxsiyyət autentikliyi…
Azərbaycan hazırda növbəti amilərə malik keçici cəmiyyətin xüsusiyyətlərini əks etdirir:
- Müxtəlif submədəni icmalar (subkultura)
- Miqyaslı ictimai islahatlar
- İctimai hərəkat
- Özünüidentifikasiyanın ictimai kateqoriyalarının əksəriyyətinin mənasının dəyişməsi.
Bütün sadalananlar aşağıda qeyd edilən amillərlə bağlı olaraq fərdi böhranın təzahürlərini dərinləşdirir:
- İctimai identikliyin itirilməsi
- Rolun yanlış yönləndrilməsi
- Şəxsi və kollektiv identikliyin yeni əsaslarının axtarışı
- Həyat strategiyalarının yenidən strukturlaşdrılması
- Yeni ictimai statusların və rolların, həmçinin davranış tərzlərinin qəbul edilməsi zərurəti.
Məsələn: Ailə qurmaq, yoxsa magistraturada oxumaq; uşaq doğmaq, yoxsa karyera qurmaq; 3 illik dekretə çıxmaq, yoxsa fəlsəfə doktoru adını almağa çalışmaq, ya da şəxsi biznes qurmaq, ya minimalist həyata keçmək, yaxud uzaqdan iş və ya təhsil almaq, ya da ümumiyyətlə… nə edəcəyinin nə fərqi var?!
Cəmiyyətimizdə müşahidə etdiyimiz və onun yüksək göstəricilərini izah etməyə çalışdığımız depressiyaya aparan psixoloji krizis cəmiyyəti, insanın yeni inkişaf mərhələsinə keyfiyyətli keçidinin reallaşdırılması ilə bağlı tapşırıq qarşısında qoyur:
Yeni mənaların və insanlarla münasibətlərin, dəyərlərin, özün haqqında təəssüratların, yeni dünya mənzərəsinin yaranması, yeni həyat perspektivlərinin qurulması.
Çoxşaxəli vəziyyətin təkhecalı cavabı olmur, lakin bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda qadının inkişafının bugünkü səviyyəsi sadəcə qadının cəmiyyətdə yeni rolunun formalaşmasının bir mərhələsidir. Və dəyərli xanımlar, düşünməyin ki, bizim bugünkü depressiyamıza təhsilimiz, işimiz, avtomobil sürmək bacarığımız, statusumuz, idmandakı və incəsənətdəki nailiyyətlərimiz kömək etməyib. Bütün bunlar irəliləməyə və inkişaf etməyə, aktuallaşmağa, öz fərdiyyətimizi və mənsubiyyətimizi anlamağa imkan yaradır.
Mənim və Sitarənin, etdiyimiz araşdırmaların birləşdirilməsi, Azərbaycan qadınının dolğun şəkildə başa düşülməsi məsələsinə yaxınlaşmağa imkan yaratdı.
Son 100 il ərzində təhsil almağa, seçim azadlığına və müstəqilliyə çatan Azərbaycan qadını uğurlu şəkildə ictimai statusunu transformasiya etməyə nail olmuşdur. Eyni zamanda, biz özünüreallaşdırmadan məmnunluğun olmamasını, aramsız axtarışı və nəticə etibarı ilə depressiya halında əhvalın pozulmasını müşahidə edə bilərik. Bu bizə Azərbaycan qadını üçün karyera uğuru ilə birgə autentiklik anlayışının və özünüreallaşdırmanın, yeni şəxsi, ailə dəyərlərinin və inanclarının axtarışının, şəxsi təəssüratların, yeni dünya mənzərəsinin, yeni həyat perspektivlərinin qurulmasının vacib olduğunu fərz etməyə əsas verir.