Bakıda yaşayan rəssam və fotoqraf Elturan Məmmədov, yaradıcılığı çərçivəsində diqqətini mədəni simvol və adət-ənənələrdə cəmləşdirərək, Azərbaycanın müasir həyatını işıqlandırır. Əslən Oğuzdan olan, həmçinin Qlobal Rifah üzrə Araşdırma İnstitutunda və Mohsen Maxmalbaf Kino Məktəbində təhsil almış Elturan, 2012-ci ildən öz əl işlərini Azərbaycanda sərgiləyir. Rəssam həmçinin əsərlərini Rusiyada nümayiş etdirib və İtaliyanın Venesiya şəhərində keçirilmiş 2015-ci il Venesiya Bienalında tənqidçilərin müsbət rəyini qazanmış “Od və suyun birliyi” sərgisi çərçivəsində video-instalyasiya təqdim etmiş qazaxıstanlı müasir rəssam Almagül Menlibayevaya assistentlik etmişdir. 2014-cü ildə Elturan IV Moskva “Young Art” bienalı çərçivəsində “ASTAR” , 2015-ci ildə isə Perm Müasir İncəsənət Muzeyində nümayiş etdirilən “Şəkərli dağlar və yağlı sahillər” sərgisinə qatılır. 2016-cı ildə onun əl işi YARAT mərkəzində keçirilən “Müqavimətin 300 sözü” sərgisində yer alır. 2017-ci ildə isə onun əsərləri Bakıda keçirilən iki sərgiyə: ARTIM Qalereyasında keçirilən “Nə müharibə, nə sülh” sərgisinə və Yay Qalereyasında baş tutan “Dəniz və dağlar arasında” sərgisinə daxil edilir. Həmin sərgilərdə nümayiş etdirilən əl işlərində rəssam, gündəlik həyatda məna yaradan amilləri müşahidə edərək, fərdiliyin insanlar tərəfindən ifadə edilməsini və onun məkan hissinə necə bağlı olduğunu araşdırır.
Konseptual çərçivələndirmə, zəngin rənglər və atmosferik kompozisiya sayəsində Elturanın estetik məramı əlavə şərhə ehtiyac duymadığı halda, rəssam öz işlərində izləyiciləri də öz izahlarını verməyə dəvət edir. Nostalgiyadan, Azərbaycan musiqisindən və sosial məsələlərdən ilhamlanan rəssam fotoqrafiyanı, videoqrafiyanı və müasir texnologiyaları, əl işlərində zaman və məkana həkk edilmiş insan emosiyaları ilə təmasa girərək, mədəni naxışları və məkan qavramını işıqlandırır.
Yaradıcılıq çərçivəsində Elturan, müxtəlif şeylərin yeni reallıqlar yaratmaq naminə bir araya gəlməsini və birləşməsini diqqətə çatdıraraq, sosial uzlaşmanı və birgə fəaliyyəti tədqiq edir. “Assorti hitlər” layihəsi çərçivəsində rəssam, toy kimi mühüm tədbirlərdə populyarlaşmaqları səbəbindən yerli ulduz olmuş anderqraund və yerli musiqi qruplarına fokuslanaraq, Azərbaycanda toy sənayəsinə aid ikonoqrafiyanı araşdırır. Tapılan şəkillərdən istifadə edərək, Elturan evdə hazırlanmış CD albom kaverlərinin “bozbaş” dizaynını müasir vizual dil ilə qataraq kollaj yaratmışdır. Bununla rəssam toyların sonsuz nostlajisini ictimai birliyi və mədəni orijinallığı gücləndirən an qismində işıqlandırır.
Yuxarıda qeyd etdiyimiz kimi Yay Qalereyasında baş tutan “Dəniz və dağlar arasında” sərgisində təqdim olunmuş “Adsız yüksəkliklər” (2017) adlı son əsərlərindən birində rəssam Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən ilhamlanaraq davam edən işğaldan ciddi şəkildə əziyyət çəkən insanların və yaşayış məntəqələrinin üzləşdiyi çətinlikləri araşdırmışdır. Google Maps proqramından istifadə edən Elturan Dağlıq Qarabağın landşaftını 3 ölçülü topqrafik xəritə kimi yaradaraq, real həyatda ziyarət edilməsi mümkün olmayan bölgəyə forma və maddi mövcudiyyat bəxş edir. İnstalyasiyanın bir hissəsi kimi, rəssam işğal olunmuş bölgədə yaşamış insanların musiqi saytının köməyi ilə axtarıb tapdıqları ən populyar musiqi parçalarını səsləndirən qulaqlıqlar təqdim edir və bununla onların bölgəsində hər an baş verən hadisələrə insanların reaksiyasını işıqlandırmaqla münaqişəni fərdiləşdirir. Bu mövzu rəssamın, məqsədli addımlar və informasiya yeridilməsi sayəsində şəxsiyyətin necə yarandığını və gücləndiyini əks etdirən mübahisəli məkanların araşdırmasına həsr olunmuş yeni işini ilhamlandırmağa davam edir. Öz yeni layihəsində rəssam, bir-biri ilə yarışa girmiş Ukrayna və Rusiya hava proqnozları kimi münaqişə tərəflərinin məlumatlarındakı fərqliliyi və bu gərginliklərin reallığı necə formalaşdırdığını araşdırmaqla bu düşüncəni bir az da uzadır. Elturanın lüzumsuz görünən olayların vacibliyini vurğulayan interpretasiyaları onun əsərlərinə birbaşa və rezonans bəxş edir. Ətrafımızdakı mədəni sistemlərə diqqət yetirərək, rəssam ideyanı adi görünən nüanslara cəmləşdirməklə, gündəlik insan təcrübəsinin mürəkkəbliyinə layiq olduğu görkəmliliyi bəxş edir.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.