Yeyib-içən oğlanın iztirabları

Dünyanın yeyib-içən oğlanları dəhşət əziyyət çəkir, müxtəlif çaplı iztirablara məruz qalır və işgəncələrə dözürlər. Buna görə də yeyib-içən oğlan olmaq üçün gərək çox dözümlü həzm sistemi, iri həcmli mədə və arzuları həyata keçirən geniş cib olmalıdır.

 

Nəsə ki, bir gün yeyib-içən oğlanların rəhbəri Yeyib-İçən Rəhbərzadə depresiyaya düşür. Depresiyaya düşür və iki gün sonra hava çatışmazlığından ölür. Bu söhbət restorandan restorana, məclisdən məclisə gəzir. Hətta Parisdə bu minvallar yeyib-içən oğlanların beynəlxalq konfransı da təşkil olunur.

 

Hamını bir sual narahar edirdi – niyə böyük rəhbər depresiyaya düşmüşdür və bunun hava çatışmazlığından ölümlə nə əlaqəsi var? Çox yeyib-içib, götür-qoy etdikdən sonra belə nəticəyə gəlirlər ki, günahkar rəhmətlik Bayram Kürdəxanlıdır,  çünki Bayram müəllimin “Yeyib-içən oğlan yaman olmaz” adlı mahnısı var və çox güman ki, rəhbər ona qulaq asıb bu vəziyyətə düşübmüş. Sözü bir yerə qoyub Bayram Kürdəxanlıya məktub yazırlar:

 

 “Hörmətli Bayram müəllim. Sizi narahat edən “Dünya Yeyib-içən Oğlanlarının Asossiyasiyası”nın rəyasət heyətidir. “Yeyib-içən oğlan yaman olmaz” adlı mahnınız bizi çox maraqlandırdı, amma məktubun səbəbi bu maraq deyil. Bizim ulu rəhbərimiz Yeyib-İçən Rəhbərzadə o mahnıya qulaq asandan 2 gün sonra hava çatışmazlığından ölüb. Xahiş və tələb edirik ki, mahnınızı youtube`dan siləsiz.

Mütləq bizə avtoqrafınızı göndərin. Hörmətlə, yeyib-içənlər.”

 

Bayramın aktual ünvanını bilməyən DYİOA-nın rəyasət heyəti məktubun üzərinə niyə görəsə “Rusiya Federasiyası, İjevsk şəhəri, D.Mendeleyev küçəsi 69” ünvanını  yazırlar. Düşünürlər ki, həmin ünvanda hər kim yaşayırsa, yaşasın, amma həmin adam Bayram Kürdəxanlının ünvanın bilməlidir və bu məktubu alandan sonra ehtimal ki, Bayrama göndərməlidir.

 

Məktub isə səhvən gəlib çıxır Herakl Şalvarzadəyə. O da öz növbəsində DYİOA-a cavab məktubu yazır:

 

“Salam uşaqlar. Sizin nəzərinizə çatdırım ki, mənim Suriyada baş verənlərlə heç bir əlaqəm yoxdur. Ümumiyyətlə mənim heç kimlə əlaqəm yoxdur. Bu məktubu isə mənə qağayı öz dimdiyində çatdırıb. Xahiş edirəm məktublarınızı ora-bura atmayın. Bəli, Bayram 2-3 il öncə Yamaykada konsert proqramı ilə çıxış etmişdi, amma Yamaykada yaşayan yeganə azərbaycanlı kimi görüşümə gəlməmiş və mənə bilet göndərməmişdi.  Nəzərinizə çatdırıram ki, Bayram Kürdəxanlının “Yeyib-içən oğlan yaman olmaz” nəzəriyyəsi ilə tam olmasa da, qismən razıyam. Qismət olsa görüşərik, qismət çox yaxşı şeydir. Yaxşısağol”.

 

Herakl məktubu banan qabıqlarına büküb dənizə tulazladı. İstədi oturub bir dənə də məktub yazsın, lakin qonşu uşağının çığırtısı onu fikrindən daşındırdı. Sən demə qonşunun oğlu Yakamizulanın başına kokos düşübmüş.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir