Məşhur NOOR fotoagentliyinin təsisçisi Stanley Greene Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı davam edən münaqişəni işıqlandıran dünyaca məşhur fotojurnalistlərdən biridir. Onun “Chalk Lines: Caucasus” adlı fotolayihəsi Qafqaz bölgəsində baş verən insanlıq faciəsini özündə əks etdirən bariz nümunələrdən ibarətdir.
Stanley Greene sadəcə fotoları çəkməklə kifayətlənmir. O, həm də auditoriyaya öz müstəqil yanaşmasını bildirir: “Qafqazda baş verənlərin çox kiçik hissəsi göz önündədir. Orada azad media yoxdur, səyahət çətindir, xaricilərə şübhəli kimi baxılır, müharibə başçıları və etnik siyasətşilər terrorları yönləndirir. Bəzi bölgələrə girmək üçün Rusiya ordusundan keçmək lazımdır. Dar etnik millətçiliyin nəsilləri savadsız əhalini nifrətə səsləyir, bu nifrət qığılcımlarını isə qlobal güclər alovlandırır. Yüz illərdir qanla isladılmış Qafqazdakı son 12 il ən pis dönəm oldu. Bölgədə uzun illər işlədikdən sonra bu layihəni cinayət baş verən əraziyə istintaq dönüşü olaraq görürəm.”
Azərbaycanlı fotoqraf Sitarə İbrahimbəyli sözügedən layihənin təqdimatı zamanı rastlaşdığı hadisəni sizinlə bölüşür:
“Mən 2015-ci ildə “NOOR” fotoagentliyinin keçirdiyi workshop-lardan birində iştirak edirdim. Komandamızda mənimlə yanaşı, 3 erməni iştirakçı da var idi. Bizim mentorumuz isə Stanley Greene idi. O, “Chalk Lines: Caucasus” layihəsini nümayiş etdirdikdən sonra auditoriyadan gələn sualları cavablandırdı və Qarabağ müharibəsi zamanı baş verən hadisələrə şahidlik edən biri kimi bu məsələdə Azərbaycan tərəfində olduğunu bildirdi. Onun bu fikirləri erməni iştirakçılar tərəfindən narazılıqla qarşılandı və etiraza səbəb oldu. Fotoqraf cavabında: “siz gəncsiniz və orada baş verən hadisələrə şahidlik etməmisiniz, reallıqlardan demək olar ki, xəbəriniz yoxdur. Mənim bir fotojurnalist kimi tərəfli olmağımın səbəbi törədilən vəhşilikləri öz gözlərimlə görməyim və həqiqətləri bilməyimdən qaynaqlanır. Bəli, mən tərəfliyəm, çünki doğruları bilirəm” – dedi.