IND/ASTORAL audiovizual yaradıcılıq layihəsi

Musiqişünas və kurator Cahangir Səlimxanovun təşəbbüsü ilə həyata keçirilən IND/ASTORAL adlı audiovizual yaradıcılıq layihəsi onlayn olaraq təqdim olunmağa yenicə başlayır.

İlkin fikir Lüdviq van Bethovenin 250 illiyi münasibətilə konsert tədbiri təşkil etmək idi. Dahi bəstəkarın 6-cı “Pastoral” Simfoniyası burada XX əsrin musiqisi ilə əhatə olunur və beləliklə, təbiət qüvvələrinin insan həyatındakı təsiri haqqında müzakirə daha kəskin tərzə qoyulmuş olur.

Şəhər həyatı (industrial), təbiət (pastoral) və səmavi (astral) anlayışlarının mürəkkəb qarşılıqlı əlaqələrinin kəsişməsində IND/ASTORAL kimi bir qədər yöndəmsiz səslənən bir ad meydana gəldi. Bethovenin sakit, həzin musiqisi, Arseny Avraamovun “Sirenlər” simfoniyasının şokedici sərt sənaye səsləri (yeri gəlmişkən, dünyada erkən musiqi avanqardının klassikası kimi tanınan bu təsirli eksperimental əsər ilk dəfə 1922-ci ildə Bakıda ifa olunmuşdu) və Olivier Messiaen-in əsərindəki ondes Martenot elektrik alətinin sanki başqa bir planetdən gələn səda kimi, lakin insani səs qədər titrək olan səsi gözlənilmədən bir proqramda rastlaşır.

Bu layihənin hazırkı versiyası davam edən pandemiyanın səbəb olduğu məcburi məhdudiyyətlərə bir növ reaksiyadır. Kütləvi yığıncaqların ləğvi səbəbindən eyni fikrin (Bethovenin musiqisinin başqa dövr və üslub kontekstinə yerləşdirilməsi) rəqəmsal formata köçürülməsi musiqi səs yazılarının bir növ əlavə “artırılmış reallıq” səsləri ilə birgə kollajı və abstrakt, “xəyali” video təsvirlərini bir araya gətirərək ərsəyə gətirildi. Bakıda Goethe Mərkəzi (Goethe-Zentrum Baku) dəstəyi ilə Azərbaycan-Alman ortaq layihə üzərində iş üçün beynəlxalq nüfuza malik Berlindən olan iki yaradıcı şəxsiyyət – video art ustası Lillevan və musiqi prodüseri Robert Lippok, habelə Bakının gənc soundart ustası Fərhad Fərzəli – cəlb olunub.

Layihə ilə bağlı bütün əlavə məlumatları www.indastoral.live xüsusi veb saytından əldə etmək olar.

Yaradıcılıq layihəsinin onlayn təqdimatı Stokholm Kulturnatt festivalının (Stokholm Mədəniyyət Gecəsi) proqramına daxil edilib. Hər il keçirilən festivalın builki tədbiri çərçivəsində 24 Aprel 2021 tarixində şəhərin onlarla mədəni məkanı və təşkilatı İnternet üzərindən qısa proqramlarını təqdim edir.

IND\ASTORAL uzun illərdir öz fəaliyyətini ölkəsinin Şərqi Avropa ölkələri ilə mədəni mübadiləsinə həsr edən İsveç mədəni təşkilatı “ArtEast” tərəfindən festivalda təmsil olunur. Azərbaycandan olan layihənin Stokholmdakı festivalda iştirakı gənc art0menecer Könül Rəfiyevanın təşəbbüsü və köməyi sayəsində reallaşacaq.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir