Tora Ağabəyova / Nailə Hazell

 Tora Ağabəyova / Nailə Hazell

Tora Ağabəyova və Nailə Hazell Azərbaycanı son illərdə tərk edən rəssamlardandır. Həm individual səbəblər, həm də ölkənin incəsənət üçün təmin etdiyi prespektivlərin kasadlığı bu qərarda onlara yön verən, dəstəkləyən motivlər olub. Oxşar həyat rastlantıları və sənətlərində bu birgəliyi ifadə etmələri onları eyni hekayədə bir araya gətirməyimizi təsadüfi etmir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası onlar üçün həm dostluğun başlanğıcı, həm də ilk tələbəlik dönəmlərinin arxa fonudur. Onlarla söhbətə başlayanda da ilk ştrixlər elə universitet xatirələrinə yön aldı. Davamında isə artıq illər sonra Bakıya qayıdanda yaradıcılıq üçün baş çəkdikləri məkandan – quruluşçu rəssam Mais Ağabəyovun geridə qoyduğu şəxsi emalatxanasından danışdıq. Bu özəl nostalgiyalara çox da vurğu etmək niyyətində deyiləm, amma hər iki rəssamın ölkə ilə bağlı onları birləşdirən məkanlara hiss etdiyi xoş duyğular söhbətlərinə yansıyırdı.

Tələbəlik və bir dönəm Azərbaycanda davam edən həyatın ardınca artıq onlar ölkəni tərk etmək qərarı alır. Şərtlər və imkanlar Toranı Almaniyaya, Nailəni Britaniyaya aparır. Amma gözləntiləri onları bir müddət yanıldır. Üçüncü dünya ölkəsindən gələn insanlar, üstəlik sənətçilər olaraq ciddiyə alınmamaq, diskriminativ yanaşmalarla üzləşmək də bu səyahəti çətinləşdirir. Əlbəttə, mədəni şokun təsiri də qaçılmaz olur. Azərbaycanda tamamilə fərqli sənət əhatəsi və imkanlarla qarşılaşıb mədəniyyətin və sənətin kök saldığı Avropada laqeydliklə qarşılaşmaq, əslində, normal qəbul oluna bilər. Çünki həyat və sənət münasibətləri bu fərqli kütlələrdə ayrı baxış bucaqları, ayrı fundamentlər, ayrı dəyərlər üzərində köklənib. Amma bunu yerində və qarşılaşdığın zamanda anlamaq həmişə qəbulolunan, həlledilən olmur. Getdiyin ölkəyə, üzləşdiyin xalqa ideoloji yaxınlıq hiss etmək, adaptiv olmaq, situasiyalara liberal reaksiyalar vermək niyyəti və cəhdləri belə bunu həll edə bilmir. İstənilən halda zaman alır və depressiya ilə münasibətə gətirir. Bu təsirlər onların hər ikisi üçün aydın olsa da, artıq hərəkətə keçmək ehtiyacı var idi. Özləri də dediyi kimi: “Heç kəs gəlib səni emalatxanada və ya xəyal dünyanda kəşf etməyəcək. Özün hərəkətə keçmədiyin müddətdə qapanıb unudulmağa məhkum olacaqsan”.

Bir müddətlik distant görüşlərdən sonra onlar Almaniyada görüşməyə qərar verir və burada əslində hər ikisinin oxşar sənət taleyi yaşadıqları məlum olur. Sənətlərindən savayı, təcrübə etdikləri fərdi çətinliklər – məişət problemləri, mənəvi narahatlıqları da onları birləşdirirdi. Lakin bütün bu neqativ yaşantıların əhatəsində sənətin qüvvəsi onların yenidən canlanmalarında dönüş nöqtəsi olur.

Dostlar eyni məkan və situasiyada bir-birlərinin portretlərini çəkməyə başlayır və bu, onların hər görüşündə silsilə yaradır. İldə bir dəfə görüşmə imkanları olduqca həmin zamanı sənətlə ifadə edir, doğma münasibətlərini yaddaşa çevirirlər. Dünyanın hansı ucunda bir araya gəlmələrindən asılı olmayaraq bu qarşılaşmalardan əsər yaradıb hiss və düşüncələri, zamanın və məkanın yansımasını yağlı boyada öz üzləri ilə təsvir etmək xüsusilik yaradır. Sevgini, doğmalığı, empatiyanı ötürür.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir