Məni Unutma – 2022

 Məni Unutma – 2022

Rəssam Vüsal Rəhim qadınlara həsr olunmuş “Məni unutma! – 2022” adlı yeni sosial incəsənət layihəsi yaradıb. O, 8 Mart ərəfəsində 7 gün boyunca (1-7 mart) öz media hesablarından, ölümü sosial şəbəkələrdə dəhşətlə qarşılanan, müzakirə olunan 7 qadının portretini və hekayəsini paylaşıb. Vüsal Rəhim ötən ilin mart ayında “Məni unutma! – 2021” adlı sosial incəsənət layihəsini sərgiləmişdi. Rəssam bildirir ki o, 2021-ci ildə 1 həftəlik onlayn sərgini keçirməkdə məqsədi zəruriyyətdən yaranıb. Belə ki, son 1 ildə yenə də çoxlu sayda ağır qətllər və ölüm halları olub. Kütləvi mediada bu qətllərin çox az bir hissəsi görünməkdədir:

“Bir rəssam kimi mən, bu baş verənlərə azda olsa diqqət çəkmək istəyirəm. Qadın cinayyətləri və ölümləri cəmiyyətimizdə bəzi düzgün olmayan nüansların olduğunu göstərir. Və həmçinin bizim qarşımıza suallar qoyur. Nə isə etməliyik! Hansısa yolları tapmalıyıq və ən yüksək səslə #qadıncinayətlərinəyox deməliyik.”

“Məni Unutma! - 2022 ” 15 yaşlı G.B N1 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N1: akvarel, kağız. 31 x 20 sm
“Məni Unutma! - 2022 ” 15 yaşlı G.B N1 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N1: akvarel, kağız. 31 x 20 sm

Uşaq vaxtı dayım mənə Moskvadan matruşka oyuncağı almışdı. Bu mənim ən sevdiyim oyuncağımdır. Onun içindən özünə oxşar daha bir neçə qadın çıxır. Matruşka oyuncağım gözümün qabağında şkafın üstündədir.
–         Ana əlimi möhkəm tut, qorxuram.
–         Ana məndə sənin içindən çıxdım, indi mənimdə içimdən, mənə oxşar bir qız çıxacaq hə?
–         Qışqır!
–         Ana onun saçını hörüyəcəm. Matruşkanın saçı yoxdur heyf, əvvəlki barbimin saçı vardı.
–         Qışqır ay qız!
–         Ana!
–         Gəlir qışqır!
–         Dözə bilmirəm.
–         Ana mən ana olacam?
–         Hə qızım, döz!
–         Mən onun saçını hörüyəcəm.
Adım GB kimi mediaya düşən mən, nə onun saçını hörürdüm, nə də ki, matruşkamla bir daha oynaya bildim. İkimizi də elə matruşka kimi iç içə qoyub bir qəbrə gömdülər.

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb. Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

“Baku TV”nin əməkdaşı doğuş zamanı ölən 15 yaşlı yeniyetmənin ailəsinin evində olub, hadisənin təfərrüatını araşdırıb. Evin tək qızı olan Nigarın (ad şərtidir) anası Əfşan Baxşəliyeva iddia edib ki, qızının ölümünə səbəb ara həkimidir. Ana qızının 28 yaşlı kişi ilə qeyri-rəsmi münasibətdə yaşamasından da danışıb. “İki dəfə elçi gəldilər, vermədim. Sonra qızım dedi ki, elçilərimi niyə qaytardın? Məni verməsən, özümü öldürəcəm”, – deyə o qeyd edib.

“Məni Unutma! - 2022 ” Xanım N2 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N2: akvarel, kağız. 31 x 20 sm
“Məni Unutma! - 2022 ” Xanım N2 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N2: akvarel, kağız. 31 x 20 sm

–          Alo.
–          Alo zəhmət olmasa mənə komək edin!
–          Alo, orda kimsə var ?
–          Məni kimsə eşidir?
–          Mənə kömək lazımdır!
–          Yalvarıram.
–          Mənə, mənə kömək lazımdır!
–          Alo-Alo.
–          Alo…..

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsində şahidlər ifadə verib. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyevə söz verilib. O, bacısınının İ.Məmmədov tərəfindən xidməti dubinka ilə döyüldüyünü bildirib:
“Bacım bir dəfə mənə zəng elədi ki, “gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm”. Dubinka və təpiklə onu döymüşdü. Bu hadisə bir dəfə də təkrarlanmışdı. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. İsmayıla ömürlük həbs verilməsini xahiş edirəm”.

Şahid qismində ifadə verən Gülxanım Yolçuyeva mərhumun bibisi olduğunu deyib. Onun sözlərinə görə, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub:
“Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, onu bizə çatdırsın. Sürücü götürmək istəməyib. Deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı. Votsapda adi bir qrup yazışmasına görə qızımızı dubinka ilə döyüb, başını divara çırpıb. Səhər bölmədə təhqiqatçının otağına girib hadisəni danışdıq və ekspertizaya getmək üçün sənədlər hazırlandı. İsmayıl içəri gəldi, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi”.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.

“Məni Unutma! - 2022 ” Məryəm N3 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N3: akvarel, kağız. 31 x 20 sm
“Məni Unutma! - 2022 ” Məryəm N3 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N3: akvarel, kağız. 31 x 20 sm

Nənəmin nağılında qardaşları tərəfindən quyuya atılan bir oğlan var idi.
Qaranlıq dünyadan savaşaraq işıqlı dünyaya çıxmışdı. Mən də bu quyunun içindən
çıxıb evə getmək istəyirəm.
Qorxuram, üşüyürəm.
Ay düz üzərimdədir. Mən yatağımda olmaq istəyirəm.
O üzərimə çoxlu daş və torpaq tökdü.
Üşüyürəm.
Mən evə qayıtmaq istəyirəm.
Ay düz üzərimdədir. Mənə baxır.
Mən indi yatağımda olmaq istəyirəm. Nənəmin başıma sığal çəkməsini istəyirəm. Amma heç yerə gedə bilmirəm.
O üzərimə çoxlu daş və torpaq töküb. Tərpənə bilmirəm, üşüyürəm.
O bunu niyə etdi bilmirəm. Amma bədənim çox ağrıyır. Hər yerim ufu olub.
Mən yatağıma getmək istəyirəm, burda qorxuram. Başımın üzərində ay mənə baxır və
ətrafda itlər ulayır.
Mən qorxuram və bədənim, ruhum çox əzilir.

Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. Publika.az-ın əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini vurub öldürən 1990-cı il təvəllüdlü Mehman Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törətdiyini bildirib. Qeyd edək ki, azyaşlının atası yanvarın 23-də övladını götürmək üçün qonşuya gəldikdə onun yoxa çıxdığını görərək polisə məlumat verib. Yanvarın 31-də Məryəmin öldüyü, qonşuluqda yaşayan Mehman Mansurov tərəfindən meyitinin quyuya atıldığı, üstünə qum və mişar daşlarının atıldığı məlum olub. FHN xilasedicilərinin köməkliyi ilə meyit quyudan çıxarılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Məni Unutma! - 2022 ” Şura N4 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N4: akvarel, kağız. 31 x 20 sm
Məni Unutma! - 2022 ” Şura N4 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N4: akvarel, kağız. 31 x 20 sm

Pəncərəmin önündə quru bir ağac var. İki gündür o ağacın üzərində yuva qurmuş sərçəyə baxıram. Necə dimdiyində yem gətirməyinə, balalarını yedizdirdiyinə baxıram. İlahi bütün bədənim dəhşətli ağrıyır, bədənim yanır. Mən bu an o sərçənin yerində olub öz yuvamda balarımı bəsləmək istəyirəm. Mənim onlar haqqında arzularım düşüncələrim var idi. Təki onların arxasında durardım, çünki onlara söz vermişdim. Amma bu sözü tuta biləcəyimə əmin deyiləm. O məni yandırdı, o məni diri diri  yandırdı. O mənim arzularımı, uşaqlarım üçün qurduğum xəyallarımı yandırdı. Cəhənnəmi mənə diri diri yaşatdı.

Hadisə 2020-ci il iyunun 9-da baş verib. Prokurorluq orqanlarının yaydığı məlumata görə, Əmirova Şura İslam qızı Muğanlı kəndi ərazisində keçmiş əri Hüseynov Nurlan Üzeyir oğlu tərəfindən üzərinə benzin tökülərək yandırılıb. Bununla bağlı cinayət işi açılıb. Nurlan Hüseynova 18 il iş kəsiblər. Şura ilə Nurlan 2017-ci ildə ayrılıblarmış. Sonra iddia olunur ki, Nurlanın təkidi ilə barışıblar və sonra bu dəhşətli hadisə baş verib. Şuranın anası Şahnaz Əmirova uşaqları uşaqların ata nənə və babasının, digər yaxınlarının görməsini istəmir. Şahnaz Əmirova “Xəzər” TV -də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu “Təsir dairəsi” verilişinə Kürdəmirdən müraciət edib. 2019-cu ildə qızı əri tərəfindən yandırılaraq öldürülüb. Ərinə 18 il iş veriblər. Şahnaz xanım deyir ayrılıb ata evinə gəlmişdi. Sonra oğlan gəldi barışmaq adı ilə qızı apardı. Həmin gecə yandırdı. Ana video-çəkilişlə 2 uşağını öz anasına qəyyumluğa verib. Amma ata tərəf uşaqları görmək istəyir. Nənə isə razılaşmır.

“Məni Unutma! - 2022 ” Fəxrəndə N5 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N5: akvarel, kağız. 31 x 20 sm
“Məni Unutma! - 2022 ” Fəxrəndə N5 Vüsal Rəhim. Onlayn sosial incəsənət layihəsi, 2022 N5: akvarel, kağız. 31 x 20 sm

Xəyanət! Gözələrimlə gördüm susmaq istədim, düşündüm oğlumun ailəsi dağılmasın, yuvası yıxılmasın. Amma bu vəziyyətdə susmaq da olmur. Onu öz əlimlə 15 yaşında gəlin gətirdim. Toy elədim, zülmlə yeni tikdirdiyimiz bu evdə mən oğluma toy çaldırdım. Düzü əvvəldən istəyirdim yaxşı ailədən elə az yaşlı olan gəlin alım. İlk gözünü oğlumda açsın. Xoşbəxt olsunlar söz-söhbətsiz.
– Öz əlimlə onu evimə gətirdim ….
– Onları bir yerdə gördüm.
– Oğlum, mən nə etdim?
– Harada səhv etdim? Ay bunun üzünə lənət!
– Evimə qan salacaq deyə üzümü cırdım.
– Balam bunu bilsə qan düşəcək deyə az qala ürəyim partlayırdı.
– Gəlinim xəyanət edirdi. Özü də qaynımın oğluyla
– Mən harda səhv etdim? Ay bunun başı batsın!
– 15 yaşında çalğılı, düyünlü borc-xərclə toy elədim.
– Amma o yuvama qan salacaq.
– Nəfəsim dayanır.
– Balıncım gecə ilə üzümə sıxıldı, nəfəsim kəsilir, oğlum!

2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 01:00 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir