“Bakıya Hücum” – Nasist propaqanda filmi

Filmlər həmişə güclü təsir aləti sayılıb. Bir film çəkməklə yüzlərlə ideyanı təbliğ edə bilərsən – bu heyvan hüquqları da ola bilər, soyqırım təbliği də – yəni hər şey rejissorun ümidinə qalıb. Bu mənada Nasist Almaniyası tarixin ən məşhur propaqanda filmlərinə imza atıb. Bəli, Nasist Almaniyasının ən güclü silahlarından biri film sektoru idi. Nasist film propaqandasının əsas hədəfi elə alman xalqı olsa da dünya hələ də Leni Rifenştalın Triumph des Willens (Əzmin qələbəsi) və Olympia filmlərindən bəhs edir. Çox maraqlıdır ki, Nasizm üçün propaqanda filmləri çəkən rejissorlar, filmlərdə rollara çəkilən aktyorlar İkinci Dünya Müharibəsindən sonra hələ də fəaliyyətdə idilər. Rifenştal hətta 1940-cı ildə çəkməyə başladığı Tiefland (Alçaq torpaqlar) filmi ilə Kann festivalına müraciət etmişdi. Rifenştal 2003-cü ildə, 101 yaşında öldü amma onun hərəkətləndirdiyi təbliğat maşını hələ də işləyir.

 

Bu təbliğat maşınının rejissorlarından Fridrix Kirçof (1901-1953) Anschlag auf Baku (Bakıya hücum) filmini çəkməyə qərar verir. Filmin əsas mövzusu Bakı və onun neft sənayesidir. Hadisələr 1919-cu ildə, Bakıda keçir. Lakin film tarixi film deyil, triller janrındadır. Buna görə də, necə deyərlər “xəyal məhsuludur”. Belə ki, heç bir real və tarixi personaj filmdə əks olunmayıb.

 

Film gözlənilməz şəkildə “Sarı Gəlin” xalq mahnısının müşaiyəti ilə başlayır. İlk səhnələrdə Bakıdakı maqnatlar var: Corc Kemps (amerikan), Mister Yensen (danimarkalı), Mister Hanson (isveçli) və Mamulyan (erməni). Filmin baş rolu isə Hans Romberqdir. Hans Birinci Dünya Müharibəsində ruslara əsir düşür və inqilabdan sonra həbsdən azad olub Bakıya işləməyə gəlir. O, burada neft maqnatı Kempsin şirkətində işləməyə başlayır və təhlükəsizlikdən məsul olur. Milyonerlərin neft mədənlərinə tez-tez hücumlar baş verir, “ağıllı” qəhrəmanımız Hans isə bilir ki, bu işin arxasında ingilislər var. O, həmçinin Corc Kempsin qızı Silviya Kempsə aşiq olur.

 

Filmin antaqonisti isə Britaniya hərbçisi Persi Forbesdir. Onun da Silviyadan xoşu gəlir, həmçinin gizlin şəkildə neft maqnatlarının torpaqlarını ələ keçirmək istəyir. O, hətta neft buruqlarında partlayışlar da təşkil edir. Filmin 19-cu dəqiqəsində yanğınları söndürməyə qaçan Bakı camaatını da burda görürük. Bu vaxt Romberq yaralanır. Partlayışdan sonra Persi Forbes Bakının polis rəisi Barakovla görüşür və ona təhlükəsizlik üçün Türk ordusunun şəhərə dəvət etməsini təklif edir. Bununla da biz 28-ci dəqiqədə artıq Türk ordusunun Bakıya daxil olmasını görürük. Osmanlı və Azərbaycan bayraqlarını da filmdə ilk dəfə görmüş oluruq. Lakin çox keçmədən ara yerə qarışır. Bu dəfə ingilis agentlərinin təhriki ilə ermənilər və azərbaycanlılar bir-birlərini qırmağa başlayırlar. Forbes bu dəfə başqa bir təkliflə gəlir – Bakının İngilis ordusuna verilməsi. Çox keçmədən Forbes özünü Bakının qubernatoru elan edir və bütün hakimiyyəti əlinə alır.

 

Barakov bir müddət sonra öz səhvini başa düşür və Romberqin köməyini istəyir. Romberq yerli əhalini təşkilatlandırır və onlar birlikdə ingilisləri Bakıdan qovurlar. Hans Romberqin yeganə xəyalı isə Almaniyaya qayıtmaqdır.

 

İndi isə gələk filmin çəkilmə prosesinə. Kirçoffa Bakıya müəyyən qədər oxşayan bir şəhər lazım idi – neft buruqlarının bu qədər intensiv və belə demək mümkündürsə, “meşə kimi” çox olduğu bölgələr Almaniyada yox idi. Buna görə də həmin səhnələr üçün Rumıniyanın Moreni və Beykoy şəhərləri seçildi. Digər səhnələr isə Polşa və Almaniyada çəkilirdi. 4 noyabr 1940-cı ildə çəkilişləri başlayan filmin “dünya premierası” 18 avqust 1942-ci ildə baş tutdu. Filmdəki əsgərlər Rumın krallığının öz ordusundan çəkiliş üçün ayırdılığı 900 nəfər əsl əsgər idi. Filmin inandırılıcığı üçün həqiqətən neft buruqları partladıldı və yanğınlar törədildi – ətraf kəndlərin camaatı isə partlayış səslərindən təəccüblənirdilər. Filmin səhnəyə qoyulmasından 3 gün sonra isə Nasist bayrağı artıq Elbrus dağına sancılmışdı. Filmin başqa bir premyerası isə Fransada, 11 mart 1943-cü ildə olub.

 

Filmin çəkilişləri o dövr üçün fenomenal idi. 3 milyon reyxmarkdan, yəni indiki valyuta ilə 50 milyon manatdan daha çox başa gələn filmin qazancı gözlənilməz dərəcədə az olmuşdu. Filmdəki bütün aktyorlar – hətta türk əsgər rolunu oynayanlar belə avropalı idi. Filmin musiqisi ilə məşhur avstriyalı bəstəkar, Berlin filarmoniyasının konduktoru Aloiz Melixar məşğul olub. Aloiz 1923-1926-cı illərdə Helenendorf qəsəbəsində (indiki Göygöl şəhəri) musiqi müəllimi işləyirdi. Filmdəki Sovet casusu rolunu oynayan şəxs isə Aruz Vartandır. 1880-ci ildə Naxçıvanda doğulmuş Aruz da 1945-ci ildə ürəktutmasından vəfat edib.

Bəlkə də gəlməli olduğumuz nəticə daha sadədir – incəsənət elastikdir. Əyilib, bükülə bilər. “Bakıya hücum” təkcə almanlara yox, həm də Avropalılara və oradakı azərbaycanlı, erməni və gürcü əsirlərə Qafqazın qurtuluşunun sadəcə Nasist işğalından keçəcəyi ideyasını yeridirdi. Həmçinin alman ordusuna qəhrəmanlıq ruhu aşılayır, döyüşə ruhlandırırdı. Nəticə isə göz qabağındadır – yüzminlərlə qurban, puç olmuş həyatlar. Nasist filmlərinin çoxu qadağan olunsa da, akademik analizlər üçün açıla və tədqiq edilə bilər ki, dünyanı potensial yeni nasistlərdən qoruyaq.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

2 Comments

  • Salam. Zəhmət olmasa hansı mənbələri istifadə etmisiniz deyə bilərsiz(misal üçün Aloiz Melixarın göygöl həyatı ilə bağlı daha ətraflı oxumaq üçün)?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir