İnsan psixologiyasına fundamental təsir göstərən bir neçə mühüm faktorlar vardır ki, bunların ən vaciblərindən biri də dildir. Elm adamları və dilçilər dilin insanların düşüncə və davranış tərzini necə formalaşdırması ilə bağlı geniş miqyaslı araşdırmalar və tədqiqatlar aparmışlar. Dil mədəniyyətin bölünməz hissəsidir və gündəlik olaraq istifadə edilən sözlər, cümlələr, ifadələr insanın düşüncə tərzinə və davranışlarına dərin təsir göstərir.
İstifadə etdiyimiz dil bizim sosial problemlər və proseslər haqqında düşüncələrimizi güclü şəkildə şərtləndirir və şəkilləndirir. Özümüzü ifadə etməyimiz və beynimizdəki, daxilimizdəki fikirləri cəmiyyətə çatdırmağımız üçün mövcud olan dildən istifadə edirik və buna görə də müasir dilimizin yaşadığımız dövrə görə uyğunlaşması həddindən artıq vacib məsələdir. Danışıq dili həmin dildə danışan cəmiyyətin aynasıdır və sadəcə həmin dövlətin mədəniyyəti və tarixini deyil, eyni zamanda onun dəyərlərini və inanclarını da özündə əks etdirir.
Bu məqalədə vurğulamaq istədiyim mövzu Azərbaycan dilinin bölünməz qismi olan Azərbaycan folkloru və ədəbiyyatıdır. Azərbaycan şifahi xalq ədəbiyyatı çox zəngin nümunələrdən ibarətdir və olduqca qədim tarixə malikdir. Şifahi xalq ədəbiyyatı əmək nəğmələrindən başlayaraq, dastanlar, nağıllar, əfsanələr, tapmacalar, atalar sözləri və s. nümunələrdən ibarətdir. Bu nümunələr xalqımızın adət-ənənələri, mənşəyi, tarixi, baxış və görüşləri ilə bizi tanış edir və həmçinin bizə qəhrəmanlıq, dürüstlük, insanpərvərlik, yaxşılıq, vicdan və s. kimi xüsusiyyətləri öyrədir.
Günlük həyatımızda ən çox istifadə olunan folklor nümunələri atalar sözləridir. Atalar sözləri hər bir dilin mühüm hissəsidir və adətən əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyan, xalqı düzgün yaşamağa yönləndirən hikmətli ifadələrdən ibarət olur. Atalar sözləri hər vəziyyətdə istifadə oluna bildiyi üçün bizim şüuraltımıza digər ədəbiyyat nümunələrindən daha çox təsir edir, mədəniyyətimizi və günlük həyatımızı əks etdirərək düşüncə tərzimizi formalaşdırır. İngiliz şairi William Penn-in dediyi kimi “Bir millətin müdrikliyi onun atalar sözlərində əks olunur”. Hamımızın sevə-sevə istifadə etdiyimiz atalar sözləri və məsəllər var ki, həqiqətən də insanları motivasiya edib onları pis əməllərdən və destruktiv davranışlardan uzaqlaşdırmağa kömək edir. Keçmiş nəsillərimiz öz həyat təcrübələrini bu məsəllər vasitəsilə gələcək nəsillərə ötürməyə çalışıb və müasir psixoloji tədqiqatlar da onların düzgün nəzəriyyəyə əsaslandığını isbat ediblər. Bunlara misal olaraq, özümün də daim istifadə etdiyim bir neçə atalar sözlərini sadalamaq istəyirəm:
- Artıq tamah baş yarar.
- Az olsun, saz olsun
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
- Dama-dama göl olar.
- Dəmiri isti-isti döyərlər.
- İşləməyən dişləməz.
- Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.
- Kor kora kor deməsə, bağrı çatlayar.
- Meşə çaqqalsız olmaz.
- Mərdi qova-qova namərd edərlər.
- Nə əkərsən, onu da biçərsən.
- Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
- Tək əldən səs çıxmaz.
Lakin ədəbiyyatımızda nə qədər ibrətamiz və müdrik nümunələr olsa da, bəzi absurd və köhnəlmiş fikirlər var ki, bunlardan günümüzdə istifadə etmək düşüncəmizə kölgə salır və ətraf mühitimizə, həyatımıza və digər insanlara zərər verir. Bütün dünyada da olduğu kimi, Azərbaycan ədəbiyyatında mövcud olan bəzi folklor nümunələri günümüzdə böyük əhəmiyyət kəsb edən qadın haqları uğrunda mübarizəni çətinləşdirir. Atalar sözlərinin yenilənməsi və bəzilərinin tamamilə istifadə olunmaması fikri bir çox ədəbiyyatçıları və başqa insanları qıcıqlandırır, çünkü milli adət-ənənələrimizi və mənşəyimizi əks etdirən bədii əsərlərə toxunma fikri bəzi insanlara qəribə və gərəksiz gələ bilir. Azərbaycanda qadın haqlarının digər ölkələrdən daha yaxşı vəziyyətdə olduğunu isbat etməyə çalışan insanlar tarixdən misal gətirərək başqa bir çox ölkələrdə qadınların səsvermə hüququ olmadığı vaxtda – 1918-ci ildə Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsini nümunə göstərirlər. Həm o dövrdə, həm Sovet hakimiyyəti illərində, həm də müstəqillikdən sonrakı müasir dövrümüzdə də qadın haqlarını, gender bərabərliyini təmin etmək üçün dövlət siyasətləri tətbiq olunmuşdur. Lakin bu cür dövlət siyasətləri və hüquqi qərarlar qadın haqlarını və qadının cəmiyyətdə rolunu gücləndirmək üçün yetərli deyil. Azərbaycan millətinin şüuraltına təsir edən bütün məsələlər ciddiyə alınmalı və yenilənməlidir ki, insanlar stereotiplərdən, önmühakimədən və qadınlara qarşı diskriminasiyadan, cəmiyyətimiz isə qadın cinayətlərindən azad olsun. Necə ki, dilimizdə arxaizmlər və tarixizmlər istifadə olunmur, gündəlik olaraq tətbiq olunmur, eləcə də mənəviyyatımıza, psixologiyamıza və insan haqları mövzusuna mənfi təsir göstərə biləcək uzun illərdən qalan, müasir və çağdaş həyat tərzi ilə uyğunlaşmayan aforizmlərdən və atalar sözlərindən istifadə etməmək lazımdır. Bu cür atalar sözləri yarandıqları mühitin, maarifçilərimizin tənqid etdiyi dövrlərin məhsulu olaraq çağdaş dünyamıza uyğun gəlmirlər.
Gəlin bir yerdə müasir günümüzdə də tez-tez işlədilən, gender bərabərliyinə və qadın haqlarına xələl gətirən bir neçə atalar sözlərinə fikir verək:
- Qadının obyektləşdirilməsi
- Arvadnan atı əmanət vermə.
- Qadın sözə baxmır, saxlamaq nə gərək.
- Qız gözəl gərək, oğlan – igid.
- Qız dediyin ağacdakı almadır, kim salar, o da aparar!
- Qız alanın ya bir çuval qızılı gərək, ya bir çuval yalanı
- Arvad kişinin qoltuq saatıdır.
- Qadının cəmiyyətdəki rolunun əhəmiyyətsizliyi və ağlının dəyərsizliyi
- Arvad olan yerdə dava olar.
- Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
- Arvadın saçları uzun оlar, ağlı gödək
- Evlərə gedən qızın qulaqları kar, dili lal, gözləri kоr gərək
- Evlərə gedən qızın başı qоvğalı оlar.
- İşin düşdü arvada, ölən günün sal yada
- Qadının gücü göz yaşındadı.
- Qadının həyatındakı rolunun ərə getməkdən ibarət olması, erkən nigah təbliğatı, qadına qarşı zorakılıq və dul qadınların dəyərsizləşdirilməsi
- Dul arvadı qız adına almazlar.
- Dul arvadın boxçası qoltuğunda olar.
- Dul arvadın divarı alçaq olar.
- Qızını döyməyən, dizini döyər.
- Qızı öz xoşuna qoysan ya mütrübə gedər, ya zurnaçıya.
- Qız qundaqda, cehizi sandıqda.
- Alma arvadın dulunu, dalıynan gələr qulunu, satar sоyar pulunu, ayrı qоyar malını.
- Ana оlanda kişi anası оl.
- Əmi qızıynan əmi оğlunun kəbini göydə kəsilib.
- Ər arvadın tacıdı.
- Ərə gedən qızların dili altında qənd gərək.
- Gəlindən qız olmaz.
- Qız anadan olanda gözünü açar, deyər: – Bu bizim ev deyil
- Qız evin qonağıdı, vaxt gələr, gedər.
- Qız onbeş yaşında ya ərdə gərək, ya da gorda
- Qız özgə əmanətidi.
- Qızını qoy beşiyə, cehizini qoy eşiyə
- Ərsiz arvad – cilovsuz at.
- Arvadı əri saxlar, pendiri dəri
- Qız gedəridir, oğlan ürək başıdır
Yuxarıda sadalanan atalar sözləri ədəbiyyatımızda mövcud olan, qadın və kişi bərabərliyinə zidd olan nümunələrin yalnız kiçik bir hissəsidir. Sadəcə atalar sözləri deyil, şifahi ədəbiyyatımızın digər nümunələri, bir çox yazıçılarımız və şairlərimizin əsərlərində də qadınların və kişilərin kateqoriyalara təyin olunması, onların davranışlarının cinsiyyətinə əsasən müəyyən olunması mövzuları geniş yer alır. Sadəcə Azərbaycanda deyil, bütün dillərdə bu cür folklor nümunələri mövcuddur. Hal-hazırda qabaqcıl dünya ictimaiyyətində aparılan vacib mübarizələrdən biri də odur ki, insanlara qadın və ya kişi, cavan və ya qoca, gözəl və ya çirkin, varlı və ya kasıb və digər kateqoriyalara ayırmaq yerinə, həmin insanın individual olaraq nələrdən xoşu gəldiyini, nələrə önəm verdiyini, nə nailiyyətlər əldə etdiyini, öyrənib, hiss edib, o cür davranmasına imkan yaratmaq lazımdır. Bu gün bütün dunyada bir çox beynəlxalq təşkilatlar “women’s empowerment” yəni “qadınların gücləndirilməsi ” mövzusu ilə əlaqədar böyük layihələrə imza atır və bu layihələrə küllü miqdarda vəsaitlər ayırırlar. Qadınların gücləndirilməsi layihələri onların təhsil, peşə və həyat tərzi kimi seçimlərinin məhdudiyyətlər olmadan həyata keçirilməsinə imkan verməyə yönəldilir. Qadınların səlahiyyət və bərabərlik yolunda bir çox maneələri vardır ki, bunlardan biri də mədəni normalardır. Yaşadıqları mədəniyyət və cəmiyyət qadınların gücləndirilməsi üçün səy göstərmirsə və bəzi şeylərin kökündən dəyişilməsinə hazır deyilsə, bu mübarizə onlar üçün daha da keşməkeşli keçəcəkdir. Yuxarıda qeyd etdiyim kimi, mədəniyyətimizi formalaşdıran mühüm amillərdən birinin də ədəbiyyat olduğu üçün, müasir ədəbiyyatda insan haqları, gender bərabərliyi və tolerantlıq mövzularına geniş yer verilməlidir.
Təbii ki, həm şifahi həm də yazılı Azərbaycan ədəbiyyatında qadınlar haqqında gözəl əsərlər var ki, bunların məktəblərdə öyrədilməsi, mütəmadi olaraq xatırlanması, yenidən səhnələndirilməsi müasir ədəbiyyatda bu tip əsərlərin yazılması üçün böyük motivasiya ola bilər. Buna misal olaraq ilk növbədə XX əsrin əvvəllərində qadın azadlığı mövzusunda ən gözəl əsərlərin müəllifi, yazıçı, dramaturq və şair Cəfər Cabbarlıni göstərmək istəyirəm. Cəfər Cabbarlının əsərlərinin bir çoxunda cəmiyyətin qadın hüquqlarına qarşı göstərdiyi mənfi münasibət tənqid edilir və qadınların bu çətinliklərlə mübarizə aparıb öz hüquqlarını qorumasının vacib olduğu təbliğ edilir. Azərbaycan ədəbiyyatında qadının mənəvi azadlığının mühümlüyünü vurğulayan və təxminən 100 il bundan əvvəl yazılmasına baxmayaraq aktuallığını itirməmiş olan “Sevil”pyesi Azərbaycan qadınının “azadlıq rəmzi” adlandırılırdı. Bundan əlavə Cəfər Cabbarlının “Ana”, “Qızlardan kişilərə protesto” kimi şerləri, “Aslan və Fərhad”, “Dilbər”, “Gülər” kimi hekayələri, “Solğun çiçəklər”, “Od gəlini”, “Almas” kimi pyesləri dövrün gender bərabərsizliklərini və qadın çarəsizliklərini əhatə edirdi. Mirzə Fətəli Axundov da öz dövrünün qadın problemlərinə biganə qalmayaraq öz əsərlərində məişət zorakılığı, erkən nigahları göstərməklə bərabər güclü qadın obrazlarına da yer verirdi. Səməd Vurğun və Cəlil Məmmədquluzadə kimi muəlliflər həmçinin öz əsərlərində qadın və kişilərin hüquqi bərabərliyinə böyük əhəmiyyət verirdilər.
Təəssüf ki, mövcud olan ədəbiyyat nümunələrinin çoxu xoşniyyətli cinsiyyətçilik üsulundan istifadə edərək, qadınları sadəcə ana funksiyası daşıyan biri olaraq görür, onları ana olduqları üçün müqəddəsləşdirir. Analıq əlbəttə çox əhəmiyyətli və çətin vəzifədir. Amma ana ola bilməyənlər və ya olmaq istəməyənlər yetərsizlik kompleksi yaşayır və necə davranmalı olduqlarını diktə edən çərçivəyə salınırlar. Halbuki, qadınları, bu cəmiyyətin bərabər fərdləri olaraq görmək üçün onları daxildən gücləndirən, işləməyə və karyera qurmağa, qorxu və yetərsizlik hisslərindən azad olmağa çağıran, bu dünyaya gəlmə səbəblərinin evlilik olmadığını xatırladan, maarifləndirici, müasir ədəbiyyat əsərlərinə ehtiyacımız var.
Psixoloq, Xəzər Universiteti Psixologiya departamentinin müəllimi və elmi işçisi
2 Comments
Yoldas Ulker Isayeva, sizin burda sadaladiginiz atalar sozlerinden yalniz birini esitmis biriyem, o da qizina doymeyen dizine doyer. Onu da heckim ciddi sekilde demeyib ya zarafata yada oteri.. bizim millet qadinina hormet qoyandir. Yuzde 1.lik insan olarki siddet gostersin ve cox zamanda ayriliq olur sonu. Ve basliqda da yazmisiz ki arvad olma, bu sozun her dilde qarsiligi var ve hec bir millet bunu deyismek niyetinde deyil. Eyer bizi ireli aparacaq dusunceniz yoxdursa bosune bele basliqlarla cemiyetde iki cins aradinda soyuqluq ve daha cox mubahiseye sebeb olacag seyleri paylasaraq oz zekânızı sorgulatmayin.
Salam. 5-6 dil bilən kimi deyə bilərəm ki, “arvad olma” ifadəsinin başqa dillərdə analoqu olsa da, bildiyim dillərdə danışan millətlər onu hal hazırda dəyişmək niyyətindədir və bir çoxunda bu artıq uğurla alınıb. Hətda deyim, təəssüf ki, müşahidə etdiyimin əsasında bu prosesdə ən geridə qalan Azərbaycan dilidir. Həmçinin əgər siz yuxarıda qeyd olunan atalar sözlərini çoxusunu eşitməmisinizsə, bu o demək deyil ki, onları ciddiyə alan yoxdur. Şəxsən mən Bakıda akademik mühitdə onların dildə işlədilməsinin şahidi olmuşam. Həqiqətən bu fikirləri dəyişən müasir ədəbiyyat əsərlərinə ehtiyacımız var.