Azərbaycan Kinosunda Kişilər və Qadınların Oynadığı Ənənəvi Gender Rolları

 Azərbaycan Kinosunda Kişilər və Qadınların Oynadığı Ənənəvi Gender Rolları

Müasir Cənub-Şərqi Avropa jurnalı, 2020

Yüksək aktuallığına görə filmlər yaşından asılı olmayaraq, hər kəsin genderlə bağlı fikirlərinə və münasibətlərin inkişafına olduqca güclü təsir göstərir. Filmlər mesaj və mesajı ötürəndir. Şübhəsiz ki, filmlərdəki stereotipik obrazlar mədəniyyətimizə, iqtisadiyyatımıza, siyasətimizə və milli diskusiyamıza təsir göstərir, lakin hər şeydən öncə onlar uşaqların beynini, münasibətlərini və duyğularını formalaşdırır. Reklamlar, televiziya şouları, video oyunlar və sosial media ilə yanaşı, filmlər də 24/7 insanın şüuruna və davranışlarına təsir edir.

Buna görə də məsələ genderin ekranlarda nümayiş edilməsi olduqda şəxs bunun münasibətləri və insanların emosional vəziyyətini məhv edə biləcək aldadıcı bir akt olduğunun, onun zərərinin fərqində olmalıdır. İnsanlara real həyatda yaşadıqlarına bənzər hekayələri danışmaq öyrədilmiş davranışlara, informasiyanın şüuraltı yeridilməsinə və məlumatların, münasibətlərin və reaksiyaların mənimsənilməsinə  gətirib çıxarır ki, tədricən şəxs onları sorğulamadan təkrarlayır. Bundan əlavə, musiqi videoları, sözlər və film səsyazmaları kimi pop mədəniyyətdə nümayiş olunan gender məzmunlu araşdırılacaq çox mövzu var. Qərəzli və seksist media görüntüləri, videolar və mahnı sözləri – bunların hamısı gender münasibətlərinə, xüsusilə də gənc qadın və kişilərə uşaqlıqdan müəyyən qərəzlər yaradan genderə uyğun rollarla hərəkət etməyə imkan verən mühafizəkar cəmiyyətlərdə güclü təsir göstərir və nəticədə bu, yetkinlik dövrünə qədər gəlib çıxır.

Arşın mal alan, 1945
Arşın mal alan, 1945

Azərbaycan patriarxal cəmiyyət kimi

“Görmədiyini yaşaya bilməzsən.” Kim olduğumuz və potensialımızın nə olduğunu bilməyimiz üçün hekayələrə, nümunələrə, liderlərə və ya ən sadə formada desək, görüntülərə etibar edirik. Nəticədə, insanlar kinoda təqdim olunan gender “klişe”ləri öz reallıq anlayışlarına daxil etməyə, özləri haqqında təsəvvürlər formalaşdırmağa və davamlı olaraq hər yerdə mövcud stereotipik obrazlara uyğun davranmağa meyilli olurlar. Televiziya Azərbaycanda geniş yayılmış və əlçatan əsas məlumat mənbəyi olaraq qalır. İnsanlar televiziyada eşitdikləri və izlədikləri informasiyaları qəbul edir və onları reallaşdırır. Ekranda gender rollarının necə təqdim olunduğuna dair qısa bir araşdırma edərək ictimai gender normalarını, məsuliyyətlərini, davranışlarını və münasibətlərini müəyyənləşdirməyə davam edən və stereotipik görüntüləri və dəyərləri qıracağıma ümid edirəm. Azərbaycan cəmiyyəti millilik hissini qoruyub saxlamaq üçün ənənəvi və ölkənin bəzi daha mühafizəkar bölgələrində, məsələn, cənub ərazilərdə olduğu kimi dini həyat tərzini davam etdirən maskulinləşmiş namus və femininləşmiş fədakarlıq ideyaları ilə təcəssüm olunur. Bu ənənəvi ailələrdə kişilər uşaqlara və qocalara qayğı kimi qadınların daha çox cəlb olunduğu istiqamətlər istisna olmaqla, qərar qəbul edilməli digər bütün mövzulara daha çox nəzarət edirlər. Cəmiyyət əsasən, “Kişilər qərar qəbul etmək gücündə və ailələrini, valideynlərini təmin etmək üçün gəlir mənbəyi olmalıdır. Qadınlar isə həyat yoldaşı, ana olmalı və ailənin qayğısına qalmalıdır” fərziyyəsi üzərində qurulmuşdur və hər hansı bir “sui-istifadə” ailələrdə və cəmiyyətdə mühakiməedici diskusiyalara, münaqişələrə gətirib çıxarır. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu kimi beynəlxalq qurumların təqdim etdiyi xəbərlər, apardığı hesabatlar və araşdırmalar çox vaxt Azərbaycanda müəyyən qarşılıqlı əlaqəyə və gözləməyə çevrilən və tez-tez qarşıdurmaya səbəb olan bu gender stereotiplərinin, zehni və öyrədilmiş davranışlarının gender əsaslı abortlar (oğlanlara üstünlük vermə), erkən və uşaq evliliyi (bakirəlik kultu), məişət zorakılığı və namus cinayətləri kimi ağır nəticələrini göstərir. Nəzərə alsaq ki, Azərbaycan kinosunun 120 illik tarixində kişi və qadın obrazları kişilərin gözü ilə ictimaiyyətə təqdim olunur və belə olan halda Azərbaycanın kişi və qadın üçün gender rollarına qətiyyətlə sadiq olan patriarxal cəmiyyət olması da təəccüblü deyil. Bura əksər vaxtlarda qoruyucu, təminatçı və qərar verən rolunda hiper maskulin kişilər, fədakar, ana və həyat yoldaşı rolunda ikinci dərəcəli xarakterlər kimi təsvir olunan qadın obrazları daxildir. Ümumiyyətlə, kişilər dominant, qalib və yüksək vəzifələrdə, qadınlar isə daha çıxılmaz və itaətkar mövqelərdə təsvir olunur. “Qadın” və “kişi” münasibətlərinə reklam, media, xəbərlər, təhsil materialları və digər kontentlərdə də yer verilir.

19-cu əsrdən bəri istehsal olunan bir çox filmə nəzər saldıqda yalnız məhdud sayda filmlərdə qadın qəhrəmanların rol aldığını və şəxsiyyətlərinin, təbiətlərinin və problemlərinin nümayiş edildiyini görə bilərik. Məsələn, Gilan Qızı, Sevil, İsmət və Almaz olmaqla, yalnız dörd film 1923-1931-ci illərdə qadınların mənəvi və siyasi inkişaf yolunu təsvir edir. Sevil və İsmət kimi filmlər Şərq qadınlarını önə çıxarmağa və müasirləşdirməyə yönəlmiş Sovet təbliğatının gəmiləri idi və bununla da SSRİ-nin müstəmləkə gücünü nümayiş etdirirdi. Sovet İttifaqının tərkibinə daxil olandan qısa müddət sonra Azərbaycan kinosunun əsas mövzularından biri qadınların azadlığı və hüquqlarının önə çıxarılması idi. Lakin müstəqillik qazandıqdan qısa müddət sonra ölkə qadınlara qarşı daha mühafizəkar oldu. Əgər əvvəllər qadınlar patriarxal normalara və hörmət qaydalarına məruz qalmadan güclü və müstəqil fərdlər kimi göstərilirdisə, sonradan tarixdə onlar ikinci dərəcəli fərdlər olaraq, həyat yoldaşı, qız və ana kimi ictimaiyyətə təqdim olunurdu. Kişi yanaşması incəsənətdə, sonra isə tarix boyu kinoda üstünlük təşkil etsə də, son 30 ildə vəziyyət yavaş-yavaş dəyişməyə başladı. Bununla belə, qadınlar ana, qız, həyat yoldaşı, məsum sevgi marağı, fahişə (Qadın qəsdən və ya müəyyən şərtlərə görə digər kişilərlə yatmaq məcburiyyətində qalır. Maraqlıdır, adətən bu qadın sonda da ya ölür, ya da bədbəxt göstərilir) və s.  rollarından birini daşımağa davam edir. Bunlarla yanaşı, bu məqalədə Azərbaycan əhalisinin geniş istifadə etdiyi mediada qadınların və kişilərin oynadığı – ailə münasibətlərini, ümumilikdə cəmiyyətdəki zehni və cinsi münasibətləri formalaşdırmağa və təsir etməyə davam edən rolları önə çıxarmağı hədəfləyirəm.

Qadın bakirəliyi və kişi namusu həyati dəyərlər kimi

Azərbaycanda bir qızın “qorumalı” olduğu ən önəmli dəyərlərdən biri də bakirəliyidir, bu da müəyyən davranış və görünüş standartları ilə yanaşı, qızın fiziki məhrəmliyini ifadə edir. Şəkil 1-də də gördüyünüz kimi, Azərbaycanda erkən nikahlar və qızların prioritetləşdirilməsi davam edir və bu, gənclərin həyatını zədələyir. Qeyd olunan dəyərlərə əsaslanan tipik və daşlaşmış toy mədəniyyətini önə çıxarmaq üçün 2018-ci ilin avqustunda özünün və ailəsinin ləyaqətini qorumaq məqsədi ilə zorlandığı adamla evləndirilən Lerik rayonundan olan 14 yaşlı qız haqda da danışmaq yerinə düşər. UNICEF-in 2011-ci ildə hazırladığı statistikaya əsasən, azərbaycanlı qızların təxminən 11%-i  18 yaşından əvvəl evləndirilir.

17 yaşlı qızın toyu
17 yaşlı qızın toyu

Azərbaycan mediası  qadın bədəninin və şərəfinin bir ailəyə (xüsusilə, kişi üzvlərinə)  və yaşından asılı olmayaraq (18 yaşlı qız və ya 40 yaşlı qadın da ola bilər), onunla evlənəcək kişiyə aid olduğu fikrini təbliğ etməyə davam edir. Bir qadın atasının evini tərk edər və romantik bir münasibət yaşamağa başlayarsa və ya boşanarsa, cəmiyyət ona “fahişə” damğası vurar və böhtan atar, həmçinin onu artıq ailənin bir üzvü kimi qəbul etməz. “Fahişə” sözü, xüsusilə boşandıqdan sonra kimləsə romantik münasibət yaşayan, intim partnyoru olan qadını təsvir etmək üçün geniş istifadə olunur.

Valideynlər qız və ya oğullarının yaşadığı bu cür münasibəti ailənin şərəf və ləyaqətini alçaldan hərəkət kimi qəbul edərək buna qarşı çıxır. Ssenari müəllifləri və rejissorlar da milli film sənayesində istehsal olunan və təqdim edilən bu cür həyat hekayələrinə əsaslanan, sujet xəttini adətən valideynlərin və ya kişinin etdiyi müxtəlif növ zorakılıq aktlarından ibarət hadisələrin formalaşdırdığı filmlər ərsəyə gətirir. Məsələn, rejissor Rasim Ocaqovun çəkdiyi 1990-cı illərin ən məşhur ekran əsərlərindən biri olan Təhminə filmi varlı bir ailənin oğlu Zaurla, boşanmış və bu sosial damğa ilə mühafizəkar cəmiyyətdə yaşamaq üçün mübarizə aparan televiziya aparıcısı Təhminənin sevgi münasibətlərini təsvir edir.

Təhminə, 1993
Təhminə, 1993

Təhminə, 1993
Təhminə, 1993

Zaurun ailəsi bu romantik münasibətə qarşı çıxır və onu tanıdıqları, bəyəndikləri bir ailə dostunun qızı ilə planlanmış evliliyə razı salmağa çalışır. Cəmiyyətin təzyiqləri, fahişəlik damğası və Zaurun anasının Təhminəni oğlunu yoldan çıxarmaqla günahlandırdığı davamlı telefon zəngləri bu münasibəti zədələyir. Zaur ailəsinin və cəmiyyətin təzyiqi ilə Firəngiz adlı qızla evlənir, Təhminə isə aşırı alkoqol qəbulundan ölür. Cütlük balayından qayıdanda Zaurun qaynı bu xəbəri ona çatdırır. Təhminənin ölümü Zauru sarsıtsa da, filmin son səhnəsində onun həyat yoldaşının hazırladığı ərzaq siyahısı ilə marketə daxil olduğu göstərilir. Bu da onun həyatına davam etdiyi və cəmiyyətin “paklıq” standartlarına uyğun gəlmədiyi təqdirdə bir qadının həyatının kifayət qədər dəyərli olmadığını ifadə edir. “Fahişə” rejissorlar tərəfindən həmişə ya öldürülür, ya da bədbəxt göstərilir. Bu, klassik filmin metaforası və Azərbaycan mədəniyyətində, film sənayesində kişi yanaşmasını nümayiş etdirən detallardan biridir. Filmin süjetini təhlil edərkən ənənəvi mentalitetin dominant rolunu vurğulamaq olar: uşaqlarının xoşbəxtliyi və ya başqasının həyatı bahasına olsa da, ləyaqət və qadın paklığını hər şeydən üstün tutan düşüncə tərzi. 1990-cı illərdən bəri ənənəvi ailə modeli və qızların “bakirəliyi” fikri çox da dəyişməyib. Əksinə, intiharların sayı eyni köhnə səbəblərdən artmaqda davam edir: vasitəçiliklə reallaşan evliliklər, qadınların ləyaqəti və cəmiyyətin təzyiqi. Eyni zamanda, bəzi gənc rejissorlar bu stereotipləri sorğulayaraq və gender rollarının, gözləntilərin mürəkkəb və ziddiyyətli tərəflərini önə çıxararaq bu vəziyyəti dəyişdirməyə çalışırlar. Bu tendensiya son dövrlərdə ölkədə yayılmış namus cinayətləri, boşanmalar, məişət zorakılığı və aktivistlər tərəfindən mətbuatda yayımlanan məlumatlardan qaynaqlanır. İkinci Güllə və rejissor Emil Quliyevin Pərdə filmi kimi son çəkilən filmlər qızların öz iradələrinə zidd olaraq (əksər hallarda şiddətlə) zorla evləndirilməsi, fahişəlik damğası və bakirəlik problemlərindən bəhs edir və milli, yerli, beynəlxalq kinoteatrlarda nümayiş olunur.

İkinci güllə, 2017
İkinci güllə, 2017

Rejissor Natiq Rəsulun İkinci güllə filmindəki hadisələr Azərbaycanın ucqar bir kəndində baş verir. Kəndin toyları böyük həyəcan və səs-küylə keçir, çünki bununla gəlinin bakirəliyi və ailənin şərəfi el-obaya açıqlanmış olur. Bu ənənə özünəməxsus şəkildə həyata keçirilir. Kəndin uzun illərdir davam edən bu adəti toy gecəsi hər kəsi gəlinin bakirəliyi haqda məlumatlandırmaq üçün iki gülləli silahdan atəş açaraq təşkil edilir. Havaya iki güllə açılarsa, bu, gəlinin bakirə olduğu, bir güllə açılarsa, bakirə olmadığı anlamına gəlir. İkinci vəziyyət kənddə ciddi problemə səbəb olar, ailənin şərəf və ləyaqətini alçaldar. Filmdə gəlinin bakirə olduğu məlum olur, lakin silahda problem olduğundan bəy ikinci dəfə atəş aça bilmir. Bu xəbərin kənddə səhv anlaşılması gəlinin şərəfinə toxunacaq yanlış iddialara səbəb olur. Bir atəşin açıldığını eşidən qız atası bağdan götürdüyü balta ilə qızını öldürmək qərarına gəlir. Bununla yanaşı, filmdə başqa bir maraqlı səhnə də yer alır. Belə ki, kəndin kişiləri hər zaman mühakimə etdikləri, alçaltdıqları seks işçisindən (fahişədən) sonda kömək istəmək məcburiyyətində qalır. Onlara çıxış yolunu təklif edən məhz bu qadın olur. Kişilər ondan bir güllə götürərək terrasa qoyduqları silahı doldurmağa tələsirlər. Gəlin silahı götürüb ikinci güllə ilə özünü vuranda film gözlənilmədən bitir. Bir başqa maraqlı detal da film boyu gəlini heç görməməyimiz və eşitməməyimizdir. Ailəsini, bəyi və kəndliləri görürük, lakin onu yox. Eşidilən yeganə səs intihar edəndə açılan atəşin səsi olur. Bu da onun səsini və cəmiyyətdə qadınlara verilən dəyəri göstərmək üçün metafora idi. Qadın ancaq zorakılıq qurbanı – zərər çəkən şəxs kimi öləndə eşidildi. Rejissor tamaşaçıları hadisələrlə baş-başa qoyur və insanların hadisələrin səbəblərini bilmədən və maraqlanmadan yozduqları və yaydıqları reaksiyalar, yanlış məlumatlar və şayiələrin kiminsə həyatına dəhşətli dərəcədə təsir etdiyini göstərir. Film Azərbaycan cəmiyyətində qadınlar və kişilər tərəfindən qorunan və nəzarətdə saxlanılan bakirəlik kultunu gündəmə gətirir. Bu da hər kəsə, xüsusilə də seçimlərini və şanslarını məhdudlaşdıran standartlara və gender normalarına həbs edilmiş qadınlara təzyiq göstərir.

Xatırladaq ki, Azərbaycanda cəmiyyət insanların şəxsi həyatlarını rahatlıqla müzakirə edir və bunu dedi-qodu alətinə çevirir, insanların şəxsi münasibətlərinə müdaxilə edir, lakin məişət zorakılığı mövzusunda danışmaqdan və buna qarşı çıxmaqdan çəkinirlər. Dinc yürüşlər təşkil edən gənc feministlər polis zorakılığı və şiddəti ilə qarşılaşır, halbuki mediada və televiziya proqramlarında qadınlara qarşı nifrət və şiddəti dəstəkləyən və son dərəcə qeyri-etik, seksist müzakirələrin dayandırılması üçün heç bir tədbir görülmür. Həmçinin ictimaiyyət, xüsusilə məişət zorakılığı problemini qabartmaq üçün təşkil olunan son yürüşlərdə fəal şəkildə etiraz edən insanları qınayır və tənqid edir.

Bu ziddiyyətli kontekst Azərbaycanda gender bərabərsizliyi barədə açıq mədəni mesaj da verir: “Şəxsi məsələlər siyasi deyil”. Başqa bir gözəl nümunə Rüstəm Ocaqovun 1981-ci ildə istehsal olunmuş və qadına qarşı şiddət məsələsində cəmiyyətin cahilliyini əks etdirən, Yaşıl Qapının Arxasındakı Qadın kimi də tanınan Bağlı Qapı filmidir. Filmin mövzusu yanlışlıqla həbs edilmiş və həbsxanadan evə qayıdan kişi və onun qonşuları ilə bağlıdır. Belə ki, qəhrəman qonşuluğunda zorakılığa şahid olur və buna mane olmağa cəhd edir. Nəticədə, ailəyə müdaxilə etdiyi və zorakı şəxsin həyat yoldaşını qorumağa çalışdığı üçün polis tərəfindən saxlanılır. Öncə onun bu hərəkətini dəstəkləməyən qonşular sonda öz səhvlərini anlayır və bu qadına qarşı davamlı zorakılığın qarşısını almaq məqsədilə düzgün hərəkət edən qəhrəmanı müdafiə etmək üçün polis bölməsinə gəlirlər.

 

Bağlı qapı, 1981
Bağlı qapı, 1981

Bağlı qapı, 1981
Bağlı qapı, 1981

Sevda Sultanovanın araşdırmasına görə, Bismillah 1925-ci ildə Azərbaycanda qadın azadlığı mövzusunu müzakirə edən ilk film idi. Əsas obrazlardan biri olan Zeynəb molla tərəfindən zorakılığa məruz qaldığını gizlədir. Sonra ailəsi onu başqa bir kişi ilə evlənməyə məcbur edir. Toy gecəsi həyat yoldaşı Zeynəbin bakirə olmadığını öyrənəndə onu evindən qovur. Belə vəziyyətdə hər kəs Zeynəbi rədd edir və Müsavat (partiyaya çevrilmiş bir siyasi təşkilat, hazırda Azərbaycanda müxalifət partiyası) əsgərləri onu tutur və o, əkin sahələrində köləliyə məcbur edir. Bundan sonra Zeynəb bolşevik qardaşı Cəfərin hökumətə qarşı mübarizəsinə qoşulur. Filmin sonunda mollanın Zeynəbə təcavüz etdiyi üzə çıxır və o, həbsə məhkum edilir. Bu hadisə Sovet hökuməti qurulduqdan sonra təcavüz cinayətlərində qadın hüquqlarının bərpasına gətirib çıxarır.

Bismillah, 1925
Bismillah, 1925

Obrazların belə aqressiv təsvirləri və onların rolları nəticələrindən asılı olmayaraq, kor-koranə yaşanan həyat tərzini və ənənələri əks etdirir. Azərbaycan filmlərində qadınlara qarşı şiddəti, məişət zorakılığını, vasitəçiliklə bağlanan nikahları və bakirəlik kimi mövzuları demək olar ki, düzgün mesajlar altında və genderə həssas nümayiş etdirmir, çünki bu məsələlər hələ də qüvvədədir və patriarxallığın ciddi nəzarəti altındadır. Bununla yanaşı, bakirəliyə həssas yanaşma və qadının paklığı mifi yeni bir şey deyil. Tarixən bakirəlik patriarxallıqdan qaynaqlanır və kişinin nəzarəti altındadır. Azərbaycan kinosunda nəzarət altında saxlanılan seksuallıq, monoqamiya və paklığın gender əsaslı təsvirləri kişi və qadın münasibətlərinə, davranışlara təsir etməyə davam edir və bu vəziyyətin pop mədəniyyətlə ifadə edilməsində əhəmiyyətli dərəcədə inkişaf yoxdur.


Məqalənin növbəti hissəsi yaxın günlərdə dərc olunacaq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir