Bir evliliyin qeyri müəyyənliyi

2014-cü ildə Münhenin Hanser nəşriyyatında Olqa Qryaznovanın “Bir evliliyin hüquqi qeyri-müəyyənliyi” adlı romanı işıq üzü görüb. Olqa Qryaznova 1984-cü ildə Bakıda doğulub, 1996-cı ildə valideynləri ilə birgə Almaniyaya köçüb. Məşhur Leypsiq Ədəbiyyat İnstitutunda yazıçılıq sənətinə yiyələnən Qryaznova, süjeti əsasən onun doğma şəhəri olan Bakı ətrafında qurulan, “Rus o kəsdir ki, tozağacını sevir” romanı ilə debüt edir. Olqa Qryaznovanın inadlı və qəti üslubu var, o kompromisə getmir, lakonik olmağa, səlis ifadələrlə məzmunu aydın çatdırmağa çalışır. Onun alman dilində yazdığı romanlar ötən bir neçə il içində Almaniyanın ədəbi mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Alman tənqidçilərinin fikrinə görə, onları yeni postimmiqrant ədəbiyyatına aid etmək olar – yazılarında nəinki sadəcə immiqrasiya problemlərindən bəhs edir, həmçinin, klişelərlə fərqli davranır, ironiya edir.

Romanda hadisələr əsasən Berlin və Bakıda cərəyan edir. Bu şəhərlər bir çox parametrlər üzrə bir-biri ilə kontrast təşkil edir.İlk hissədə hadisələr Berlinin Kroyçberq məhəlləsində – keçmiş Qərbi Berlinin bu günlərdə dünyanın hər yerindən axışmış gənclərlə doluolan, zəngin, azadxah bölgəsində baş verir. Kroyçberq Avropanın Bruklini kimi təsvir edilib: yağlı toyuq budları təqdim edilən restoranlar, yeraltı keçidlərdə aqressiv yeniyetmələr, gecə barları, saysız-hesabsız pivə qoxan hipsterlər və ekspatlar. Məhz burada bizim qəhrəmanların tamamilə qeyri-ənənəvi sevgi bağları qurulur. Əsas qəhrəman – Bakılı Leyla klubda amerikalı Yununla tanış olur. Get-gedə əlaqələr inkişaf edir. Paralel olaraq Leyla azərbaycanlı Altayla – homoseksual münasibətlərə meyli olan Berlin həkimi ilə yaşayır. Nəticədə, kanala mənzərəsi açılan geniş mənzildə maraqlı üçlük – bir növ biseksual azərbaycanlı-amerikan-yəhudi üçbucağı məskunlaşır.

Romanın ikinci hissəsi isə şərti olaraq Bakıya aiddir. Elit gəncliyin köhnə sovet avtomobillərində təşkil etdiyi Azərbaycan paytaxtının küçələrindəki qanunsuz yarışlara qatıldıqdan sonra, Leyla bir neçə gününü dəmir barmaqlıqlar arxasında keçirməli olur. Bundan xəbər tutan Altay və Yunun Bakıya gəlib rəfiqələrini həbsdən azad etməyə qərar verir. Hava limanından şəhərə tərəf səkkizzolaqlı sürət şossesi ilə olan səyahət kitabın ikinci hissəsinə əsas – melanxoliya ilə nostalgiya arasında bir ab-hava qatır. Uzun illər keçdikdən sonra gözlənilmədən qəhrəmanların qarşısına başqa şəhər çıxır. Burada hər şey eynidir, həmin tozlu hava, gənc insanlarla dolu olan Fəvvarələr meydanı, arxasında qənd parçaları və cəviz mürəbbəsi ilə çay içilən plastik masalara malik olan Bulvarın rahat çayxanaları. Elə şəhərin mərkəzini də romanın qəhrəmanları təmiz və cilalı şəkər kimi tanılayırlar. Onlar görürlər ki, San-Fransiskodan Melburnadək yaşayan immiqrantların yadından çıxara bilmədiyi köhnə və gözəl şəhər, vəhşi dövrdən sonra həyata göz açıb. Lakin gənclər həmçinin açıq-aydın ziddiyətləri sezirlər: qədim binaların restavrasiya edilmiş fasadlarının arxasında onları köhnə həyətlər qarşılayır, televizorda hansısa millət vəkili ağzıköpüklü tərzdə Kleopatra və Afroditanı lənətləyir, Avropa həyatı formalarının arxasından isə sərt ənənəvi struktur görünür: qüvvətli atalar və tanış hakimiyyət mənzərəsi. Olqa Qryaznova axşam şəhərinin səhnəsini amansızcasına təsvir edir:

“İnsanlar axşamlar, spermatazoidlər yumurtaya axışdığı kimi mərkəzə axışırdılar: saxta dizayner çantalı, pərdəyə bənzər donlu, plastik bijuteriyalı qızlar – onlar şəhəri dolaşırdılar, kafe və restoranlarda isə zinət əşyaları asmış, ipəklərə bürünmüş xanımlar, gözlərini nəhəng günəş gözlüklər arxasında gizlətmiş xanımlar əyləşirdilər. Avtomobillər siqnallardan konsert yaradırdılar. Külək qumu göyə sovururdu”

Altay uyğun gey barı axtarışında Baksovetin arxa küçələrində dolaşan zaman, Leyla və Yunun başdöndürücü hərəkətə başlayırlar. Əvvəlcə, şəhərin həndəvərlərinə istiqamət tutaraq, qəhrəmanlarımız Bakı avtovağzalına – marşrutların oradan ölkənin dərinliklərinə aparan xaotik nəqliyyat qovşağına gəlirlər. Vağzal ətrafı kasıb kütlə ilə doludur: burada qızarmış boyunlu və qızıl dişli kişilər, bəbir naxışlı yaylıq taxmış qadınlar, qışqıran və əllərində sellofan paket tutan uşaqlar var. Yaxınlıqda qoca qarı üzərində Ramil Səfərovun şəkli həkk olunmuş kağıza bükərək günəbaxan tumu satır. Hər yerdə parlaq, plastik güllər, ucuz tütün, isti “Fanta”, üfunət.

Oradan qızlar sanki Simurq quşunun axtarışı haqda əfsanələrə riayət edərək, Azərbaycan əyalətlərinə səyahət edirlər, sonra daima işıqların söndürüldüyü depressiv İrəvana düşürlər, və nəhayət, öz qərbyönümlülüyü və avrosentrizmə ilə Yununu təəcübləndirən Gürcüstana çatırlar. Batumidə Leylanın yadına düşür ki, hələ Stalin Gürcüstanı bir növ sovet Floridasına çevirmək istəyirdi, və bundan sonra birdəfəlik köhnə “rus xəstəliyinə” – Sakartveloya qarşı sevgiyə tutulur. Romanı iki fəsilə bölmək olar. Əvvəli dövrümüzün qəhrəmanlarının – azad və narahat, istedadlı və nakam gənclərin ehtiraslarından bəhs edir.

Özünüdərk axtarışıyla onlar hərəkətə keçirlər, sərhədlər ötürlər və özlərini başqa dünyalarda və şərtlərdə tapırlar. İkinci hissə isə məhz burada formalaşır: səyahət-roman, öz daxilinə və xaricinə nəzər yetirən yazılı yol-filmi. Belə mürəkkəb münasibətlərə baş qoşan romanın qəhrəmanları daha xoşbəxt oldularmı? Bakıya və Qafqaza qayıdış Leylaya axtardığı mənanı verdimi, yoxsa hər şey anlaşılmazlıqla bitdi? Bu suallara, ola bilsin ki, yazıçının özü cavab verə bilərdi, bizə – oxuculara başqasının təcrübəsi, mətn və güzgü qalır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir