Byorkun həyat kodeksi

 Byorkun həyat kodeksi

Mən qan fontanıyam qadın libasında.

 

Mən ilk albomumu 11 yaşımda yazmışam. Bizdə, İslandiyada bir radio proqram var idi, əgər siz hər nəyisə yaxşı edə bilirdinizsə, gəlib radioda çıxış edə bilərdiniz. Kimsə fokus göstərməyi bacarırdısa, o gəlib fokusunu göstərirdi. Kimsə salto vurmağı bacarırdı, gəlib salto vururdu. Mən isə oxuyurdum. Hətta məktəb avtobusunda da. Hər yerdə. Hər zaman. Bu mənim bacardığım yeganə şey idi. Nə isə, bu kiminsə nəzərinə çarpıb, o da anama zəng edib pul vəd edib və mənim albomumu yazmaq təklifi verib. Anam düşünüb “hə” cavabını vermişdi. Məndən isə bir şey soruşan olmamışdı.

 

Mən İslandiyanı tərk edib İngiltərəyə köçəndə 18 yaşım var idi. Mən əsl sarsıntı keçirmişdim. Dənizin o tayında qalmış İslandiya sanki dini kənd icması kimi sakit bir yer idi. Küçədə gəzən xarici insanlarda qorxu hissi yaradırdı – axı bu hələ İslandiyadakı turizm partlayışından xeyli əvvəl idi. Mən gözlərimi bərəldib Londonda gəzirdim və hər şey mənə elə çirkli və yapışqan gəlirdi ki, gündə əlimi azı 5 dəfə yuyurdum. Bir də orada çiyələk var idi, hansını ki, həyatımda ilk dəfə idi görürdüm.

 

Bir vaxtlar mən qorxu içində güman edirdim ki, Hollivudda yalnız qara Armani geyinmək qəbul olunub, bu doqmanın sərhədini adlayanları isə təxirəsalınmaz edam gözləyir. Oraya gəlib çıxanda, dəhşət içində gümanımın doğrulduğunun şahidi oldum – belə ki, kiçik istisna xaricində hər şey belə də var imiş. Və Hollivud jurnalistlərinin bildiyi tək mövzu da elə budur.

 

Mənim üçün dəb faşizmdir. Dəb jurnalları sanki diqtə edir: səndən necə istəyirlərsə, elə də ol, tabe ol, tabe ol və tabe ol. Dəbdən çıxmış bir şeyi geyinmək bir qadının törədə biləcəyi ən dəhşətli cinayət sayılır. Bu barədə elə yazırlar ki, elə bil bunun üstündə sizi mərkəzi meydanda edam gözləyir.

 

Mən istifadə olunmuş əşyalar satılan dükana daxil olanda narkotikdən yaranan eyforiyaya bənzər bir şey hiss edirəm. Mənim üstü örtülmüş ovçu instinktim o dəqiqə üzə çıxır.

 

Amerikan jurnalistləri məni pis başa düşürlər. Əgər mən haradasa xoşuma gələn bir libasda görünsəm, o dəqiqə mənim haqqımda iyrənc şeylər yazırlar. Nəyə görəsə onlara elə gəlir mənim dərdim budur ki, Cennifer Enistona bənzəmək üçün dəridən-qabıqdan çıxıram, sadəcə bu məndə yaxşı alınmır.

 

Mən məşhur olmağı sevmirəm. Məşhurluq – xidmət sferasından olan şeyə bənzəyir. Təmizlik işçisi olmaq və ya bunun kimi şeylərə.

 

Musiqiçi olmaq çox asandır. Mənim evim musiqi alətləri ilə doludur və evdə musiqi sədaları kəsilmir. Amma mən premyeralara gedib, Puff Daddy’nin partilərində vaxt keçirmirəm.

 

Mənim üçün musiqi danılmaz elmi faktdır. Riyaziyyat kimi.

 

Mən texniki bacarığa hörmət edirəm. Tez-tez “breakdancing” edən uşaqlara baxanda bu barədə düşünürəm. Burada bütün məsələ texnikadadır, kimin texnikası daha güclüdürsə, o da qalib gəlir. Təbiətdə də eynən belədir: ən rəngli lələkləri olan cənnət quşu digərləri ilə müqayisədə daha çox şansa malikdir. Buna hörmətlə yanaşıram, ancaq anlamıram. Texnikalı və riyazi dəqiqliyi olan biri, impulsiv və dəlisov birinə heç vaxt üstünlük edə bilməz.

 

Mən ritmdən ötrü darıxıram. Mənim 14 yaşım olanda, qızlardan ibarət pank qrupunda baraban ifa edirdim. Ona görə də indiyə kimi söhbət ritmdən düşəndə, mən məsələnin ən xırda detalları ilə maraqlanmağa başlayıram.

 

Mənim üçün bəşəriyyət böyük bir qəbilədir. Bunu qəbul edib bütün dinləri kənara atmaq lazımdır. Məncə dünya dindarların özünəheyranlığından yorulub. Biz ritmə ehtiyacı olan büdpərəstlərik. Gəlin sadəcə özümüz üçün nağaramızı çalaq.

 

Dünyanı dəyişmək imkanım olsaydı, ilk növbədə dinlərdən qurtulardım. Məncə bu pis başlanğıc olmazdı. Qəbul etməliyik ki, bu gün din nifrət və dağıdıcılıqdan başqa bir şey gətirmir.

 

Mənim ilahiyyatdan çox başım çıxmır. Amma xristianlığa qarşı bir qadın kimi mübahisə edə bilərəm. Hamı bilir ki, qəməri təqvimdə 13 ay var və müəyyən şeylər qadınlarda ildə məhz 13 dəfə olur. Amma xristianlıq mütləq on iki aylıq ilə keçid etməli idi. Belə lazım idi, vəssalam. Beləliklə, götürüb bir ayımızı əlimizdən aldılar.

 

Futbol mənə həmişə bütpərəstlərin məhsuldarlıq bayramlarını xatırladır. 11 nəfər spermatozoid meydanda ora-bura qaçıb, yumurta hüceyrəsinə girməyə çalışır. Bu mənada mənim nəyə görəsə həmişə qapıçıya yazığım gəlir.

 

Spontan ol və heç vaxt heç nəyi planlaşdırma. Mən belə edirəm.

 

Düşünmürəm ki, 11 Sentyabr hadisələrinə necəsə reaksiya vermək üçün oturub mütləq bu barədə mahnı yazmaq lazımdır. Hətta əksinə, əminəm ki, başqa nə haqda istəyirsən yaza bilərsən. Çünki xoşbəxtlikdən, bu dünyada Buş və Üsamə bin Ladendən başqa şeylər də var.

 

Son zamanlar xəbər saytlarında xeyli vaxt keçirirəm, çünki, dünyada nə baş verdiyini bilmək istəyirəm. Əvvəl-axır, hətta supermodellər belə öz aralarında dünya siyasəti haqqında danışırlar. Artıq bundan heç yerə qaçış yoxdur və İslam haqqında daha çox öyrənməyə çalışıram.

 

Mən heç vaxt heç bir siyasi çıxış etməyəcəm, çünki, siyasətdən çox da başım çıxmır. Amma o kəslər ki, onları siyasət yalnız arxa plan məzmunu kimi maraqlandırır, onların adından çıxış edə bilərəm.

 

Düşünürəm ki, hər bir insanın müəyyən bir missiyası var. Mənim missiyam – hər şeyi çox sürətlə etməkdir. 900 min cürbəcür şey yoxlamışam ki, sadəcə onların hər birini yoxladığımı bilim.

 

Duetləri, kiminləsə işləməyi sevmirəm. Bunun üçün mənim sadəcə vaxtım yoxdur. Amma lap 500 ilim olsaydı belə, yenə də bütün bunlardan uzaq durmağa çalışardım. Musiqilərimin 90%-ini özüm işləyirəm və gələcəkdə bu nisbətin yalnız artmasını arzu edirəm.

 

Heç vaxt hip-hopla məşğul olmayacağam. Axı mən İslandiyadanam.

 

İslandiya içi su ilə dolu qabın içindəki bir daş kimidir. Bu daş suyun altında, üstündə ola, hava qovuqcuqları buraxa bilər. Amma o öz seçimindən xəbərsizdir. Nə edirsə, onu da edir.

 

Öz qeyd dəftərçələrimi nəzarətsiz qoymaqdan qorxmuram. Nə qədər ki, İsland dili adlanan bu gizli koda sahibəm, qorxacağım heç bir şey yoxdur.

 

Mənə elə gəlir ki, çoxları məni İslandiyada ona görə sevmir ki, İngilis dilini anlamırlar.

 

Bütün İslandlar kimi, mən də içməyi sevirəm. Mən yəqin ki, elə də tez-tez içmirəm, amma başladımsa, bir qayda olaraq bu armageddona gətirib çıxarır.

 

Mənə elə gəlir ki, əldən düşənədək rəqs etməyi və dəlisov olmağı planlaşdırmırsansa, içməyin mənası yoxdur.

 

Hər növ darıxdırıcı kitabda rahatlıqla belə bir şey tapmaq olar ki, artıq bəsdir, həyatı yola vermək olmaz, deyək ki, axşamlar azca qırmızı çaxır içməyə başlamaq barədə düşünmək lazımdır. Damarlar, təzyiq, ürək əzələsi, bu növ hər cür cəfəngiyyat. Amma mən axşam bir qədəh şərab içirəmsə, səhər hər şeyi ağ-qara televizordakı kimi görürəm. Heç bir rəng olmur. Sərxoş olub rəqs etmək, atılıb-düşmək, fişəng partlatmaq – bax mənim belə şeylər xoşuma gəlir. Əlbəttə, bunu da çox etmək olmaz. Ayda bir neçə dəfə kifayətdir. Özümü də elə məhz belə yola gətirirəm: ayda iki dəfə. Amma mən gözləyə bilmirəm. Beləliklə, növbəti dəfə vədimi pozub, düşünürəm: cəhənnəm olsun bütün bu sağlamlıq və lazımsız vədlər.

 

Mən yalnız yorğun olanda özümün xoşuna gəlmirəm. Məsələn, heç vaxt özümə deməmişəm ki, bu gün gözəl olmaq istəyirəm. Mən sadəcə yorğun görünmək istəmirəm. Əgər mənə iki foto göstərsəniz, hansı ki, birində mən sadəcə eybəcərəm, digərində isə yorğun düşmüşəm, mən yalnız sonuncu haqqında narahat olacağam.

 

Başdan-ayağa çəhrayı geyinmiş qızlardan daha pis heç nə yoxdur.

 

İlahi, sən özün interneti qoru! Maraqlıdır, amma bütün bu biznesmenlər, vəkillər və bütün bu çirkabın adamları musiqini nəzarət altına necə ala biləcəklərini hesablayıb tapan zaman, ortaya internet çıxdı və onların bütün addımlarını əhəmiyyətsiz etdi.

 

Bunu etiraf etmək qəribədir, amma mən həmişə fermer olmaq istəmişəm.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir