Dekolonizasiyanın zəruriliyini başa düşmək üçün əvvəlcə “dekolonizasiya” terminini izah etmək lazımdır. Sözün açığı, özüm də əvvəl bu terminə etina ilə baxırdım. Düşünürdüm ki, daha çox Afrika qitəsində gedən prosesin Azərbaycana elə də dəxli yoxdur. Amma mütaliə sayəsində bu fenomenin qlobal olduğunu, lakin hər regionda fərqli baş verdiyini anladım.
Bu, sadəcə olaraq, bir vaxtlar müstəmləkəyə çevrilmiş ölkələrə müstəqillik verilməsinin siyasi prosesi deyil. Dekolonizasiya uzun bir müstəmləkəçilik tarixindən inkişaf etmiş güc dinamikasına, sistemli qərəz haqqında dərindən düşünməyi tələb edən və onları rədd etməyi əhatə edən hərtərəfli bir yanaşmadır. Deməli, sual bizim müstəmləkəsizləşdirməyə (dekolonizasiyaya) ehtiyacımız olub-olmaması deyil; sual ondan ibarətdir ki, niyə bizim buna indi həmişəkindən daha çox ehtiyacımız var?
Aşağıda bəzi səbəbləri sıralamışam.
Keçmişin zərərlərini aradan qaldırmalıyıq
Müstəmləkəçilik bir müəssisə kimi müstəmləkəçilərin yerli xalqlardan üstün olduğuna inamdan qaynaqlanırdı. Bu inanc çox vaxt yerli mədəniyyətlərin, dillərin, adət-ənənələrin və bilik sistemlərinin sistemli şəkildə məhv edilməsinə və ya sıxışdırılmasına gətirib çıxarırdı. Dekolonizasiya, bu baxımdan itirilmiş və ya kölgədə qalmış yerli mədəniyyətlərin bu aspektlərini yenidən qurmaq və canlandırmaqdan ibarətdir. Bu proses bu ənənələrə xas olan dəyəri və müdrikliyi qəbul edir və onları yenidən qlobal səhnəyə gətirir, daha zəngin, daha müxtəlif mədəni mənzərə yaradır.
Müstəmləkəçilik əsasən 3 tipli olur – ticarət koloniyaları (Hudzon körfəzi kampaniyası, Ost Hind şirkəti, antik yunan koloniyaları), məskunlaşma koloniyaları (ABŞ, Cənubi Amerika ölkələri, Havay adaları və s.) və istismarçı koloniyalar (Qafqaz, Hindistan və s.). Bu tipli koloniyalarda müstəmləkəçilərin dillərinin prestiji fərqli yerlərdə idi. Ticarət koloniyalarında müstəmləkəçilər yerli xalqların dillərini öyrənməyə məcbur qalırdısa, məskunlaşma gedən müstəmləkələrdə vəziyyət tam tərsinə idi – məsələn, Havay yerliləri ingiliscə öyrənməli idilər. İstismarçı müstəmləkələrdə isə işğalçı dövlətlər yerli elitaya öz dilini öyrədərək “qara camaatı” idarə etmək üçün bir alət kimi istifadə edirdilər. Azərbaycanın bu mənzərədə yeri hardadır? Təsadüfi deyil ki, Hindistan və Azərbaycan kimi bolresurslu ölkələrdə rusdilli və ya ingilisdilli seqmentin əsas nümayəndələri hələ də bəy-xan nəslindən olanlar və yuxarı kastaların üzvləridir. Bu barədə daha sonra.
Sistemli ədalətsizlikləri aradan qaldırmalıyıq
Müstəmləkə quruluşları, bu gün açıq-aşkar görünməsə də, bizim sosial sistemlərimizdə dərin kök salıb, irqi, etnik və iqtisadi bərabərsizliklərə töhfə verir. Onlar müstəmləkə edilmiş xalqların tarixlərini və töhfələrini nəzərə almayan təhsil kurikulumlarında, müəyyən dillərə digərləri üzərində üstünlük verən dil iyerarxiyalarında, asılılığı davam etdirən iqtisadi sistemlərdə və müəyyən qrupları marginallaşdıran siyasi strukturlarda özünü göstərir. Dekolonizasiya bu sistemli ədalətsizlikləri üzə çıxarmaq və ləğv edərək onları daha ədalətli və əhatəli strukturlarla əvəz etmək məqsədi daşıyır.
Kolonizasiya dövründən qalma ədalətsizliklər üçün ən yaxşı nümunə Hindistanı göstərə bilərik. Hindistan yarımadası müxtəlif illərdə Avstriya, Danimarka, Niderland, Fransa, Portuqaliya və nəhayət Britaniya müstəmləkəsi olanda belə müstəmləkəçilər ölkədəki kasta sistemini daha da gücləndirərək bütün yarımadaya yaymışdılar. Əksinə, “modernləşdirmə” adı ilə gələn müstəmləkəçilər yuxarı kastanın idarəçilik qabiliyyətləri və nüfuzundan istifadə edərək istismarı daha da gücləndirmişdilər. Hazırda dünyadakı bir çox məşhur şirkətlərin etnik hind CEO-larının çox ağır şəraitdə yaşayıb oxuyan “Slumdog Millionaire”lər deyil, əslində yuxarı kastaların imtiyazlı və ingilisdilli təhsilə açıq üzvləri olması da bu səbəbdəndir.
Oxşar proses Azərbaycanda da baş vermiş, bu sistemli ədalətsizlik bizim cəmiyyətdə də davam etmişdir. Lakin Azərbaycanda bu ingilis dilində yox, rus dilində təzahür edib. Rus dili 200 illik müstəmləkə dövründə “elita dili” kimi məcbur edilib və keçmiş xanlıqların idarəçi sinfi (xanlar və bəylər) tərəfindən əxz edilib (bu tendensiya əsasən oturaq idarəçi sinifdə müşahidə edilir, elat/köçəri aristokratiyanın buna çox da ehtiyacı yox idi). Yüzilliklər sürən bu davamlı təsir nəticəsində rus dili hələ də cəmiyyətimizdə istər iaşə obyektlərində, istər iş yerlərində, istərsə dövlət idarələrində, hətta kinoteatrlarda belə mədəni dil kimi vacibliyini qoruyub saxlayır. İncəsənət sərgiləri, musiqi konsertləri, siyasi xəbərlərin müzakirəsi… Həqiqətənmi rus dili bu qədər qaçınılmazdır?!
Dekolonizasiya prosesi həm də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq edir. İnsanları müxtəlif cəmiyyətlərin tarixləri, mədəniyyətləri və töhfələri haqqında maarifləndirməklə, cəhalətdən və ya qərəzli hekayələrdən yaranan stereotiplərlə mübarizə aparır. Dekolonizasiya bütün mədəniyyətlərin eyni dərəcədə dəyərli olduğunu müdafiə edən bir dünyagörüşünü təşviq edir.
Bu baxımdan başa düşülməlidir ki, rus dilinin təsirinə qarşı müqavimət heç də etnik rus vətəndaşlara və digər etnik icmalara qarşı mənfi münasibəti və ayrı-seçkiliyi özündə daşımır və daşıya da bilməz. Lakin Azərbaycan dilinin statusu konstitusiya vasitəsilə dominant dil kimi qorunsa da, eyni şeyi etnik azlıqlar üçün demək mümkün deyil. Regionlardakı iqtisadi vəziyyət əksərən etnik icmaların üzvlərini Rusiyadakı iş bazarına sövq edir və emiqrasiyaya məruz qoyur. Bu da onların əcdadlarının torpaqlarını, kəndlərini tərk edilmək və izolyasiya təhlükəsinə açıq edir. Artıq bütün yəhudi əhalisi ya İsrailə ya da Rusiyaya köçmüş İsmayıllı rayonunun Mücühəftəran kəndi buna nümunə göstərilə bilər.
Müstəmləkəçilik müstəmləkəçilərin mənfəəti üçün müstəmləkə edilərin resurslarını istismar edən güc dinamikasına əsaslanırdı. Dekolonizasiya ədalətli ticarəti, məsuliyyətli turizmi və resursların ədalətli bölüşdürülməsini müdafiə edərək bu cür istismarçı sistemlərə qarşı mübarizə aparır. Bu, bizə qlobal münasibətlərimizi yenidən istiqamətləndirməyə kömək edir, istismarçı paradiqmalardan ədalətlilik və bərabərliyə əsaslananlara keçid edir.
Gələcək dayanıqlı olmalıdır
Nəticə etibarilə, dekolonizasiya sadəcə olaraq tarixi ədalətsizlikləri düzəltmək aktı deyil. Bu, qlobal şüurun inkişaf etdirilməsi, müxtəlifliyə hörmətin təşviq edilməsi və birlikdə mövcud olmağın daha ədalətli və davamlı yollarının təşviqi üçün davam edən bir prosesdir. Bu, nəinki keçmiş müstəmləkə ölkələrə fayda verən, həm də bütövlükdə dünyanı işıqlandıran və zənginləşdirən bir prosesdir.
Buna görə də müstəmləkəsizləşdirmə ehtiyacı nəinki müasir dövrümüz üçün, həm də ortaq gələcəyimiz üçün vacibdir. Bunun üçün nələr etmək olar? Çıxış yolları barədə ictimaiyyətin davamlı açıq müzakirələri olmalıdır. Bu müzakirələr cəmiyyətin hər bir təbəqəsini ehtiva etməlidir.
Nəticədə həlledici qərar yenə dövlətə qalır. Yuxarıda da göründüyü kimi, dekolonizasiya prosesi təkcə Azərbaycanın türkdilli vətəndaşlarını yox, həmçinin etnik icmalarını da əhatə etməlidir. Rus icmasının mədəni hüquqları qrız, buduq, talış, kürd və s. icmalara da tanınmalıdır. Bu hüquqların qarantı xarici ölkələr yox, həmin icmaların vətəndaşı olduğu Azərbaycan dövləti olmalıdır. Düşünülən həll yolları dayanıqlı olmalı, bir nəfərin qərarı ilə asanca pozulan bir qanun yox, yalnız ümumxalq referendumu ilə dəyişdirilə bilən konstitusiyada öz əksini tapmalıdır.
Elə isə bu barədə aktivliyi daha artırmaq lazımdır. Müstəqillikdən 30 ildən çox keçməsinə baxmayaraq biz bu mövzunu hələ indi qabartmağa başlayırıqsa, burda məsuliyyət həm də bizim üstümüzə düşür.
Cavid Ağa VarYox vebsaytının kontent meneceridir. OCMedia.org, BBC Azərbaycanca və bir sıra vebsaytlarda yazıları daimi olaraq yayımlanır.