Bədəndə Döymə və Müsəlmanların Gözəllik Konsepti

 Bədəndə Döymə və Müsəlmanların Gözəllik Konsepti

Paltar, saç düzümü, pirsinq, döymə və digər üslublardan istifadə edərək insan bədəninin bəzədilməsi bir çox mədəniyyətlər və dinlərdə mövcuddur. Bir din kimi İslam kontekstində digərə mədəniyyətlərlə müqayisədə gözəllik standartları adətən sərt, hətta məhdudlaşdırıcı tərzdə qəbul edilir. Hələ 600-cü illərdə qadağan edilmiş hədsiz gözəlləşdirmək standartları, köhnəlmə dövrünü yaşayır və müasir gözəllik tərifindən xeyli arxada qalır. Müsəlman icmasında hədsiz gözəlləşdirmək standartlarına qarşı mövqeyi əsasən yaşlı nəsil tərəfindən dəstəklənir.

 

Buna baxmayaraq, texnologiyanın sürətli inkişafı və qloballaşma fonunda gənc müsəlmanlar bu tendensiyalar ilə maraqlanmağa daha meyillidirlər, çünki hər keçən gün qeyri-müsəlman dünyanın təsiri altındadırlar. Musiqi janrı ilə bağlı mübarizə haqqında layihə üzərində çalışarkən, Londonun küçələrində apardığım müşahidələrim məni bu mövzu ilə ayrıca məşğul olmağa ruhlandırdı. Bir konservativ müsəlman ailəsindən çıxmış adam kimi, günümüzdə müsəlmanların özlərini ifadə etmək üçün istifadə etdiyi vasitələrdən valeh olmuşdum. Müsəlman icmasının bir çox gənci, icmanın qalan hissəsi tərəfindən damğalanmağa məruz qalan müəyyən gözəllik tendensiyaları və konsepsiyalarında iştirak etmək barədə qərar qəbul edərkən mənfi reaksiya ilə üzləşirlər.

 

 

 

Müsəlman icmalarında müəyyən gözəllik konsepsiyaları ilə bağlı damğaların aradan qaldırılması üçün istifadə olunacaq metodların araşdırılmasında boşluq var. Vizual ünsiyyət görünən şeylər vasitəsi ilə ideyaların ötürülüməsi kimi başa düşülür. Bu ünsiyyət cəlbediciliyin və iştirakın çoxaldılması sayəsində damğanın aradan qaldırılmasının səmərəli üsuludur (Lazard et al., 2016). Biz cinsi, seksual, etnik, irqi və dini ayrı-seçkiliyin yoverilməz olduğu bir dünyada yaşayırıq. Əgər bir əsr öncə homoseksuallıq cinayət sayılırdısa, artıq bu gün bu problemin uğurlu destiqmatizasiyası istiqamətində kitablar, musiqi və filmlər işıq üzü görür. Bu səbəbdən, müsəlman icmasında hansısa müəyyən gözəllik tendensiyası ilə bağlı qadağanın səviyyəsinin aşağı endirilməsi üçün bu ideyaları, həmin icmanın təmsilçilərindən istifadə edərək, vizual tərzdə ötürmək gərəkdir. “Tabu altında tatu” konsepsiyası ilk andan layihəmə meydan oxumağa başlasa da, eyni zamanda, məni bu məsələ ilə bağlı onların hekayələrini və fikirlərini eşitmək üçün digər müsəlmanlarla ünsiyyət qurmağa təşviq etdi.

 

Gənc nəsil müsəlmanlar icmaların xaricindəki dünya ilə rastlaşdıqca, onlara ötürülən mətnlərin və biliklərin təsvirində şübhələnməyə başlayırlar (Larsson, 2011). Buna görə də, gənc nəsil ümumi olaraq, həm mədəniyyət, həm də din üçün keçici və problematik sayılır (Williams and Kamaludeen, 2017).

 

Mübahisəli mövzulardan biri də müsəlmanların döyməyə qarşı olan mövqeyidir. Tarixi olaraq, bu praktika haram sayılır (yəni islam dinində Tanrını təcəssüm edən Allah tərəfindən qadağan edilib) və şəriətə ziddir (Larsson, 2011). “Müsəlman ilahiyyatçılar döymə ilə bağlı qadağaya Quranın “(Şeytan) onlara (ona sadiq olanlara) Allahın yaratdığını dəyişdirməyi əmr edəcək (Q4: 119)” istinad edərək bəraət qazandırırlar”. Lakin bu, olduqca qeyri-müəyyən və dolayı qeyddən savayı, Quranda döymə ilə bağlı bir cümlə belə yoxdur.

 

Bununla belə, sonrakı dövrlərdə aşkar olunan İslam mətnlərində bu iddianı təsdiq edən sübutların sayı məhduddur. Eyni zamanda, dünyanın müəyyən yerlərində müsəlmanların bədənlərinə döymə vurması bu iddiada şübhələnməyə əlavə əsaslar verir (Larsson, 2011). Dünyada qadınlar arasında qaş və dodaq döymələrinə qarşı böyük maraq olduğu müşahidə edilir. “Müasir zamanda çəhrayı və ya qırmızı rəng istifadə etməklə kosmetik dodaq döyməsi, bir zamanlar (VII əsrdə) Ərəb yarımadasında gözəllik nümunəsi sayılan, tünd dodaqları gizlətmək üçün edilir” (Nada A. AlQuorain et al., 2017). Timminq və Perett tərəfindən 2017-ci ildə aparılan araşdırma onu göstərir ki, bir çox insan üçün döymələr qarşındakının mənəvi keyfiyyətinə etimadsızlıqla müqayisə edilir. Gənclər bu trendlərlə bağlı hansısa mənəvi və ya dini problem yaşamasa belə, cəmiyyətə uyğunlaşmaq istədikdə müəyyən tərəddüdlərlə qarşılaşa bilərlər.

 

Bu təhlil araşdırma xarakteri daşıyır, bu da o deməkdir ki, edilən fərziyyələr xaricində suallara cavab axtarır. Bilik toplanmasının keyfiyyət və kəmiyyətlə bağlı metodların istifadəsi ilə qarışıq üsullara əsaslanan yanaşma müəyyən edilmişdi. Kəmiyyətlə bağlı metodlar əsasən anket formasında, keyfiyyətlə bağlılar isə müsahibə üsulu ilə toplanırdı. Gözdən keçirilən suallara qənaətbəxş cavablar tapmaq üçün, dolayı məlumat mənbələri ilkin mənbələrlə birgə istifadə olunub.

 

 

Mənbənin toplanması metodu qismində anketləşdirilmənin seçilməsi onun rahat şəkildə idarə olunması və çox sayda insan arasında asanlıqla yayılması ilə bağlıdır. Onlar həmçinin nəticələri rahat şəkildə təhlil edir, iştirakçılar isə öz anonimliyini təmin edə bilirlər. Lakin bu metodun bir neçə çatışmazlığı var. Məsələn, iştirakçılar anket zamanı dürüst olmaya və ya sualları düz anlamaya bilərlər.

 

Anket 15-25 yaş arası 100 nəfər müsəlman gənc arasında paylanmışdı. Sorğunun keçirilməsində əsas obyektlər kimi orta məktəblər və tələbə şəhərcikləri götürülmüşdü. Anketin məqsədi qadağaya uğramış gözəllik konsepsiyaları barədə qeyd edilən gənc müsəlmanların şəxsi fikrini öyrənmək, dünyada bu konsepsiyaların necə qəbul olunduğunu, onların müsəlman icmasının bu barədə nə düşündüyünü bilmək və gənclərin fikrincə, icmanın bu istiqamətdə düşüncəsini dəyişmək üçün nə etməyin məqsəduyğun olduğunu müəyyən etmək idi.

 

Bu sorğuda iştirak edən 60 müsəlman kişidən 60%-nin döyməsi var idi, 75%-i bədəninə döymə vurdurmaq istədiyini bildirmişdi, 13%-i bədənindəki döymə ilə əlaqəli müsəlman icması tərəfindən təzyiqə məruz qalmasını hiss etdiyini etiraf etmişdi, 17% isə döyməli insanla ailə həyatı qurmağa razı olduqlarını demişdi. 40 nəfər müsəlman qadın iştirakçıdan isə 10%-nin bədənində döyməsi var idi, 35%-i bədəninə döymə vurdurmaq niyyətində idi, 70%-i bədənindəki döymə ilə əlaqəli müsəlman icması tərəfindən təzyiqə məruz qalmasını hiss etdiyini qeyd etmişdi, 95% döyməli insanla ailə həyatı qurmağa razı olduqlarını demişdi. 36 döyməsi olan iştirakçı kişidən 94%, 6 qadının isə hamısı yaşlı nəslin önündə döymələrini paltarlarının və ya bəzək əşyalarının altında gizlədirlər. Döymənin və digər stiqmatlaşdırılmış gözəllik trendlərinin gənclər arasında get-gedə populyarlıq qazandığına baxmayaraq, hələ də müəyyən tərəddüdlər müşahidə edilməkdədir. Bu tərəddüdlər təmsil etdikləri müsəlman icması ilə, xüsusən də yaşlın nəsillə təmasın nəticələri ilə bağlıdır. Gənclər icmanın bu məsələ ilə bağlı mövqeyini bilmirlər və dindaşlarını təhqir etmək istəmirlər (Larsson, 2011).

 

Müsahibə 10 həm yaşlı, həm də gənc müsəlmanlar arasında aparılmışdı. Bu üsul həmçinin hər iki nəslin fikirlərini müqayisə etmək və onların öz fikirlərini nə ilə əsaslandırdıqlarını öyrənmək məqsədi daşıyırdı. Layihə çərçivəsində mən fotoqrafiya və şifahi hekayələr vasitəsi ilə fərqli millətə, cinsə və ictimai qrupa aid döyməsi olan müsəlman gəncləri əks etdirən kitab yaratmağı qərara aldım. Azərbaycanı, İordaniyanı, Liviyanı, Türkiyəni, Fransanı və İranı təmsil edən müsəlmanlar arasında sorğu təşkil etdim. Döyməli müsəlmanlar mənim layihəmi böyük dəstək və maraqla qarşılasalar da, onlardan bir çoxu video-müsahibədən və döymələrini göstərməkdən imtina etdilər.

 

Fotokitabımı müsəlmanlarla tanışlıqda vasitəçi rolunu oynamış şəxsə (məscid rəhbəri) göstərdikdə, müsəlman gənclərin problemləri haqqında dialoq yerinə, ümumi olaraq konsepsiyanın radikal qınanması ilə üzləşdim. Bunun əksi olaraq, döyməyə qarşı mövqe tutan gənc müsəlmanlar isə problemin müzakirəsi üçün açıq və məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarları idilər. Bədənin qorunması və ona zərər yetirmək anlayışlarında nəsillər arasında fərqli fikirlər mövcuddur və gənc nəslin sualları qarşısında bu anlayış get-gedə bulanıqlaşır. Yaşlı nəsil “bədənə zərər yetirilməsi” anlayışının çərçivələrini o qədər genişləndirirlər ki, hətta hansısa bəzək əşyası və ya çılpaq bədənin nümayişi belə “haram” kateqoriyasına şamil edilir. Buna görə də, digər mədəniyyətlərdə və dinlərdə adi hal kimi qəbul edilən bir sıra gözəllik konsepsiyalarını qınayır. Yaşlı nəsil adətən müsəlman gənclərin qadağan olunmuş gözəllik trendlərinə qoşulmasında xaricdən gələn təsiri təqsirli görürlər. Bir sözlə, onların bu istiqamətdə fikirlərini dəyişdirmək elə də asan deyil.

 

Bu vaxtadək aparılan araşdırmaların qadağan olunmuş gözəllik trendlərinin müsəlman gəncləri arasında populyarlıq qazandığını göstərsə də, daha geniş müsəlman cəmiyyətlərinin bu məsələ ilə bağlı mövqeyi barədə az şey məlumdur. Həmçinin bu trendlərlə bağlı qadağaların azaldılması istiqamətində də araşdırmalar aparılmalıdır.

 

 

 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

 

  • Alahmad, G. and Dekkers, W. (2012). Bodily Integrity and Male Circumcision: An Islamic Perspective, Journal of the Islamic Medical Association of North America, 44.
  • Larsson, G. (2011). Islam and tattooing: An old question, a new research topic. Scripta Instituti Donneriani Aboensis23, 237-256
  • Lazard, A.J., Bamgbade, B.A., Sontag, J.M. and Brown, C. (2016). Using Visual Metaphors in Health Messages: A Strategy to Increase Effectiveness for Mental Illness Communication. Journal of health Communication, 2(12), 1260-1268.
  • Timming, A.R. and Perrett, D. (2016) Trust and mixed signals: A study of religion, tattoos and cognitive dissonance. Personality and Individual Differences, 97, 234-238.
  • Williams, P. and Kamaludeen, M.N. (2017). Muslim Girl Culture and Social Control in Southeast Asia: Exploring the hijabista and hijabister phenomena. Crime Media Culture, 13(2), 199-216.
  • Yusuf al-Qaradawi, The Lawful and the Prohibited in Islam, 1994
  • Gerry Badger, The Genius of Photography, 2014
  • John Proser, Image-based Research, 2005
  • Edward William Lane, An Account of the Manners and Customs of the Modern Egyptians, 1836

 

Müəllif: Səlim Atakişiyev

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir