Gernika – Faşizmin yaratdığı əsər
Dünya şöhrətli rəssam, J.Brakla birgə rəssamlıqda “kubizm” cərəyanının əsasını qoyan, Pablo Pikassonun ən epik və qəzəbli əsəri “Gernika” adlanır. Gernika İspaniyada yerləşən etnik baskların yaşadığı şəhərdir. 1937-ci ilin aprelin 26-da Gernikada baş verən faciə bütün İspaniyanı dəhşətə gətirir. Balaca bir şəhər almanların “Kondor” adlı hava legionu tərəfindən, demək olar ki, yer üzündən silinir. Gernikaya mindən çox bomba atılır. Gernikanın bomba zərbəsinə tuş gəlməyən əraziləri isə 3 gün ərzində yanıb kül olur.
Şəhər əhalisinin 30%-dən çoxu ölür, ölümdən qurtulanlar evsiz-eşiksiz qalır, şəhərin bir çox tarixi abidələri və mədəni nümunələri məhv olur. Hər bir ispaniyalı kimi, bu faciə Pikassonu da hiddətləndirir. Gernikada heç vaxt olmayan rəssam faciəyə böyük bir əsər həsr edir. Öz qəzəb və vətəndaş mövqeyini Pikasso, Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilən, böyükmiqyaslı əsərdə əks etdirir.
Hündürlüyü 3, eni isə 8 metr olan əsər 1 ay içində hazır olur. Məlumatlara görə, Pikasso bu rəsmin ərsəyə gəlməsinə hər gün ən azı 12 saat həsr edirdi. Öz nəhəng formatı və kompozisiya quruluşu ilə əsər triptixə bənzəyir – fiqurlar və emosiyalar xaosunun içində 3 aydın fraqment gözə çarpır. Əsər yağlı boyalarla ağ-qara tonlarda çəkilib və bununla dəhşətli hadisənin monoxrom xülasəsinə bənzəyir. Kətan dərd, iztirab, dəhşət və ümidsizliklə doludur. Bu, şübhəsiz ki, yerindən, zamanından və reallıqdan asılı olmayaraq, ümumbəşəri faciədir. Və Pikasso məhz bu faciəni qabartmağa çalışıb. Hadisə, insanların, heyvanların, quşların bir-birinə “qarışdığı” dar bir zirzəmidə baş verir. Qaralama formasında xəsis, lakin xarakterik interyer təqdim edilir – zirzəminin tavan balkaları, yerdə plitələr, pəncərələr və qapılar. Ön plan, sanki üçbucaqla işıqlandırılıb və əsas personajları əhatə edir. İşıq simvolik göz-lampadan gəlir.
Üçbucağın mərkəzində can verən at təsvir olunub. Onun başına çıraq tutan əl uzanır. Ölən atın dırnaqları altında, bədəni ayrı-ayrı hissələrə ayrılmış və ya parçalanmış bir kişi – əsgər uzanıb. İzləyiciyə ən böyük təsir bağışlayan, onun əlində tutduğu güldür – açıq, lakin artıq cansız gözlərlə, ahəng olan günahsızlıq rəmzi. Kişinin əllərində stiqmata görmək olar, bu da günahsız insanın qətlinin sübutudur. Əsərdəki yeganə silahlı döyüşçü artıq heç kimi qoruya bilmir – o qətlə yetirilib, içindən “yeyilib”, əlində isə lazımsız xəncər qırığı tutub. Ölmüş kişiyə qadın can atır, ayağı demək olar ki, qopub, gözləri isə lampaya zillənib. Daha bir güclü emosiya yaradan qəhrəman, əllərində cansız uzanmış uşağının cəsədi üzərində ah-nalə edən anadır. Qadın yuxarı baxır, ağzı isə dəhşətli qışqırıqda donub qalıb. Balaca ayaqcıqlar, əlciklər, barmaqcıqlar, gözlərini əbədi yummuş körpə üzü – əsərin ən ürəkparçalayan obrazı, baş verənlərin dəhşətinin ifadəsidir.
Əsərdə qeyri-adi xətti perspektiv üstünlük təşkil edir. Bundan əlavə, “Gernika” müəyyən həcm və dərinliyə malikdir. Stilistik planda burada fərqliliklər mövcuddur – açıq-aydın kubizm burada realizm elementləri ilə (atın nallanmış dırnağı) uzlaşır. Əsərə baxarkən, qaçınılmaz olaraq belə bir təəssürat yaranır ki, ön plana sanki şəffaf şüşə divardan baxırsan – sanki önündə bağlı məkanda faciənin cərəyan etdiyi bir akvarium var. Əsərdəki obrazlar içində ən gözə çarpanlardan biri də öküzdür və o təsadüfi olaraq oraya həkk olunmayıb. Minotavr, öküz – İspaniyada müharibə rəmzi sayılır. Əsərdə əzab və iztirablar aydın şəkildə təsvir olunduğu halda, baş verən xaosun səbəbləri ən böyük sirr kimi qalır. Kim uşağı qətlə yetirib, kişini parçalayıb, atı yaralayıb, yanğın törədib? Yağı görünməz, sezilməzdir, lakin eyni anda qaçılmaz və tutulmazdır. Kimə qarşı gəlmək, kimdən qaçmaq, xilas olmaq lazımdır? Məhz bu məqam dəhşətlidir.
Bu əsərdəki Pikassonun fenomeni – reallıqdan uzaq, olduqca şərti texnika insanda dəhşət, hətta qiyamət hissi oyadır. Cəmiyyət bu əsəri birmənalı qarşılamır. Bəzi şahidlərin sözlərinə görə, bir çox halda sərgi ziyarətçiləri rəsmə arxalarını çevirirlər, lakin əsər layiq olduğu təqsdiqini tapır. Məsələn, Dolores İbarurri Qomes bu rəsmdən çox təsirlənir və onun faşizm və Franko rejiminin ən güclü ittihamçısı olduğunu qeyd edir. “Gernika” Pikassoya dünya şöhrəti gətirir. Bu əsəri Xiroşima və Naqasaki faciələrindən sonra yenidən xatırlayırlar. Uzun illər boyunca əsər, Pikassonun istəyi əsasında, Prado muzeyində qalır, lakin 90-cı illərdə Madridə aparılır. 80 ilə yaxındır ki bu əsər izləyicilərdə güclü emosiyalar yaradır. Onun önündə uzun müddət durmaq olar və hər hissəsində, ağrı və iztirblarla dolu, yeni və yeni elementlər kəşf etmək olar.
Yeri gəlmişkən, Pikasso həmişə zorakılığı təşviq edən gücü rədd edib. Buna görə də faşizmin lozunqları ona təsir etmir. Buna görə də onu tez-tez istintaqa cəlb edirdilər. Bir dəfə alman zabiti “Gernika”nın reproduksiyasına baxaraq Pikassodan soruşur: “Bu sizin əsərinizdir?” Rəssam isə zabitə isə “xeyr, bu sizin əsərinizdir” deyə cavab verir.