Horror haqqında qeydlər

 Horror haqqında qeydlər

Desək ki, qorxu insanın yaşadığı ilk və başlıca emosiyasıdır heç də yanılmarıq. Bütün mifologiya və din buna sübutdur. İbtidai insanın əsas qorxduğu təbiət və yırtıcı heyvanlar idi, lakin digər və daha dəhşətli qorxusu yuxu idi, çünki o yatdığı zaman təbiət stixiyaları və vəhşi heyvanlar müdafiəsi zəifləmiş bədəni asanca ələ keçirə bilərdilər. Hətta belə bir fərziyyə var ki, gecə xorultusu bizə mağarada yaşayan əcdadlarımızdan yadigar qalıb: həmən o mağara insanı yatarkən qorxunc tərzdə xoruldayıb potensial yırtıcıları özündən uzaqlaşdırırdı. Sivilizasiyanın inkişafı ilə çöldəki qorxular insanın içinə keçdi, horror janrı isə yuxu qarşısında qədim qorxunu istismar etməyə başladı, məsələn “Qarağaclar küçəsindəki dəhşət” filmində olduğu kimi.

 

Yuxu ilə ölüm arasında tez-tez paralel aparırlar. Yuxunu kiçik ölüm, ölümü isə əbədi yuxu adlandırırlar. Bu analogiyani göz önündə tutaraq insanin xortlamış ölülər qarşısında dəhşətli qorxusunu yaxşı anlamaq olar: əgər insan yatıb yuxudan sonra ayılırsa, o zaman nədən öləndən sonra xortlamasın? Dinin ağrıkəsici funksiyası hər şeydən əlavə həm də o vədə yönəlib ki, ölü yalnız o dünyada diriləcək və öz yaxşı yaxud pis əməllərinə görə ya cənnətə, ya cəhənnəmə layiq olacaq. Ağır başdaşı və bol süfrə – layiqli vida ilə yekunlaşan dəfn ayinləri isə deyəsən qeyri-şüuri şəkildə ölüm faktının son və qəti olmasına, ruh tərəfindən tərk edilmiş bədənin xortlayıb hələ ki, sağ olanların arasına qayıtmağına qarşı yönəlib.

 

Məhz bu narahat və qeyri-şüuri düşüncələr ədəbiyyatda və kinematoqrafda zombi fiqurunun ortaya çıxmasına təkan verdi. Atrıq 1930-cu illərdə bu mövzuda ilk filmlərdən biri ekranlara çıxdı – “Ağ zombi”. (Ədalət naminə mörtərizədə qeyd edək ki, zombiyə oxşar varlığa Avropa ədəbiyyatında da rast gəlinir. Bu gildən hazırlanmış və kabbalistik sirli dualarla canlandırılan Qolemdir. 1914-cü ildə ekpressionizm təmayüllü ədəbiyyatın ən vacib əsərlərindən biri olan Qustav Maynrikin “Qolem” adlı romanı işıq üzü gördü). Lakin kütləvi mədəniyyətdə zombilər əsl məhşurluğu Corc Romeronun “Canlı meyitlərin gecəsi” (1968) filmi ilə qazandılar. Tənqidçilər Romeronun filmlərinin sosial çəkisini qeyd edirlər: “Canlı meyitlərin gecəsi”ndə rasizm, “Meyitlərin şəfəqi”ndə isə istehlak cəmiyyətinin və müasir kapitalizmin problemləri ortaya qoyulub.

 

Romero zombiləri marksizm, multikulturalizm və rasizmlə bağlı ideyalarının fonu qismində istifadə edirdi. Slavoy Jijek isə deyir ki, canlı meyitlər bizə Holokostun və QULAQın “unudulmuş” qurbanlarını xatırladır, və biz bu travmanı öz tarixi yaddaşımıza inteqrasiya etməsək “meyitlər” bizi yenə və yenə durmadan narahat edəcəklər.

 

Hərçənd bu gün başqa baxış da mümkündür: zombilər – smartfonların ekranından qopa bilməyən, saatlarla key-key sosial şəbəkələrdə vaxt öldürən, yaddaşımizi itirib, qavrayışımızı və zövqümüzü korşaldıb yotube-da üç dəqiq videoçarxlarla qane olan biz özümüzük. Məlumdur ki, zombilər insanlarla qidalanırlar, daha doğrusu insan beyini ilə. Bəlkə də ona görə ki, zombilərin özləri beyinsiz peyindirlər. Smartfona bitişmiş müasir beyinsiz insan da yaxın gələcəyin kiborquna peyin olacaq məxluqdur.

 

Jak Derrida dünyanın dərki qismində universal vasitə kimi işlədilən binar oppozisiyaların qurulmasına qarşı idi, o hesab edirdi ki, bu – totalitar qurğu, bəsitləşdirilmədir. Lakin bəzən bu oppozisiyalarsız keçinmək olmur. Və biz zombilərə oppozisiya qismində vampir fiqurunu qarşı qoysaq yenə də yanılmarıq. Key, iyrənc zombilərdən fərqli olaraq, vampirlər ağıllı, cavan və (homo)seksualdılar. Vampirlər barədə yazan müəlliflər bir nöqtədə uzlaşırlar: vampirlər cəmiyyətdən sıxışdırılıb çıxarılmış marjinalların, homoseksualların, yəhudilərin, qadınların, uşaqların, ruhi xəstələrin metaforasıdır. “Klassik dövrdə dəliliyin tarixi” kitabında Mişel Fuko sübut edirdi ki, Yeni çağda dəlilərin cərgəsinə həm də marjinalları – fahişələri, pozğunları, homoseksualları qatırdılar. Və, görünür, yaşadığı zaman dəli sayılan kəslər kütləvi şüurda ölümdən sonra vampirə çevrilirdilər. Amerikalı tədqiqatçı Steysi Ebbot vampirlərin modernizasiyanın metaforası olduğunu hesab edir, yəni, məhz bu bədheybət məxluqlar qərb cəmiyyəti ilə birgə modernləşirlər. Bu səbəbdən son dövrdə vampirlər haqqında postmodern filmlərlə qarşılaşdığımız təəccüblü deyil. Nümünə kimi Cim Carmuşun “Təkcə aşıqlər sağ qalacaqlar” filmini misal gətirmək olar. Adam və Yeva – sevgilidirlər. Adam – virtuoz musiqiçi, gitaralar və digər simli alətlər kolleksioneridir. Yeva – solğun bənizli gözəlçə və poeziya vurğunudur. İkisi də ölməzdir. Və ikisi də, janrın qaydalarına görə, əbədi yaşamaq üçün insan qanı içməli və günəş şualarından qorunmalıdırlar. Adam və Yeva başqa-başqa şəhərlərdə yaşayırlar. Adam qaramat və tərk olunmuş Detroytda məskən salıb, o, burada köhnə üsulla musiqi əsərləri yazır və andeqraundun dahisi sayılır, fəqət bütün bunlar onu xoşbəxt etmir, Adam həyatdan bezib. O, intihar etmək üçün dostundan ona xüsusi güllə tapmağı xahiş edir. Amma bu an köməyə Yeva gəlir. Sevgililər birləşib birlikdə çətinlikləri dəf edirlər. Filmin postmodernistik travestiyaya uğramış mesajı ondan ibarətdir ki, bəli, Adam və Yeva qan içirlər, amma qaniçən deyirlər, xoşbəxtliyə bəzi insanlar kimi başqasının enerjisini sovurmadan çatırlar, əksinə, filmin gedişatında bir çox elm və sənət dahilərinin Adam və Yeva kimi olduğu, kütlələrə aldıqlarından daha çox bəxş etdikləri məlum olur.

 

Janrın bütün bədheybət məxluqlarının analizi müasir nəzəriyyələrin fundamentinə əsaslanmış ayrıca akademik tədqiqat tələb edir. Bu qısa qeydlər formatında biz sadəcə baxış bucağının ayarlamaq istədik və göstərməyə çalışdıq ki, horror-un dəyəri təkcə baxımlıq və həyacanlı saspensdən ibərət deyil, horror həm də həqiqət axtaran, daha doğrusu, həqiqət quraşdıran çoxsaylı interpretasiyaların ilkin mənbəsi qismində çıxış edir. Bu gün sci-fi, yəni elmi fantastika yeganə realistik janrdır, çünki biz artıq genlərin redaktəsi mümkün olan gələcəkdə yaşayırıq, o gələcəkdə ki, müşahidə kameraları vətəndaşların “qeyri-ənənəvi” davranışına görə onların sosial reytinqindən ballar çıxıb həmin vətəndaşları texnototalitarizmin şəffaf subyektlərinə çevirir. Horror isə ən səmimi və dürüst janrdır, çünki ilkin, ibtidai emosiyalarla, beynin psixokimyası ilə işləyir. Minilliklərin evolyusiyasına rəğmən bu emosiyalar dəyişılməz olaraq qalıb və bizim gündəlik həyatımızın hər saniyəsini şərtləndirir: böyük şəhərin liftləri və metrosundakı klaustrofobiyadan tutmuş yenilik qarşısında qorxuya qədər. Beynimizin dofamin və opioid sistemləri bizləri yeniliyin kəşfinə sövq edən maraq tətiyidir. Pornoda bu açılış həzzdən keçir. Horrorda isə qorxudan. Horrorda maraq qorxudan keçib bizi Həqiqətin dərkinə gətirib çixarır, bu Həqiqət isə axtaranı ya travmadan sağaldır, yaxud o dərəcədə dəhşətli olur ki, həmişəlik dəli edir (məsələn, Lavkraftın hekayələrində olduğu kimi).

 

Horror tamdəyərli janr kimi moderniti dövründə formalaşmağa və auditoriya qazanmağa başladı. Janrın problemlərinə həsr olunmuş “Ölümün rəqsi” kitabında Stiven Kinq horror mədəniyyətin bütün müxtəlifliyinə həyat vermiş üç arxetipik mətn vurğulayır. Bunlar Meri Şellinin “Frankenşteyn”i (1818), R.L.Stivensonun “Doktor Cekil və mister Haydın qəribə əhvalatı” (1886) və Brem Stokerin “Drakula”sıdır. (1897). Maraqlıdır ki, modernitinin digər övladı olan qeyri-klassik fəlsəfə də üç “əjdahanın” belində durur: Nitsşe, Freyd, Marks. Amma qəribəsi odur ki, Nitsşenin, Freydin və Marksın əsas açılışları-konseptləri heyrətamiz şəkildə Kinqin dediyi həmin üç arxetipik mətnlə “qafiyələnir”. Belə ki, Nitsşenin “allahın ölümü” konsepsiyasını birbaşa Meri Şellinin romanının süjeti ilə əlaqaləndirmək olar: dahi və dəli alim ölü cəsədlərdən ağlasığmaz gücə və özünü təlim etməyə malik diri bədheybət məxluq, daha doğrusu üstinsan yaradır. Freydin işıqlı şüurun nazik qatı altında dərin və qaranlıq altşüurun kəşfini Stivensonun povesti ilə əlaqaləndirmək olar: sakit və alicənab doktor Cekil daxilindəki vəhşiyə azadlıq verən iksir icad edir və beləcə içki içən, fahişələrlə yatan, qətllər törədən mister Hayd peyda olur. Marks isə sübüt edirdi ki, kapitalizm proletariatın qanını içib onu bərpa olmaq üçün və yenidən istismar etmək üçün yarımcan saxlayır. Bu ideya da birbaşa Stokerin “Drakula”sı ilə səslənir.

 

Bu analogiyanı davam etdirmək də olar. Məsələn, sleşer janrının qızıl əsri (1978 – 1984) radikal feminizmin inkişafı ilə üst-üstə düşdü. Sleşerdə manyak-qatil qurbanları izləyib onların hamisini bir gün ərzində vəhşicəsinə öldürür, axırıncı qurban – qadın cinsinə məxsus olur. Qadın qatillə üzbə-üz gəlib onunla döyüşür və məğlub edir. Nəticədə fallosentrizmin babil qülləsi kökündən qoparılır.

 

Müasir fəlsəfənin horrorla əlaqəsini dərindən öyrənmək istəyənlərə spekulyativ realistlərin əsərlərinə, Yucin Taker, Ben Vudard, Reza Neqarestani, Mark Fişerin kitablarına müraciət etməyi məsləhət görərdim.

 

Sondasa deyərdim ki, bütün monstrlardan, zombi və vampirlərdən, yeniyetmələrin arxasınca çəkiclə, bıcaqla qaçan manyaklardan daha qorxulu böyük hərfdən yazılmış Normaya sitayiş edən insanlardır. Fuko vaxtilə yazırdı ki, intellektualın işi donub qəlibləşmiş dəyərləri və təsəvvürləri sual və şübhə altına qoymaqdır, yəni obyektləri prossesə, enerjiyə çevirməkdir. Maraqlıdır, o universitet bitirmiş və bütün varlığı ilə Allahın buludlar üstündə əyləşən uzun ağ saqqallı nurani baba olduğuna inanan insanla baş-başa qalsaydı nə edərdi? Tüklü yumruqları ilə öz inancını müdafiə etməyə hazır Normanın daşıyıcısından böyük filosof özünü necə qoruyardı? Hamı belə düşünür və deyirsə, bu necə normal olmaya bilər?

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir