İranda müasir teatr Nəsirəddin Şah Qacarın dövründə (1831-1896) qurulub. Xaricə getdikdən və tamaşalar izlədikdən sonra bu yeni teatr üslubu Qacar şahının diqqətini çəkir və İranda da bu üslubda bir teatrın yaradılmasını əmr edir.
Nəsirəddin şah dövrü Kərim Şireyi Teatrı
İranlılar min illər ərzində bir çox teatr üsulları ilə tanış olub və çoxsaylı tamaşalar nümayiş etdirib. “Siyavuşun yası” və ya “Şahnamə” hekayələrinin “nəqqali”si (Şahnamə oxunuşunun bir növü) və ya “xeyme şəb bazo” (bir növ marionet teatrı) kimi məzəli teatr guşələri kimi milli mif və əfsanələrdən istifadə edilən tamaşalar geniş yayılıb. İslamdan sonrakı İranda ən önəmli teatr növü Qacarlar dövründə daha çox populyarlaşan “taziyə” və ya “şəbih gərdani” adlanırdı.
Təkiyəh Dövlət Teatrı / Rəssam: Kamal əl Mülk
Dövlətin Tehranda bu teatrların müntəzəm və mütəşəkkil formada nümayiş etdirilməsinə Nəsirəddin şah dəstək olmuşdu. Burada müxtəlif taziyə və dini hekayələr nəql edilir və nümayiş olunurdu. Ancaq İranda müasir teatr başda Molyer olmaqla, xarici dramaturqların əsərlərinin tərcüməsi ilə başlayıb. İlk müasir və modern pyeslər “Dar əl-Fünun” məktəbində təqdim olunurdu. İlk teatrlar Təbriz və Tehranda inşa edilmişdi.
Qərb dramı üslubunda yazan azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadə də teatrla Tiflisdə tanış olub. Axundzadə bütün ssenarilərini türkcə və “təmsilat” (alleqoriya) adı altında yazırdı. Alleqoriyalarında altı komediya pyesi və bir hekayə var. Bunların hamısı realist atmosferlidir və üstünlük təşkil etdiyi mövzu xurafat və ənənələrə qarşı çıxmaq, müasirliyi və onun təməlini təbliğ etməkdir.
Mirzə Fətəli Axundzadə
Axundzadənin pyesləri Mirzə Cəfər Qaracadaği tərəfindən fars dilinə tərcümə edilib. İlk dəfə fars dilində yazan dramaturq, eyni zamanda Axundzadə ilə birlikdə yaşayan və Axundzadənin üç pyesini fars dilinə tərcümə edən ilk şəxs Mirzə Ağa Təbrizi idi. Bunun sayəsində, Qərb teatrı ilə tanış olub, sonra isə özü pyes yazıb. Mirzə Ağa Təbrizinin pyesləri Axundzadə əsərləri ilə struktur oxşarlıqlarına baxmayaraq, daha realdır və Nasirəddin Şah Qacarın zülmünün qaranlıq gerçəkliyini göstərir.
İranda müasir teatr Məşrutə dövrü ilə (1906-cı ildə konstitusiya fərmanının imzalanması) və qanunun aliliyi, ədalət uğrunda milli mübarizə ilə başladı. Konstitusionalizmin məğlubiyyəti, monarxist zülmün başlanğıcı və modernistlərin parçalanması teatrı uzun müddət gizlənməyə məcbur etdi. Ancaq Seyyid Əli xan Nəsrin rəhbərliyi ilə Nəsr teatrının qurulmasına qədər (1955) İranın müxtəlif bölgələrində teatrın yaşaması üçün səylər göstərilirdi. 30-cu illərdən bəri Qulam Huseyn Səidi, Bəhram Beyzai və Əkbər Radi kimi dramaturqlar İran dramaturgiyasını gücləndirdi və bu sahədə unudulmaz əsərlər yaratdı.Təhsilli iranlı rejissorlar və aktyorlar da səhnəyə daxil oldu və İran teatrının qızıl dövrü davamlı İran dramaturgiyası ilə başladı.
Bəhram Beyzai
Dramatik Sənətlər Fakültəsinin yaradılması (1964) da İran teatrının elmi səviyyəsinin yüksəlməsinə güclü təsir göstərdi. Dünyanın müasir teatrına bələd olan professorların burada iştirakı çox önəmli idi. Dünya şöhrətli dram ədəbiyyatının tərcümələri İran sənətkarlarını müxtəlif dram və teatr növləri ilə tanış edirdi. İran teatrı müxtəlif sahələrdə inkişafda olsa da bu gedişat İran İslam İnqilabının ilk illərində (1979) yavaşladı, lakin İran-İraq müharibəsi bitdikdən sonra sənətçilərin səhnədə iştirak etmək istəyi teatr səhnələrini işıqlandırdı. Gənc sənətkarlar təcrübəlilərlə yanaşı, müasir dünya teatrının yeni formaları ilə təcrübələr apardı və İran tamaşalarının metodlarında yeniliklər yaradıldı.
Bütün bu səylər elm və tədqiqatlara söykənirdi. İranda çox görkəmli kinematoqrafiya və teatr (səhnə nümayişləri) universitetləri vardı. Baxmayaraq ki, bütün tələbə və məzunlar lazımi imkanlara malik deyildilər, amma müxtəlif teatr fənləri üzrə tələbələrin say çoxluğu diqqət çəkirdi. Maliyyə çətinlikləri, məhdudiyyətlər isə son yüzillikdə iranlı teatr nümayəndələrinin əsas problemi oldu.
Həm İslam İnqilabından əvvəl, həm də sonra İran teatrında müstəqil və dövlət festivalları gənc istedadların çıxış etməsi üçün məkan oldu. İran teatrındakı mühüm hadisələr arasında Fəcr Beynəlxalq Teatr Festivalı və Universitet Teatr Festivallarının adını çəkə bilərik.
Teatrla bağlı tədqiqat kitablarının və pyeslərin nəşr olunması son otuz ildə İran teatrında yüksəlişə səbəb oldu və İran sənətkarlarını dünyanın müasir teatrı ilə əlaqələndirdi. Onlar Fransadakı Avignon Teatr Festivalı, Alman İpək Yolu Festivalı və Azərbaycan və Türkiyədəki teatr festivalları kimi nüfuzlu nümayişlərdə də fəallıq göstərdilər.
İranda teatr sənəti müxtəlif dövrlərdə senzuranın bəlasından uzaq olmayıb. Həm tamaşalar, həm də ssenarilər güc strukturlarından olan insanların hücumuna məruz qalıb, lakin həmişə sənətin təqdimatı və əsərlərin ifası üçün şərait yaradılıb. Teatr nümayəndələri həmişə problemləri həll edə və yeni yollar tapa biliblər. İran teatrı yaranan bütün problemlər qarşısında heç vaxt nəfəssiz qalmayıb və hələ də fəaliyyətdədir.
Müəllif: Məhəmməd Bağır Nəbati – Müqəddəm, yazıçı, ssenari müəllifi