Uşaqlara nifrət etmək olar? (+18)
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Rammstein qrupunun vokalisti Till Lindemann Ich Hasse Kinder klipini yayımladı. Klip vizual zorakılıq materialı ilə dolu olduğundan indidən xəbərdarlıq edirəm.
Klipin açılış səhnəsində Lindemanı “Sovetin səsi” (Советский звук) qəzetini oxuyarkən görürük. Onun yanında bir uşaq oturub. Növbəti saniyələrdə Sovet ikonoqrafiyası ilə bol səhnələr – Lindemann və onun pioner uşaqlığı.
Pioner uşaq məktəbdə digər oğlan uşaqları tərəfindən zorakılığa, başqa sözlə “bullinqə” məruz qalır. Bu səhnələr tez-tez müxtəlif insanların çox zorakı üsullarla qətlləri və Lindemannın polis otağında sorğu-suala çəkilməsi ilə müşaiət olunur. Polis rolundakı şəxs isə məşhur KVNçi aktyor Aleksandr Revvadır. Tarixə nəzər salanda Lindemannın bu klip və mahnı üçün kimlərdən ilhamlandığı görünür. Lindemann klipdə iki seriyalı qatilin prototipidir.
Birinci qatil Anatoli Slivkodur. Slivko 1964-1985-ci illərdə, xüsusilə, 17 yaşından gənc olan pionerləri aldadaraq huşlarını itirir, sonra onlara müxtəlif seksual zorakılıqlar tətbiq edərək təhdid edir, fotolarını çəkirdi. Bu təhdidlər sonradan qətl hadisələrinə çevrilir və pioner klubundakı naməlum itkin düşmə hadisələri sonda onun həbsi ilə nəticələnir. 7 qurbanı olan Slivko məhkəmə tərəfindən 1989-cu ildə edam edilir. Klipdə Slivko işinə aid pionerli uşaq səhnələri, Lindemannın öz ailəsinin yanında oturarkən ayaqqabını qucaqlaması səhnələri göstərmək olar. (Slivko öz qurbanlarının ayaqqabılarını xatirə olaraq saxlayırdı)
Digər qatil isə “Rostov qəssabı” Andrey Çikatilodur. Çikatilo 1978-1990-cı illər arasında Rusiya, Ukrayna və Özbəkistanda 53 qadın və uşağı öldürərək 1992-ci ildə tutularaq məhkəməyə verilib, 1994-cü ildə isə edam edilib.
Lindemann klipdə Çikalonun məhkəmə kadrlarından və yenə Çikalonun həyatından ilhamlanaraq çəkilmiş “Citizen X” filmindən çox istifadə edib.
Klipin əsas hissəsini 3-cü dəqiqədən sonra, yəni Lindemanın xüsusi amansızlıqla öldürdüyü insanları öz uşaqlıqda uğradığı bullinq “fleşbeki” birləşdirən səhnələrdə görürük. Lindemanın psixoloji durumu normal deyil, bəlkə də “borderline şəxsiyyət pozuntusu” var. Hər nədirsə uşaqlığında yaşadığı zorakılıq onu bir qatilə çevirib. Onun da öz ailəsi, sevdiyi bir həyat yoldaşı, hətta uşaqları var. Lakin, o yenə də qatildir.
Klipi tam anlamaq üçün mahnının sözlərinə də fikir verməliyik.
Ich steige in ein Flugzeug ein
Es wird kalt, ich hör’ es schrei’n
Ich kenne meine Sitzplatznummer
Panik reitet großen Kummer
Ich näher’ mich der Klagereihe
Immer lauter das Geschreie
Der Angst weicht nun Gewissheit hier
Ein Kleinkind sitzt gleich neben mir
Təyyarəyə minirəm
Soyuqdur, bir səs eşidirəm
Oturacağın nömrəsini bilirəm
Kədərin yanında bir qorxu da var
Ağlaşma sırasına yaxınlaşıram
Qışqırıq artdıqca artır
Qorxu yerini dəqiqliyə verir
Yanımda bir körpə oturub
Tez-tez səyahət edənlər təyyarədə körpələrin ağladığını həmişə ediblər. Elə mən də daxil, bir çox sərnişin üçün bu bezdiricidir. Bütün səyahətimiz ziyan olur, yata bilmirik. O körpələrin səsini kəsmək üçün hər şey edərdik. Düzdür, həmin uşaqlar əslində müəyyən yüksəkliyə qalxdıqca atmosfer təzyiqindəki dəyişiklikdən qulaqlarda hiss edilən ağrını daha sərt hiss etdikləri üçün ağlayırlar, amma yenə də hövsələsiz adama bunu başa salmaq çətindir.
Mahnının sözlərindəki son bənd daha güclü mesaj verir:
Ich hasse Kinder
Ich hasse Kinder
Hier kommt die Frage aller Fragen:
„Kann und muss man Kinder schlagen?“
Nein, ich liebe sie
Ja, ich liebe sie
Alle Kinder, groß und klein
Doch sie sollten meine sein
Uşaqlara nifrət edirəm
Uşaqlara nifrət edirəm
İndi isə növbə sualların sualındadır:
“Uşaqları vurmaq olarmı, vurmalıyıqmı?”
Xeyr, onları sevirəm
Bəli, onları sevirəm
Bütün uşaqları, böyüklü-kiçikli
Amma onlar özümünkü olmalıdır.
“Amma onlar özümünkü olmalıdır”, əslində, yetkin insanların uşaqlara baxışını, valideynlik tərzlərini izah edən nüansdır. Başqaların uşaqlarına çox dözümsüz yanaşan valideynlər onların “pis böyüdüldüyünü”, “tərbiyəsiz” olduğunu düşünürlər, öz uşaqları barədə isə çox yüksək fikirdədilər, çünki onları “özləri” böyüdüblər, “özlərinkidir”. İnsanın özünütənqidə minimal baxışı nəinki özünün, uşaqlarının taleyi ilə oynamaq mənasına gələ bilər.
Till Lindemanın Uşaqların Beynəlxalq Müdafiəsi günündə bu klipi paylaşması əbəs deyil. Uşaqları qorumağa valideynlər özlərindən başlamalıdır. Çünki uşaq “xam mal” deyil, “məhsul”dur.
Cavid Ağa VarYox vebsaytının kontent meneceridir. OCMedia.org, BBC Azərbaycanca və bir sıra vebsaytlarda yazıları daimi olaraq yayımlanır.