Aftafa və tualet kağızı
Adi günlərdən biri idi. Çox adi gün. Tarixdə belə adi gün olmamışdı. O qədər adi gün idi ki, hətta gündəlik adi günlərin siyahısında bu gün üçün yer olmadığına görə, bu gün o biri günlərin yanında özünə yer tapa bilmirdi. Aylıq təqvimdə ayın sonuncu günündən sonra yazılmışdı.
Tualet kağızı fabrikinin icraçı direktoru Şərəstun Məmişov şöbə rəislərini öz otağına yığmışdı. İqlim dəyişikliyi və komunal xərclərin artması barədə qısa giriş söhbətindən sonra üzünü pəncərədəki kaktusa tutub, şöbə rəislərinə sual verdi:
-Camaat tualet kağızlarından az işlədir. Niyə?
Ortaya sükut çökdü. Karton-kağız sexinin rəisi Kağızudanov Trampilin əlini havaya qaldıraraq söz istədi. Direktor “buyur” dedi. Yoldaş Trampilin sözə başladı:
-Məncə hər şey dini ekstremizmin artması ilə bağlıdır.
-İzah edin.
-Yoldaş direktor, camaat müxtəlif dini təşviqatların təsiri altına düşür, saqqal saxlayıb, baş bağlayır, sonra da evdəki tualet kağızlarından imtina edib, aftafalara keçirlər.
-Dəhşət! Bu yolverilməzdir! Utanmazlar! Bu gündən etibarən, şəhərin bütün aftafa və aftafa istifadəçilərinə qarşı müharibə elan edirəm!
-Yoldaş direktor, aftafalar ya İrandan, ya Çindən gəlir…
-Xüsusən də yad ellərdən gələn aftafalar birinci növbədə anti–patriotikdir, ikincisi isə – xeyirdimi, xeyiri başqalarına verək?
Son sualdan sonra araya bir daha sükut çökdü. Bəlkə də heç kəs sözü gedən mövzuda bu qədər dərinliyə enməmişdi, kim təsəsvvür edə bilərdi ki, (icraçı direktoru Şərəstun Məmişovdan başqa) aftafa və tualet kağızından istifadə məsələləri arasında belə uçuruma bənzər düşüncə fərqi var? Şərəstun səsini bir az da artırıb, davam etdi:
-Aftafanı gözdən salmaq lazımdı. İnsanların tualet kağızına münasibətin dəyişmək gərəkdir. Misal üçün, bax siz, Otbasanov… sizin evdə aftafadı yoxsa tualet kağızı?
Yumuru sifət kişi ayağa durdu:
-Cənab Məmişov, bizdə evdə ikisi də var…
-Nahaq!… Kim icazə verib?… Ləğv edin aftafanı!
-Yoldaş direktor… sadəcə rayondan qonaqlar gələndə…şey…lazım olur.
-Anlamadım. Nə şey?
-Yəni aftafa istəyirlər…pis çıxmasın..yuyunmaq üçün.
-Bilmirəm qonaqlarla nə işlə məşğulsuz, amma aftafanı tualetinizdən yığışdırın… Komissiya yaradılacaq və komissiya üzvləri bir-bir fabrik işçilərinin evlərini gəzib tualetləri yoxlayacaq. Birinci növbədə özümüzdən başlamalıyıq.
Satış şöbəsinin rəhbəri Pirşeks Alverzadə əlini qaldırıb söz istədi:
-Yoldaş direktor, məncə indi yaxşı reklam çəkmək lazımdı. Bizim məhsulun reklama ehtiyacı var. Uğurlu tanıtım aksiyası satışa da təsir göstərə bilər.
-Əlbəttə, əla ideyadı! Reklam çəkilsin!
-Yoldaş direktor, reklam üçün ən tanınmış simalardan birini seçmək olar..
-Reklam çarxının ən tanınmış siması tualet kağızları olmalıdır – bu müzakirə olunmazdı. Yox əgər, dediyiniz şəxs mumiya tənzifə büründüyü kimi mənim…bizim tualet kağızımıza bürünsə, onda ayrı məsələ.
-Yoldaş direktor, sadəcə…
-Sadəlikdən qaçın! Bəsdir təvəzökar olduq! Biz aftafalara onların əsl yerini göstərməliyik! Aftafanın insan orqanizminə mənfi təsirini araşdırmaq lazımdı. Reklam çarxının ideyasını hazırlayın… Ya da yox. İndi müzakirə edək. Sən də qeydlərini apar… Deməli belə bir şey çəkirsiz…mmm…
Direktor çalışsa da ciddi bir iş üzərində düşünən adamın sifətinə bənzər obrazı ala bilmir. Şəhadət barmağı ilə gicgahında bir-iki dairə çəkib davam edir:
-Belə bir şey – bir-birinə tanış olmayan iki adamın fərqli həyat hekayəsindən danışırıq. Onlar fərqli şeylərdən işlədirlər – biri tualet kağızı, o birisi isə gerizəkalı aftafa.
Satış şöbəsinin rəisi ehmalca direktorun sözünü kəsir:
-Eee…yoldaş direktor. Gerizəkalı aftafadır, yoxsa aftafa işlədən?
-Fərqi yoxdu. İkisi də. Nə isə… Sonra aftafa istifadəçisi xərçəng xəstəliyinə tutulur və ölür, tualet kağızı işlədən oğlan isə 100 yaş yaşayır və 100 illik yubileyini Şahdağ istrahət kompleksində təmtəraqlı surətdə qeyd edir.
İclas iştirakçıları sual dolu nəzərlələr ilə baxışırlar. Direktorun bir çox iriçaplı qabiliyyətlərinin siyahısına ssenari yazmaq bacarığı da əlavə olunur. Pirşeks yavaşdan və yalandan öskürərək, yenə də sual verir:
-Şərəstun müəllim, ideyanız əladır məncə, heç reklam agentlikləri belə ideya verə bilmirlər. Sadəcə…
-Dedim axı sadəlikdən qaçın! Reklam çarxı dramma olmalıdır, triller zad. Ölüm qoxusu, həyat eşqi, intriqa!
-Bircə xərçəng xəstəliyi ilə bağlı səhnə anlaşılmaz qaldı, yoldaş direktor.
Şərəstun belə dönüşə hazır deyildi. O pəncərənin önündəki kaktusun tikanın qoparıb ağzına atdı. Çeynəməyə başladı:
-Anlaşılmaz olmayan nə var? Adam ömrüboyu aftafa ilə yuyunur və bir gün xəbər tutur ki, xərçəngdir. Tamaşaçıların kefi pozulur və onlar tualet kağızının üstünlüyünü anlayırlar. Satış faizimiz artır. Hərə bir rulon tualet kağızı alır.
-Bəs niyə məhz xərçəngə tutulur? Bildiyim qədər xərçəng konkret orqanlarda olur, bəs bizim mənfi qəhrəmanın harasında aşkar edilir?
Direktor pəncərəni açıb kaktusu dibçək qarışıq çölə tulazlayır. Aşağıdan kiminsə səsi eşidilir. Direktor kabinetindəki kitab şkafından bir rulon tualet kağızı çıxarıb ona verilən suala cavab verir:
-Hamımız bilirik ki, ağır tualet işindən sonra iki növ yuyulma mövcudu – quru və sulu yuyulma. Reklam çarxında mənfi qəhrəman aftafanı seçərək sulu yuyunmaya üstünlük verir. Onu da bilirik ki, xərçəng su hövzələrində yaşayan heyvandı. Deməli, su ilə yuyunan adamda gec-tez nə əmələ gəlir? Bəli, xərçəng. Harada əmələ gəlir? Onu özünüz fikirləşin. Məsələyə “qreativ” yanaşın. Alıcını təəccübləndirin. Misal üçün, qulağında xərçəng əmələ gəlir, yaxud dırnaq xərçənginə tutulur. Fantaziyanıza sərbəstlik verin.
İclasda oturanlar qəfildən ayağa duraraq direktoru alqışlayır. Direktor əlindəki kağız rulonunu azadlıq aşiqinin silahı fason başının üstünə qaldıraraq, amiranə səslə əlavə edir:
-Ya biz, ya onlar! Ya aftafa, ya da tualet kağızı!
İclas sona çatır. İclas iştrakçıları kabinetin pəncərəsindən çölə tullanaraq, otağı tərk edirlər.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.