Balaca qız və kağız gəmi

Beş yaşlı qızciyəz, evinin qarşısından axan balaca arxa, ağ rəngli kağız gəmi buraxır. Arxın elə də sürətli olmayan axını gəmini sağa-sola yelləyir, balaca dalğalar onu oynadırdı. Qız isə gəminin dalınca, arx boyu addımlayır, böyük səyahətə göndərdiyi balaca dostunu müşayiət edirdi.

 

Budur, artıq ilk evi ötdülər; adamboyu, tünd yaşıl çəpərləri olan, qara qapılı ev. Çəpər qonşularıdır. Onların  evlərindən axan istifadə olunmuş su, bütün kəndin evləri kimi, bu arxa bağlıdır. Bu bağlantını təmin edən, arxa çirk suyu axıdan yoğun borudur.

 

Növbəti ev – daş çəpərli, qonur rəngli, böyük darvazalar. Gəmi yavaş-yavaş bu evin də önündən üzür. Həmin evin kanalizasiya borusundan fasilələrlə arxa su tökülür. Kağız gəmi borunun yanından keçəndə, borudan çölə alma qabıqıları  gəlir – düz gəminin üstünə. Gəmi batır. Qız dayanır. Əyilib suda batan kağızı çıxarır. Çırpır, üfürür. Öz aləmində qurudurmuş kimi. Sonra gəminin formasını ala-bula düzəldib, yenə arxa burazır. Kağız gəmi batır. Qız düşünmədən cibindəki növbəti balaca gəmini çıxarır – ona azadlıq verir.

 

Yeni kağız gəminin yoluna, arxda yığılıb qalan zibillər çıxır. Amma su axını gəmini maneədən qaçırır.

 

Növbəti evin önündən keçirlər – qızciyəz və onun yeni kağız gəmisi. Bu evin kanalizasiya turbasından heç nə axmır. Arx gəmini aparır.

 

Evlərin sırası bitir. Arx çöllüyə çıxır ki, kəndin kənarı ilə axan su kanalına birləşsin. Qız kağız gəmini tək qoymur. Keçilməz olan enli su kanalına çatanda qız dayanır. Gəmi kanala düşür, yerində bir-iki dövrə vurub suya qərq olur.

 

Eləmə tənbəllik, balaca qızciyəz gəmini xilas etmək üçün bol sulu kanala tullanır. Suya düşüb, suyun altına enir, amma nə batmır, nə boğulmur. Kanalın, qızcığaz suya tullandığı hissəsində zaman burulğanı var imiş. Hansı ki, öz növbəsində ora düşən canlını 5 dəqiqə əvvələ qaytarırdı, amma 5 dəqiqə əvvəl olduğu yerə yox, su kanalının kənarına, haradan ki, həmin burulğanın içinə tullanmışdır.

 

Eyni şey qızcığacla baş verir. Qız beş dəqiqə əvvələ qayıdır, eyni su kanalı, kəndən gələn arx və heç nə. O sağa-sola baxır, arxda gəmini axtarır, bir az vaxt keçir və bir də görür ki, “özü” (yəni qızın özü, ikinci “özü”, sadəcə 5 dəqiqə əvvəl olan “özü”) arxın kənarı ilə kənd tərəfdən gəlir, yəqin ki, arxa buraxdığı kağız gəmini izləyir. Qız öz “əkizi”ni gördüyünə təəcüblənmir, yaxınlaşan kağız gəmiyə baxır. Gəmi eynəm onun gəmisinə oxşayır, bəlkə də bu onun gəmisidir. Qız “əkizi”nə fikir verməyib, kağız gəmini, kanala düşməzdən qabaq sudan qaldırır. Öz “əkizi”nə deyir ki, “gəmini xilas etdim, “yoxsa düşüb batacaqdır”. Onun “əkizi”, bu sözlərdən sonra, özünə oxşayan, əynində də eyni paltar olan balaca qıza əlini uzadır. Bizim qəhrəman qızciyəz gəmini yiyəsinə qaytarır. O da öz növbəsində kəndə doğru qaçır. Qızciyəz onu izləmir, yerində qalır. Gəmisiz qalır. Çevrilir kanala doğru, suya tullanır.

 

Gözlərini açır. Kənd arxının su kanalına töküldüyü yerdə durub. Tez evlərinə tərəf qaçmağa başlayır, dayanır. “Özünün” gəlişini gözləyir. Vaxt keçir, heç kəs görünmür. Qızciyəz arxın kənarı ilə kəndə qayıdır.

O bilmirdi ki, zaman burulğanına ikinci dəfə düşəndə o, geriyə qaytarır, yəni əvvəl 5 dəqiqə geri, sonra 5 dəqiqə irəli. Evlərinə çatır, anası qapının ağzın ondan “harada və nə etdiyini” soruşanda, o “heç, öz-özümlə oynayırdım” cavabını verir. Sonra kağız gəmisindən, sonra da zaman burulğanından hissə-hissə danışır. Amma anası, üstü qupquru olan qızın “kanal macərasına” skeptik yanaşır – uşaqlar uydurmağı çox sevirlər.

 

Axşam yerinə girəndə, balaca qız itirdiyi kağız gəmini, əyləncəli su kanalını,  haradan ki, quru çıxmaq olur, özünə oxşayan qızı, daha doğrusu elə “özünü” yadına salır. Anası işığı söndürür, qız yatmır, xəyallar qurmağa başlayır…

 

Kanalın suyu əvvəlkindən fərqli, daha yavaş axır, axın zəif olsa da su elə həmişəki qədərdir. Balaca qızcığaz su kanalının kənarında durub, suda üzən kağız gəmiyə baxır. Gəmini axın apara bilmir; o, irəli-geri üzür, axına qalib gəlirdi. Sonra isə, birdən birə nəsə olur və balaca qızcığaz kağız gəminin göyərtəsində peyda olur. Kağız gəmi onu gözləyirmiş, o dəqiqə qız qarışıq suya baş vurur, zaman burulğanına düşür. Gözlərini yumur.

 

Gözlərini açır. Balaca qızciyəz su kanalının kənarındadır, əlində balaca gəmi ilə durub. Ətrafına baxan qız, onun başına toplaşmış yüzlərlə balaca qızları görür. Hamısının əlində ağ gəmilər, hamısı balaca qızciyəzin əkizləri…

 

O, gözlərini açır, sonra başını yorğanın altına salıb yatır.

 

Səhər, atasının onun üçün kağızdan düzəltdiyi növbəti kağız gəmini götürüb çölə çıxır. Birbaşa qaçır kənd arxı ilə su kanalının kəsişdiyi yerə. Gəmini ehtiyatla su kanalına buraxır. Axın gəmini aparır, elə sürətlə aparır ki, qız qaçsa da ona çatmazdı. Məyus olmuş balaca qız üzünü çevirib, kəndə doğru qayıdır. Elə bu zaman, gündüz olmağına baxmayaraq səma bir anlıq işıqlanır, gurlutu eşidilir. Göydən, kələ-kötür daş parça – meteorit qızın qaldığı kəndə düşür; düz balaca qızciyəzin evinin damına. Evin damı sökülür və birinci mərtəbə yerə çökür. Ev od tutub yanır.

 

Beş yaşlı xəyalpərəst qız evlərinin yandığını görüb heç nə başa düşmür – qaçışan qonşular, su gətirənlər, odu söndürməyə çalışan adamlar. O yenidən arx boyunca qaçmağa başlayır. Kəndən uzaqlaşmaq, arxla su kanalının…bəli, həmin yerə qayıtmaq istəyir. Kənd camaatının onun evinə doğru köməyə qaçdığı dönəmdə o, əksinə, evindən qaçırdı.

 

İstədiyi yer görünməyə başlayır. Qız su kanalına çatan kimi suya tullanır. Suyun altında isə zaman burulğanına düşür.

 

Zaman burulğanı yerə dəyən meteoritin zərbə dalğasının təsirindən xarab olub, sistemi qarışıbmış. Nəticədə 5 böyük dövrə vurub qayıdır 5 il geri – qızciyəzin doğulduğu günə. Amma təbii olaraq, su kanalının kənarında gözlərini açır qızciyəz.

 

Evə qaçır. Qapıya çatanda görür ki, evlərində şadyanalıqdır. Sevinc səsləri, sağlıqlar və Banu adının sədaları eşidilir. Qız çöl qapısına çatanda atasını görür. Yaxınlaşır. Atası (yenicə ata olmuş kişi) balaca qızciyəzin alnından öpür, saçın sığallayır:

 

-Kimin qızısan? Atan-anan kimdir?

-Məni tanımadın ata? Sənin qızınam… Kanaldan gəlirəm. Su kanalından..

 

Kişi qızın dediklərinə fikir verməyib, onun başını sığallayıb içəri girir. Heç yan-yörədə olan qonşular belə onu tanımır.

 

Qız ora qayıdır, su kanalı ilə arxın kəsişməsinə. Suya baş vurur. Gözlərini yumur. Açır.

 

Gəmidədir. Öz gəmisində. Ətrafında isə ucu bucağı görünməyən mavi dəniz, qağayılar və uzaqda görünən tənha ada.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir