Qobustan türməsinin qabağındayıq. O, səki üstündə oturub mənə qulaq asır. Bizi gətirən taksi sürücüsü də, hiss edirəm ki, bizim söhbətimizə qulaq verir. Mən dostuma kişi olmağı öyrədirəm:
— Kimnən gəzdiyinə fikir ver! Nətər yanı ə telefonunu qaytarmıram?! Durub sifətinə bir dənə ilişdirə bilmirdin? Hərçənd, səndə o vuracaq əl olsaydı, o qaqaşlar hiss eləyərdilər. Görüblər ki… nəysə.
Üzümüzə gün vurur, türmədən çıxacaq adam isə saat 11-də çıxmalıdır. Adam 20 ildi yatır və Bakıya qədər yolunu, yəni 20 ildən sonra azadlığının ilk məqamlarını, dəqiq desəm bir-iki saatını bizimlə maşında keçirəcək. Maraqlıdır. Təhlükəlidir, amma bu niyəsə məni heç hürkütmür. Boğazıma frantların taxdığı uzun sızıqlı sərşfimi taxıb, idman kostyumumda günəşə tez-tez baxıb, dostumdan məni qane edəcək bir cavab çıxarmağa çalışıram. SIFE-də kapitan olduğum vaxtlardır – əlimdə, sözümdə, danışığımda, bütün varidatımda hakimiyyət hiss edirəm. Bakıdan türməyə qədər də Aleks Leslinin “Волшебная Таблетка”sını oxumuşam. “Məndən yoxdur!” əhvalındayam.
Cibimdə mənim qoyduğum 20, Nurəddinin verdiyi 15 və özümə məxsus 10 manat var. Taksi sürücüsü bir bizə baxır, bir iyirmi metr o tərəfdən başlayan və kriminal dünyasını təcəssüm edən türməyə. “Bu rusdilli, ömründə heç bir dəfə də razborkada olmayan qaqaşlar hara, içərdə 20 il yatmış avtoritet hara?” düşünür yəqin.
Avtoritet çıxır. O vaxtlar başını liberalizm yemiş Əkbərin gözlədiyi “20 ildən sonra AZADLIQ!” sevinci filan yoxdur. 40-50 yaş arasında bir kişi bizə yaxınlaşır və ad verir: “Rüstəmin göndərdiyi uşaqlar sizsiniz?”. Nəzakətli, ciddi, özünə simpatiya yaradan bir adam. Heç deməzsən ki, nəsə cinayət edib, 20 il içəridə yatıb. Ayrılanda hətta öz nömrəsini verdi ki “dədə, nəsə olsa zəng edərsiz”. Sən öl nəsə olsa ona zəng etməyə hazıram. Daha doğrusu telefonum olsaydı hazır idim. (Telefonumu gözüm görə-görə kimsə atmayıb, sadəcə ehtiyatsızlıqdan artıq 4 ilə yaxındır ki, işlətmirəm.)
Avtoritet olduğu yüz faizdir – onu bilirəm. İçimdəki yeganə qorxu dostumun indi nəsə bir axmaq söz deyəcəyindəndir. Axmaq söz deyib telefonunu itirib, indi də avtoritet aləmində qəbul olunmayan bir şey deyib bizi bu dünya ilə calaşdıra bilər. Xoşbəxtlikdən, avtoritetlə müsahib rolunu yol boyunca sürücü oynayır.
Gəlib çıxırıq “3-ün dairəsinə”. Taksi sürücüsü danışdığımızdan çox istəyir. Deyəndə ki, üstümüzdə indi lazım olan 10 yoxdur (həmişəki kimi qəpik-quruşdur), bunun bizə yazığı gəlir – “yaxşı, qoy qalsın”. Mən sürücünün nömrəsini götürürəm və söz verirəm ki, qalanını sabaha ödəyəcəm.
Avtoritetlə tək qalırıq. O deyir:
— Poçta getməliyəm, oğlum Gəncədən pul göndərməlidir.
Bizim də Gəncədən olduğumuzu demirik. Artıq söhbət yarana bilər.
Pulu götürür, yerindəcə telefon və nömrə alır. Nömrənin üstündə gələn 2 manatlıq konturu da bizə verir. Dostum birinci nəzakət xatirinə danışıq konturundan imtina edir ki, “yox, götürün, özünüz yükləyərsiniz”. Mənsə başa düşürəm ki, bu adamın verdiyini götürməmək olmaz və iki manatlıq “Azercell” kartını götürüb cibimə qoyuram, hərçənd dostum da, mən də “Klass” (Bakcell) işlədirik.
Avtoritet yeni telefonundan, dostumun “Blackberry”sini atan qaqaşlara zəng vurur. Onlar 10 dəqiqənin içində peyda olurlar. Və bizim yanımızda olan avtoritetlə hörmətlə salamlaşırlar və əlbəttə, “gedək, çörək yeyək”, “bizə görə bir qulluq?” filan atırlar. Kriminal salamlaşma ritualı bitəndən sonra “çeçenka” saç düzümü, qırmızı makasini, üstündən yağ və kir yağan kostyumu olan sarıdişli qaqaş dostuma, atdığı telefonu qaytarır. Dostum da elə onların yanında haradansa tapdığı köhnə nokianın dalını açmağa başlayır ki, nömrəsini çıxarıb “Blackberry”sinə taxsın. “Ə, sonra dəyişərsən!” deyirəm.
Ədaləti bərpa edəndən sonra qaqaşlarla və avtoritetlə sağollaşıb 20 yanvar metrosuna yollanırıq. Dostum evə, mən isə “vor aləmi”nə belə giriş və çıxış etdiyimə görə şadlıq hissi ilə universitetə gedirəm.
Əkbər Buludlar yazar və podkasterdir. “Onun Amerikası” kitabının müəllifidir.