Rusiyaya çörək pulu dalınca gedən azərbaycanlılar, millət vəkili tərəfindən “otxod” adlandırıldıqdan sonra başa düşürlər ki, onlara yeni vəkil lazımdır; başlıca şərt budur ki, millət vəkili Rusiyada yaşayan və işləyən azərbaycanlıların hüquqlarını müdafiə etməli və onları təmsil etməlidir. Çox axtarışdan sonra hamı yekdilliklə Herakl Şalvarzadənin namizədliyi üzərində dayanır. Ona məktub yazıb atırlar Volqa çayına. Məktub 1 həftəyə poçt sisteminə naməlum yolla çatır Yamaykaya, düz Heraklın daxmasının ağzına. Məktubu oxuyan qəhrəman çox fikirləşir, çox doldurur, çox dartır. Əslində millət vəkili olmaq gözəl şeydir, bu yolla o, özünün çoxdankı arzusunu da həyata keçirə bilər – dönərxana açar.
Herakl Rusiyaya cavab məktubu yazır ki, razıdır. Sonra seçki kompaniyası barədə fikirləşir – anlayır ki, bu an əsas problem puldur. Belə baxanda hər şeyin başında puldur, onun da, bunun da başında puldur. Pul tapmaq üçün ən rahat vasitə nəyisə satmaqdır. Herakl Yamaykada olan daxmasını və soyuducuda olan 1 kilo bananı satmaqdan imtina edir. Ağlına daha maraqlı fikir gəlir – Günel Mövludun noutbukunu Daxili İşlər Nazirliyinə satmaq. Nə Günellə, nə DİN ilə şəxsən tanış olmayan Heraklı bu qorxuzmur. İntuisiyası ona deyir ki, bu noutbuk hüquq-mühafizə orqanları üçün maraqlı olacaq və ona bunun əvəzinə pul verəcəklər. Beləliklə, şələ-küləsini yığıb hava limanına gedir.
Artıq 2 gündən sonra Günel Mövludun evi qarşısında var-gəl edirdi. Əvvəl Herakl elə düşünür ki, Günel və Mövlud ayrı-ayrı adamlardır, sadəcə birgə biznesləri var, market işlədirlər. Sonra feysbuka girib baxır ki, heç də elə deyil. Gecəyə qədər tum çırtlayır, sonra üzünə Şaxta Babanın maskasını keçirib pəncərədən evə girir ki, birdən onu tutsalar, hər şeyi “əclaf Şaxta Babanın” üstünə yıxsın (uşaqlıqdan onu sevmirdi). Üzərində “Günel Mövludun noutbuku” yazısı olan noutbuku mətbəxdə tapır. Sən demə evdə heç kim yox imiş, rahatca notbuku götürür, soyuducunu açır. Orada isə bir qazan yarpaq dolması, yanında da bir banka kənd qatığı. İştah ona güc gəlir, bir boşqab dolmadan töküb, qatıq qarışıq göndərir mədəsinə. Qarını tox, girdiyi yerdən də evi tərk edir. Yolda özünə xaçapuri alır. Hava limanında yadında düşür ki, noutbukun adaptorun götürməyib, “eybi yoxdu” deyə fikirləşib uçur Moskvaya.
Birinci növbədə gedir Leninin mavzoleyinə, mumiyaya dönmüş proletariat rəhbərinin qəbrini ziyarətə. Qırmızı Meydanda duzlu xiyar satan bir xaladan adaptor və araq alır. Çox keçmir ki, otelə çatır. Bron etdiyi otağa girib tinlik stəkana rus arağından süzür, gələcək dönərxanasının sağlığına içir, əhd edir ki, dönərxananın adını “Lenin-dönər” qoyacaq. Nəsə ki, girib internetə DİN-nin elektron ünvanına aşağıdakı məzmunda məktub yazır:
“Salam. Günel Mövludun noutbuku məndədir. Satıram, qiyməti 1.00000 manat. Aşağı yeri yoxdu. Üstündə adaptorun da verirəm. Deputat olmaq istəyirəm, ona görə pul lazımdı, yoxsa havayı verərdim. İmza: Lenin baba.”
Arağın qalanın da vurub yatır. Səhər ayılıb elektron poçtun yoxlayır. Görür ki, DİN-dən cavab gəlib:
“Salam. Bizə nə Günelin, nə də Mövludun noutbuku lazım deyil, distruktiv hərəkətlər etməyin. Deputat işinə baxmırıq. Lenin çoxdan ölüb. Sağol.”
Herakl kor-peşman qayıdır Şeremetyev hava limanına. Birbaşa uçur Günel Mövludun yaşadığı şəhərə. Yenə də gecəyə qədər tum çırtlayır. Gecə düşən kimi Qar qızının maskasını geyinib dırmaşır pəncərəyə, məlum olur ki, ev yiyəsi hələ də qonaqlıqdan qayıtmayıb. Mətbəxə girib noutbuku yerinə qoyur. Soyuducunu açıb qalan dolmaları da yeyib, evdən çıxır.
Artıq bir gündən sonra Herakl, əlində xaçapuri, Yamaykadakı daxmasında oturub, Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırmış, millət vəkili Astan Şahverdiyevə məktub yazırdı:
“Astan müəllim, həyat özü bilər, kimə verər, kimdən alar. Bir də çörək pulu dalınca evindən didərgin düşmüş camaatı təhqir etsəz, evinizə girib noutbukunuzu oğurlayacam və Günel Mövluda hədiyyə verəcəm. imza: Lenin baba.”
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.