İkinci Məleykə
Yağışın şişirtdiyi, qopuq-qopuq olmuş pəncərəmizdən küçəyə baxırdım. Havalar isinməyə başlamışdı və insanın içində səhər tezdən olan o sərin, yağışdan sonrakı təmiz havanı ciyərlərinə çəkmək istəyi yaranmışdı. Paslı cəftəni tutub “çırt-çırt-çart” səslərinin artan tempiylə pəncərəni açmağa çalışdım, amma taxtalar şişmişdi və sındırmaqdan qorxduğum üçün ordaca buraxıb yerimdə oturdum. “Onsuz da ciyərlərimin ehtiyacı olan axırıncı şey sərin bir havadır” deyə fikirləşdim. Bu qədər hərəkət belə məni haldan salmış, sinəmdə qopan ağrı isə “otur görüm yerinə, bir bu çatmırdı” deyirmiş kimi, yerimi rahatlayana qədər susmadı.
Təslim oldum və son vaxtlar ən yaxşı bacardığım şeyə – seyr etməyə başladım. Küçədə bir neçə məktəbli oğlanın oynaya-oynaya getdiyini gördüm. Məktəbə hələ nə qədər vardı, amma üst-başları çoxdan palçıq olmuşdu. Bu mənə özümün ağ corablarımı qoruyaraq necə məktəbə getməyimi xatırlatdı. Ardınca gələcəyə aid, məni xoşbəxt edəcək xəyallar gəlməyə başladı. Qəhər məni boğsa da xəyallarım o qədər gözəl idi ki, mane olmadım əvvəlcə. Universitet, qırmızı diplom, tərcüməçi peşəm…
Birdən ev qapısı açıldı və anamın, əlində vedrə tövləyə doğru getdiyini gördüm. Gülümsəməyə başladığımı və üzümdəki yaşın axdığını hiss etməmişdim.
Eh, nə isə, özümü erkən nigaha qurban getmiş bir qız kimi göstərmək istəmirəm. Mənim hekayəm başqadır.
Sinəmdə balaca “lükkültülərlə“ başlamışdı bu hekayə. Bəzən ürək döyüntüsü kimi çırpındığını hiss edirdim. Bəzən isə iynə kimi batırdı ciyərlərimə. “Bu dəfə olmayacaq“ deyə aldığım hər dərin nəfəsdə ağrı bir az da güclənirdi. Sonra adi nəfəs alma belə əziyyət verməyə başlamışdı və nəhayət ki, ağrıya dözə bilməyib, özümdə evdəkilərə “mənim ağrım var“ deyəcək cəsarət tapdım.
Atam adi bir şey eşitmiş kimi fikir vermədi və siqaretini tüstülətməyə davam etdi. Nənəm qaşlarını çatmışdı, üç-üç ayırdığı təsbehində “səbr” gəldikdən sonra təsbehi üç dəfə öpüb alnına qoydu. Bacımla qardaşım bir onlara, bir də mənə baxmağa başladılar. Axırda anam məni öz otaqlarına apardı, ilk sualı ağrının qarnımda olub, olmadığı oldu. Olmadığını deyəndə rahat nəfəs aldı, nədənsə bir az mən də rahat oldum.
Sonrakı günlər anamın bir saatdan bir “yaxşısan? ağrın var?” deməsi ilə keçdi. Heç kəs bildirməsə də, əslində cavaba qulaq kəsildiklərini hiss edirdim. Onlara həqiqətən yaxşı bir cavab vermək istəyərdim, amma yaxşı cavab olmayacaqdı. Anam bu tərəfdən ümidini üzdü və ilk getdiyimiz yer kənd poliklinikası oldu. Ümumiyyətlə, ailəmin xəstəliyimi müalicə etmək üçün atdığı addımları bir cümlə ilə ifadə etsəm, o cümlə belə olar: “Daha az xərc və daha az söz-söhbətlə bu işi həll etmək”. Çünki ciddi bir xəstəlik bizim kənddə güclü meşə yanğını kimi söz-söhbətə səbəb olacaq, bu da gələcəkdə, hətta sağalsam belə ərə getməyəcəyimə gətirib çıxaracaqdır. Ətrafımda bu taleyi yaşamış bir neçə qız tanıyırdım. Həm də çox pul getməməliydi çünki… Çünki mən sadəcə qız idim. Bu yer, qız uşaqlarının ən azı 3 oğlan uşağından sonra, bəlkə arzulanacağı bir yerdir. Əgər buna şans demək olarsa, artıq qızlar bu şansı belə itirir, çünki qocaların diliylə desək “indi dolanmaq olmur, sovet vaxtı bundan yaxşıydı”.
Həyatımın film çarxı kimi ətrafımda döndüyü bu pəncərədə fikirləşməli çox şeyim oldu və hələ də var. Özümü “mən bu vaxta kimi belə bir yerdə necə sağ qalmışam?“ deyə fikirləşməkdən saxlaya bilmirəm. Əslində tutarlı bir neçə cavab tapmışam. Birincisi, mən kimin sağ qalmalı, kimin öldürülməli olduğunu təyin edən, o “UZİ” adlanan aparatın kəndimizə gəlib çıxmadığı doxsanınıncı illərdənəm. Ya da söz-söhbətin olmaması, anamın doğa bilməsini sübut edib yerini bərkitməyi, atamınsa dölləndirməyi bildiyini təsdiqləməsi üçün vacib olan birinci uşağam.
İkincisi, mənim əsas səbəblərdən biri saydığım – adımın Məleykə olması səbəbidir. Bu adın heç bir xüsusiliyi olmaya bilər, amma mənim üçün bu evdə, bu adın qoruyucu bir xüsusiyyəti var. Nənəm öz adını məndə yaşadır və bəzən “mənim doğulduğuma sevinən bir insan varsa, o da nənəmdir“ fikirləşirəm. Sevdiyinə görə… Bəlkə… Amma daha çox adını daşıdığıma görə. Mənə “sən mənsən” deyir hərdən. “Məleykəsən“. “Öləndən sonra məni sən yaşadacaqsan.” deyir. İndi bu cümlə üzümdə acı bir gülüş doğurur. Adım, valideyinlərim tərəfindən daha az döyülməyimə, daha az ağır iş görməyimə, amma ən əsası rahatca oturub dərslərimi öyrənməyimə şərait yaradırdı. Ərköyün nənə uşağı deyiləm. Adım Məleykə olsa da qardaşımın yerini əlindən almağa gücüm çatmaz, bunu heç istəmirəm də. İstədiyim şey sağalmaq və o xəyallarımı gerçəkləşdirməkdir.
Yenə qapı açıldı və bacım əlində süpürgə bayıra çıxdı. Bağladığı hicaba heç cür öyrəşə bilmirdi və barmağı ilə pırtlamış saçlarını içəri salırdı. Mənim belə bir problemim yoxi di, düzünü desəm içəri dürtməyə saçım qalmamışdı.
Hicabı mənə görə taxırdıq. İranda aldığım birinci kimya terapiyasının təsirini gizlətmək üçün, həm də kənddə söz-söhbət düşməsin deyə. Nənəm sağalacağımdan əmin idi, başqa cür ola bilməzdi. Məleykə Məleykəydir. Sağ qalmalıydı, ölə bilməzdi. Amma mən nənəm kimi mərd qadın deyildim axı. Ərini cavan vaxtında itirmiş, adına ləkə gəlmədən üç uşaq böyütmüş, həyatın hər üzünü görmüş, o hökümlü qadın deyildim mən.
Anam tövlənin qapısında göründü və bacımı səslədi. Bacım süpürməyi yarıda qoydu, gedib vedrəni ondan alıb mətbəxə apardı. Bu işi əvvəl mən görürdüm, amma indi digər bir çox iş kimi bu da bacım və anam arasında bölüşdürülüb.
Az sonra atam çıxdı və yuxulu-yuxulu çarhovuza tərəf getdi. Yerimdə qurcalandım, oturuşumu düzəltdim, amma atam çoxdan idi ki, məni görmürdü, ya da görmək istəmirdi.
Atam daim qaşqabaqlı, sərt xasiyyətli adam idi. Güldüyünü heç görməmişdim. Ən azı bizim aramızda heç gülməzdi. Bir-iki dəfə qardaşımla həyətdə oynayanda, bir neçə dəfə də qardaşımın küçədən öyrəndiyi söyüşləri üzünə söyərkən güldüyünü görmüşdüm. Atam uşaqlara söyüş öyrədən, sonra bu söyüşləri onların ağzından təmizləyə bilməyən, amma bundan da dəlicəsinə zövq alan insanlardan idi. Hə, bir də yalandan gülürdü axır vaxtlar. Bu gülüşlər adətən “a yox ee, nə xəstəlik, bir az nasazlanıb, vəssalam” cümlələrindən sonra qonşularımızı susdurmaq üçün olardı.
Bu günlərdə kefi lap pozulmuşdu. İrandan təzəcə gəlmişdik və əlimizdə uzun bir dərman siyahısı vardı. Hər şeyə qışqırırdı, adi bir şeydən dava salırdı və nənəm gəlmiyincə səsi kəsilmirdi. Belə anlarda ümidimi, ümumiyyətlə yaşamaq eşqimı güclə saxlaya bilirdim. Çünkü bilirdim ki, qırdığı hər qabın, söydüyü hər söyüşün səbəbkarı mənəm.
Günlər keçir, yola düşmək vaxtına az qalır. “Lükkültüm“ susub, amma sadəcə susub. Heç yerə getmədiyini, bəlkə də heç getməyəcəyini bilirəm. Amma həkim “sağalmağına ümid var“ demişdi. Atamı dərd götürmüşdü və bilirdim ki, nənəm otaqda olmasaydı, atam bunu vecinə almayacaq, evdəkilərə də “sağalmazdır“ deyib, bir də bura gəlməyəcəkdik.
Kaş ki, elə o cür olaydı.
***
Yenə burda, yenə bu pəncərə qarşısında oturmuşam. Film çarxı yenə fırlanır, amma indi daha yavaşdır. Hələ də xəstəliyimin adını bilmirəm və düzünü desəm, artıq bu məni o qədər də maraqlandırmır. Pisə doğru getdiyim dəqiqdir, bunu özüm də hiss edirəm. İrana gedişlərimizin sayını itirmişəm. On dördüncüdən sonra saymağı buraxdım, ailəmin əziyyətinə görə utanmışdım. Ən çox da onlara yazığım gəlir. Xəbərim bütün kəndə yayılıb. Nə etdilərsə, qarşısını ala bilmədilər. Anam hələ də bunun necə baş verdiyini anlamağa çalışır. Daha çox, bu günlərdə axır ki, komandirlə danışıb oğlunu “peç tapittəməyə“ saldırmağın sevincini yaşıyan Sevda xaladan şübhələnirdi. Bizə tez-tez gəlib gedirdi və fürsət düşdükcə vergül gözləriylə məni süzürdü. Lakin ya Sevdaydı, ya başqası – bunun bir fərqi var idimi?
Tövlədəki mal-qara, qızıllarımız və borclar – hamısı damarlarımda idi və sözdə məni sağaltmaq üçün axırdı. Axırıncı gedişimiz elə axırıncı idi. Çurt-yurt olduğumuza görə yox, hansısa ümidsiz cavablara görə. Mənə deməsələr də, cavablarımın pis olduğunu bilirdim… Əşi nə isə, başqa hər şey kimi bu da vecimə deyil artıq.
Dərin bir nəfəs aldım. Bunu etməməyi unutmuşdum bir anlıq, ona görə də ağrıdan sızıldadım. Yenə də mümkün qədər rahatlaşıb, baxmağa davam etdim.
Bu an ölüm səssizliyi bürümüş evimizdə telefonumuzun əsəblərə toxunan “vıjıltılı“ səsi dalğalandı. İki dəfə də çaldı və bacımın dəstəyi qaldırıb, həvəssizcə cavab verdiyini eşitdim. Biraz şablonlarla hal-əhval soruşduqdan sonra bacımın sevincək səsi gəldi:
-Aaa nə yaxşı. Çox sevindim. Ana, ana! Leyla əmigəlninin uşağı olacaq.
Bunu eşidib mən də sevindim. Qalxıb telefona yaxınlaşmaq, təbrik etmək istədim. Tahir əmimlə Leylanın uşaqları olacaqdı. İllər əvvəl evimizi tərk edib getmişdilər, çünkü əmim qardaşları kimi deyildi. Nənəmin hörmətini saxlasa da, ona tabe olmayıb öz həyatını yaşayırdı. Bir qızları var idi, evi ona görə tərk etmişdilər, çünkü nənəm “bu evdə qalacaqsansa, mən deyən olmalıdır, oğlan uşağı olmalıdır vəssalam” demişdi, Leylanı heçə sayıb, hökümlü baxışlarını əmimə dikərək.
Qonaq otağına çatmışdım ki, nənəmin qapısının cırıltıyla açıldığını eşitdim. Bacım donub qaldı, hər halda bərk qışqırdığına görə danlaq eşidəcəyini düşündü, amma “telefonu bura ver görüm” dedi nənəm. Bacım telefonu anamdan alıb, nənəmə verdi. Hər üçü nənəmin otağına çəkildilər. Mənim gəldiyimi heç biri görmədi. Divarları tuta-tuta gedəndə nənəmin səsini eşidə bilirdim.
-Təbrik edirəm qızım, oğlum hardadır, ver görüm ona. Eybi yoxdur gələndən sonra özüm təbrik edərəm. Özünə diqqətli bax, “uje” neçə vaxtdır?
Bir anlıq sakitlik oldu və ardınca “dörd ay?” dedi nənəm. Artıq qapıya çatmışdım və aralıq qapıdan nənəmin, qaşları çatılmış üzünü görə bilirdim.
Dörd ay doğrudan da uzun müddət idi və nənəm bunu çox güman ki, hörmətsizlik kimi qəbul edəcəkdi.
-Bax qızım olan olub, keçən keçib. Teymura da de ki, kin saxlamaq yaxşı şey deyil… Yox, yox, dayan qızım, sözümü qurtarım. Mən uşaq deyiləm, hər şeyi yaxşı başa düşürəm. Özünüz nə istəyirsiz qoy o olsun. Mən qarışmayacam. İndi nə isə… Nə olduğunu öyrənmisiz? Yenə qız olacaq? – dedi nənəm.
Nənəmin üzü güldü, bu həqiqi gülüş idi və sevinmişdi. “İnşaallah böyük qız olsun, adını da…” dedi nənəm və məni görən kimi susdu. Mən yorğun üzümdə sevincimi saxlamağa çalışdım, o da deməyə başqa bir söz axtardı. Nəhayət “Mən qoyacağam” deyib heç nə olmamış kimi üzünü çevirdi.
Nənəm ad qoymağa həvəsli adam deyildi. Dediyinə görə ömründə bir dəfə ad qoymuşdu, o da mənim adım. Bilmirəm necə, amma bunu bir də etməyəcəyini bilirdim. Adını yaşatmaq arzusunu həyata keçirmişdi, amma…
Orda bir az da dayanıb, özümü qulaq asırmış kimi göstərdim. Hər şeyi anladığımı bildirib, nənəmi pis etmək istəmədim. Amma bu rolu çox uzada da bilmədim, yenə divarları tuta-tuta öz yuvama irəlilədim.
Xəstəliyimin nə olduğunu hələ də bilmirəm. Soruşanda anam boğuq səslə “keçib gedən şeydir“ deyir, o biri otağa keçir, nənəm isə “sən fikir etmə, yaxşıdır” deyir sadəcə. Amma indi hər şeyi bilirəm, nə olduğu vacib deyil, əsas nə olacağıdır. Can şirin şeydir. Açığı ümidimi hələ də itirməmişdim, amma indi, o heç vaxt olmamış kimi yoxa çıxmışdır.
Özümü daha rahat hiss edirəm. Bu ümid nə əzabverici bir şey imiş belə? Yaxşı ki getdi.
Yenə pəncərəmdə otururam. Tənginəfəs olsam da bu gülümsəməyimə mane olmur.
O günü görüb, görməyəcəyimi bilmirəm, amma yaxın vaxtlarda ikinci Məleykənin doğulacağı dəqiqdir. O qız nənəmi yaşatmayacaq, o qız məni yaşadacaq.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.